Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Üzvi maddələr və yüksəkmolekullu birləşmələrin texnologiyası kafedrasının müdiri, professor Fariz Əmirov, həmin kafedranın dosentləri İlqar Hacıyev, Gülnarə Əliyeva, Aidə Şahməmmədova, Nərminə Quliyeva, Xəyalə Seyidova, Zaur Ağamalıyev, eləcə də digər müəllim və əməkdaşlar Elm və Təhsil Nazirliyinin Yüksək Texnologiyalar Parkında (YTP) olublar.
Müəllim heyəti YT Parkın ərazisinə baxış keçirib, qonaqlara müasir tələblərə cavab verən iş şəraiti, yaradılmış maddi-texniki baza ilə yaxından tanış olmaq imkanı yaradılıb. Onlara, həmçinin YT Parkın ən yeni texnoloji avadanlıqlarla təchiz olunmuş Strateji Elmi Analitik Mərkəzində həyata keçirilən layihələr barədə məlumat verilib. Qonaqlar eyni zamanda, Elm və Təhsil Nazirliyi Təcrübə-Sənaye Zavodunun istehsalat sahəsində və “İntertek-Azeri LTD” MMC-nin bütün növ neft məhsullarının analiz laboratoriyasında görülən işlərlə ətraflı tanış olublar.
Müəllim heyəti texnoparkın rezidentlərinin fəaliyyəti və istehsal etdiyi texnoloji məhsullar, istehsal sahəsində olan qurğu və avadanlıqların işləmə prinsipləri barədə, eləcə də yaxın zamanda icrası nəzərdə tutulan yeni layihələr haqqında məlumatlandırılıb.
Bundan başqa, tələbələrin istehsalat və günlük təcrübələrinin aparılması, buraxılış işlərinin mövzuları və elmi işlərin aparılması ilə bağlı bir sıra məsələlər müzakirə edilib.
Müəllim heyəti Elm və Təhsil Nazirliyi Yüksək Texnologiyalar Parkında yaradılmış şəraiti yüksək qiymətləndiriblər. Görüş zamanı Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbələrinin texnoparkda təcrübə keçməsi və seçilmiş tələbələrin burada işlə təmin olunması imkanları da müzakirə olunub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.