Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

15.02.2023 17:45
  • A-
  • A
  • A+

“Məhtimqulu Fəraqi – dünya ədəbiyyatının görkəmli şairi” mövzusunda beynəlxalq elmi konfrans keçirilib

“Məhtimqulu Fəraqi – dünya ədəbiyyatının görkəmli şairi” mövzusunda beynəlxalq elmi konfrans keçirilib

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda “Məhtimqulu Fəraqi – dünya ədəbiyyatının görkəmli şairi” mövzusunda beynəlxalq elmi konfrans keçirilib. Tədbir AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu və Türkmənistan Elmlər Akademiyasının Məhtimqulu adına Dil, Ədəbiyyat və Milli Əlyazmalar İnstitutunun birgə təşkilatçılığı ilə baş tutub. Bu münasibətlə foyedə Məhtimqulu Fəraqinin yaradıcılığına və Türkmənistan mədəniyyətinə dair sərgi nümayiş etdirilib.

Beynəlxalq konfransa Türkmənistan Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Qurbanməmmet Elyasov, eləcə də Türkmənistandan olan alimlər qatılıblar.

Tədbiri giriş sözü ilə açan AMEA-nın prezidenti, Ədəbiyyat İnstitutunun baş direktoru, akademik İsa Həbibbəyli Azərbaycan-Türkmənistan əlaqələrinin tarixindən bəhs edib. O, bu əlaqələrin müstəqillik illərində daha da inkişaf etdiyini xatırladaraq qeyd olunan istiqamətdə Ulu Öndər Heydər Əliyevin xidmətlərindən danışıb. Bu gün Türkəmistan-Azərbaycan elmi-ədəbi əlaqələrinin inkişafında yeni bir mərhələnin həyata keçirildiyini deyən akademik İsa Həbibbəyli bu istiqamətdə dövlətlər səviyyəsində mühüm işlərin görüldüyünü qeyd edib. Vurğulayıb ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən imzalanmış rəsmi sənədlər qardaş ölkə Türkmənistanla dərin kökləri olan əlaqələrin çoxşaxəli inkişafı baxımından yeni üfüqlər açır.

AMEA rəhbərinin sözlərinə görə, AMEA və Türkmənistan Elmlər Akademiyası arasında qurulmuş əməkdaşlıq əlaqələrinin yeni mərhələsi çərçivəsində Azərbaycan-Türkmənistan əlaqələrinin inkişaf etdirilməsi, o cümlədən görkəmli türkmən şairi Məhtimqulu Fəraqinin həyat və yaradıcılığının öyrənilməsi baxımından əhəmiyyətli işlər görülüb, mühüm tədbirlər həyata keçirilib.

Məhtimqulu Fəraqinin zəngin ədəbi irsinin Azərbaycanda geniş tədqiq edildiyini deyən akademik İsa Həbibbəyli ölkəmizin şairin həyatı və yaradıcılığının tədqiq olunması baxımından ikinci böyük elmi mərkəz olduğunu söyləyib. Alim bildirib ki, bu istiqamətdə görülmüş işlərdən biri AMEA alimlərinin ilk dəfə olaraq Bakıda daş basmasını aşkar edib üzə çıxardıqları Məhtimqulu Fəraqinin əlyazma “Divan”ının nəşr edilməsi olub: “Bu, Məhtimqulu Fəraqinin 1913-cü ildə Buxara şəhərində daş basması üsulu ilə çap edilmiş və indiyədək naməlum qalan kitabının yeganə nüsxəsidir və şairin irsinin öyrənilməsinə AMEA-nın ən böyük töhfəsidir”.

AMEA prezidenti, həmçinin bugünkü konfransda yer alan sərginin əhəmiyyətindən bəhs edib. O, burada nümayiş olunan materialların Türkmənistan abu-havasını ölkəmizə gətirdiyini bildirib, sərgidə mühüm əsərlərin təqdim olunduğunu diqqətə çatdırıb.

Akademik İsa Həbibbəyli görkəmli mütəfəkkir Məhtimqulu Fəraqinin 300 illiyinin qeyd edilməsi ilə əlaqədar olaraq Türkmənistanda böyük şairə həsr olunmuş silsilə tədbirlərin keçirilməsinin planlaşdırıldığını vurğulayıb. Alim şairə həsr olunmuş ilk beynəlxalq tədbirin Azərbaycanda keçirildiyinə diqqət çəkərək bu baxımdan konfransın önəmini qeyd edib. Vurğulayıb ki, bugünkü konfrans da iki ölkə arasında qardaşlığın bir nümunəsidir.

AMEA rəhbəri çıxışının sonunda Məhtimqulu Fəraqinin 300 illik yubileyinə töhfə olaraq böyük mütəfəkkirin zəngin ədəbi irsi ilə bağlı ortaq monoqrafik tədqiqatın hazırlanaraq nəşr olunması təklifini irəli sürüb.

Daha sonra Türkmənistan Respublikasının ölkəmizdəki səfiri Qurbanməmmet Elyasov çıxış edərək, Azərbaycanda türkmən xalqının qüdrətli şairi Məhtimqulu Fəraqi yaradıcılığına göstərilən diqqətə görə tədbirin təşkilatçılarına minnətdarlığını bildirib.

Qurbanməmmet Elyasov Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) tərəfindən görkəmli türkmən şairi və mütəfəkkiri Məhtimqulu Fəraqinin 300 illik yubileyi münasibətilə 2024-cü ilin “Məhtimqulu ili” elan edildiyini diqqətə çatdırıb və artıq bu işə start verildiyini bildirib. O, Türkmənistanın Azərbaycandakı səfiri kimi iki qardaş ölkə arasında münasibətlərin daha da genişləndirilməsi üçün hər cür dəstəyi göstərəcəyini nəzərə çatdırıb.

Konfransda AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutundan Türk xalqları ədəbiyyatı şöbəsinin müdiri, professor Məmməd Əliyev “Məhtimqulu Fəraqi və Molla Pənah Vaqif şeirinin özəllikləri”, filologiya üzrə fəlsəfə doktoru, dosent İsmixan Osmanlı “Məhtimqulu Fəraqinin poemaları”, Nəşriyyat və proqnozlaşdırma şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Töhfə Talıbova “Məhtimqulu Fəraqi əsərlərinin müstəqillik dövrü Azərbaycan ədəbiyyatında tədqiqi məsələləri” mövzusunda məruzələrlə çıxış ediblər.

Tədbirdə, həmçinin Türkmənistan Elmlər Akademiyasının Məhtimqulu adına Dil, Ədəbiyyat və Milli Əlyazmalar İnstitutunun Lüğət, terminologiya və dil mədəniyyəti şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Ata Qılıcov, həmin institutun Xalq yaradıcılığı şöbəsinin elmi işçisi Yusup Lallakov, Müasir türkmən dili və tarixi şöbəsinin elmi işçisi Qurbanberdi Qurbangeldiyev, eləcə də Türkmənistan Mədəniyyət Mərkəzinin Dövlət Muzeyinin sərgi işlərini hazırlama şöbəsinin müdiri Aymırat Amanqılıcov, Türkmənistan Dövlət Rəssamlıq Akademiyasının Təsviri incəsənət fakültəsinin Nəqqaşlıq kafedrasının təcrübəçi müəllimi Mıratmergen Kulıyev və AMEA-nın Ədəbiyyat İnstitutunun Türk xalqları ədəbiyyatı şöbəsinin baş elmi işçisi, professor Nizami Tağısoy çıxış edərək böyük şair Məhtimqulu Fəraqinin ədəbi irsi ilə bağlı fikirlərini bölüşüblər.

AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli Türkmənistan Respublikasının Azərbaycandakı səfiri Qurbanməmmət Elyasova üzərində müasir Bakı şəhərinin təsvirləri olan rəsm əsəri hədiyyə edib.

Tədbirin sonunda türkmən milli mətbəxi nümunələri nümayiş etdirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: