AMEA-nın Naxçıvan Bölməsində Rəyasət Heyətinin növbəti iclası keçirilib.
İclası açan bölmənin sədri akademik İsmayıl Hacıyev əvvəlcə gündəliyə çıxarılan məsələləri iştirakçıların diqqətinə çatdırıb.
Gündəlikdəki ilk məsələ “2024-cü il üzrə illik hesabatların AMEA Rəyasət Heyətində müzakirəsinin təşkili haqqında” Azərbaycan Milli Elmlər Akademiyası prezidentinin 22 noyabr 2024-cü il tarixli sərəncamı barədə olub.
İsmayıl Hacıyev məsələ ilə bağlı danışarkən sərəncama əsasən AMEA Rəyasət Heyətində hesabat iclaslarının keçiriləcəyi tarixləri dinləyicilərin diqqətinə çatdırıb. Bölmə sədri yekun hesabatın hazırlanmasında diqqət yetirilməli məqamları xatırladıb, bəzi təklifləri Rəyasət Heyətinin müzakirəsinə təqdim edib.
Növbəti məsələ barədə çıxış edən Naxçıvan Bölməsinin elmi katibi filologiya üzrə fəlsəfə doktoru Rəşad Zülfüqarov Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun nazirlik, komitə və təşkilatların rəhbərlərinə ünvanladığı 4 noyabr 2024-cü il tarixli məktubunu oxuyub. Natiq daha sonra Azərbaycan Milli Elmlər Akademiyası prezidentinin 15 may və 23 noyabr 2024-cü il tarixli məktublarından irəli gələn vəzifələr haqqında məlumat verib. İclas iştirakçılarını AMEA-nın 2024-cü ildəki elmi və elmi-təşkilati fəaliyyəti ilə bağlı hesabatın hazırlanması üçün ümumi istiqamətverici təlimatla tanış edib.
Gündəlikdəki digər məsələlər 2025-ci ildə keçirilməsi nəzərdə tutulan beynəlxalq və respublika səviyyəli elmi və elmi-təşkilati tədbirlərin planının hazırlanmasını, “Azərbaycan Milli Elmlər Akademiyasında qış imtahan sessiyasının keçirilməsi haqqında” AMEA prezidentinin 1 noyabr 2024-cü il tarixli sərəncamını və AMEA Naxçıvan Bölməsində 2024-cü ildə aparılmış elmi-tədqiqat işlərinin yekun hesabatının keçirilməsinə hazırlığın vəziyyətini əhatə edib.
Rəyasət Heyəti “Taleyi və sənəti” seriyasından növbəti kitabın hazırlanması və “Elmi əsərlər” jurnalının 2025-ci il üzrə I nömrəsinə məqalə qəbulu məsələlərini, habelə növbəti ildə nəşri nəzərdə tutulan kitab və monoqrafiyaları müzakirə edib. Müvafiq qərarlar qəbul olunub.
Gündəlikdəki cari məsələlərin müzakirəsindən sonra iclasa yekun vurulub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.