AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin “3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi” və M.Ə.Sabir adına Mərkəzi Şəhər Kitabxanasının birgə təşkilatçılığı ilə Beynəlxalq Ana Dili Gününə həsr olunmuş “Mənim ana dilim - mənim kimliyim” adlı tədbir keçirilib.
Tədbiri giriş nitqi ilə Əlyazmalar İnstitutunun elmi katibi, f.ü.f.d., dosent Əzizağa Nəcəfzadə açıb. O, çıxışında gənc nəsildə vətənə, torpağa, ana dilinə məhəbbət hisslərini artırmaq, milli-mənəvi dəyərlərimizi, dilimizin saflığını qorumaq, inkişaf etdirmək və dərindən bilmək, ana dilimizə olan sevgini artırmaq məqsədilə keçirilən bu kimi tədbirlərin əhəmiyyətindən bəhs edib. Ulu Öndər Heydər Əliyevin və onun siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin ana dilimizə göstərdiyi dövlət qayğısından söz açıb. Ümummilli Liderin bu istiqamətdə imzaladığı mühüm fərman və sərəncamları yada salıb.
Sonra 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Lalə Qəti tədbirin ərsəyə gəlməsində əməyi keçən hər kəsə minnətdarlığını bildirib. Ölkəmizdə ana dilimizin təbliğinə dövlət səviyyəsində göstərilən diqqət və qayğının hələ Ulu Öndər Heydər Əliyevin sovet dövründə Azərbaycana rəhbərlik etdiyi dönəmdən başladığını, müstəqillik illərində daha planlı və qətiyyətlə həyata keçirildiyini, hazırkı dövrdə ölkə başçısı İlham Əliyevin sayəsində dilimizin ən yüksək səviyyədə təmsil olunduğunu bildirib.
Bədii hissə ilə davam edən tədbirdə “3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi”nin müxtəlif kurs və dərnəklərində məşğul olan istedadlı uşaq və gənclərinin ifasında ana dilimizə aid bədii kompozisiyalar, doğma dilimizə həsr olunmuş şeirlər və mahnılar səsləndirilib, Mərkəzin hazırladığı “Mənim ana dilim – mənim kimliyim” adlı informativ videoçarx təqdim olunub.
Bədii hissədən sonra Əlyazmalar İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri, f.ü.f.d. Aytən Quliyeva çıxış edib. O, hər bir millətin ana dilinin onun maddi və mənəvi irsini qoruyan, inkişaf etdirən ən mühüm və ən güclü vasitə olduğunu qeyd edib. Bildirib ki, hər il keçirilən Beynəlxalq Ana dili Günü hər kəsə öz doğma dilinin varlığını hiss etmək, onunla qürur duymaq, inkişaf etdirmək hüququ olduğunu bir daha xatırladır. Belə tədbirlərin gənclərin milli-vətənpərvər ruhda tərbiyəsində böyük əhəmiyyət daşıdığını vurğulayan natiq onun ərsəyə gəlməsində zəhməti keçən hər kəsə öz dərin təşəkkürünü bildirib.
Daha sonra iştirakçılar M.Ə.Sabir adına Mərkəzi Şəhər Kitabxanasının (Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 1 saylı filialı) “Beynəlxalq Ana Dili Günü” mövzusunda təşkil etdiyi kitab sərgisi ilə tanış olublar. Kitabxananın baş kitabxanaçısı Suzana Məmmədova tamaşaçıları sərgidə təqdim olunan kitablarla tanış edib, onları maraqlandıran suallara cavab verib. Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək üzvlərini əməkdaşı olduğu kitabxanaya dəvət edib.
Sonda tədbir iştirakçıları ilə Əlyazmalar İnstitutun Ekspozisiya zalında xatirə şəkli çəkilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.