Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

TÜBİTAK-ın rəhbəri akademik İsa Həbibbəyliyə təşəkkür məktubu ünvanlayıb
08.02.2023 21:00
  • A-
  • A
  • A+

TÜBİTAK-ın rəhbəri akademik İsa Həbibbəyliyə təşəkkür məktubu ünvanlayıb

Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurasının (TÜBİTAK) rəhbəri, professor Hasan Mandal AMEA-nın prezidenti, akademik İsa Həbibbəyliyə təşəkkür məktubu ünvanlayıb.

“İlk növbədə, başsağlığı məktubunuza görə təşəkkür edirəm.

Ölkə olaraq çox pis təbii fəlakətlə üz-üzə qaldıq. Təəssüf ki, zəlzələ nəticəsində xeyli vətəndaşımız həyatını itirdi. Bundan əlavə, dağıntılar altında hələ də çoxlu vətəndaşlarımız var. Digər tərəfdən zəlzələdən sağ çıxan vətəndaşlarımız da sərt qış şəraitində çətin anlar yaşayırlar. Hazırda axtarış-xilasetmə işləri davam etdirilir. Zəlzələ bölgəsində yaşayan vətəndaşlarımıza lazımi xidmətlərin göstərilməsi üçün böyük səy göstərilir.

Yaşadığımız bu çətin dövrdə bildirmək istəyirəm ki, Azərbaycandan gələn yardım və dəstək mesajları bizim üçün xüsusi əhəmiyyət daşıyır. Fürsətdən istifadə edərək, ölkəmizə və vətəndaşlarımıza göstərdiyiniz həssaslığa görə Sizə və qardaş Azərbaycan xalqına təşəkkürümü bildirmək istəyirəm”, - deyə TÜBİTAK-ın rəhbəri, professor Hasan Mandal məktubunda vurğulayıb.

Qeyd edək ki, AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli fevralın 6-da TÜBA prezidenti, professor Müzəffər Şəkərə, Atatürk Kültür, Dil və Tarix Yüksək Qurumunun rəhbəri, professor Yüksel Ozgenə və Türkiyə Elm və Texnoloji Araşdırma Qurumunun (TÜBİTAK) rəhbəri, professor Hasan Mandala, Ankara Universitetinin rektoru, Prof. Dr. Necdet Ünüvara, 9 Eylül Universitetinin rektoru, Prof. Dr. Nükhet Hotara, Egey Universitetinin rektoru, Prof. Dr. Necdet Budaka, Elazığ Universitetinin rektoru, Prof. Dr. Fahrettin Göktaşa, Kafkaz Universitetinin rektoru, Prof. Dr. Hüsnü Kapuya, eləcə də zəlzələ bölgəsində yerləşən İskəndərun Texniki Universitetinin rektoru, Prof. Dr. Tolqa Depciyə, Hatay Mustafa Kamal Universitetinin rektoru, Prof. Dr. Veysəl Erənə, İnönü Universitetinin rektoru, Prof. Dr. Ahmet Kızılaya, Malatya Turqut Özal Universitetinin rektoru, Prof. Dr. Recep Bentliyə, Adıyaman Universitetinin rektoru, Prof. Dr. Mehmet Turquta, Qaziantep Universitetinin rektoru, Prof. Dr. Arif Özaydına, Həsən Kalyoncu Universitetinin rektoru, Prof. Dr. Türkay Dereliyə, Qəhrəmanmaraş Sütçü İmam Universitetinin rektoru, Prof. Dr. Alptekin Yasıma və Adana Universitetinin rektoru, Prof. Dr. Meryem Tuncelə qardaş ölkədə baş vermiş güclü zəlzələ ilə bağlı başsağlığı məktubları göndərib.

Məktublarda akademik İsa Həbibbəyli dəhşətli zəlzələ nəticəsində həlak olanların ailələrinə başsağlığı verib, yaralılara Allahdan şəfa diləyib, həmçinin bütün xalqımız kimi, AMEA-nın kollektivinin də türkiyəli qardaşlarımızla həmrəy olduğunu bildirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: