Elm və Təhsil Nazirliyinin Coğrafiya İnstitutunda böyük coğrafiyaşünas alim, Azərbaycanın əməkdar elm xadimi, coğrafiya elmləri doktoru, akademik Budaq Budaqovun 95 illik yubileyi qeyd edilib.
İnstitutun baş direktoru, c.e.d. Zakir Eminov tədbiri giriş sözü ilə çıxış edərək görkəmli alimin elmi və ictimai fəaliyyətindən söhbət açıb. O bildirib ki, Azərbaycan coğrafiya elminin inkişafında müstəsna rolu olan alimlərimizi yada salmaq, ən azından, yubileylərini qeyd etməklə onların əməyini dəyərləndirmək, zəngin elmi irsini sonrakı nəsillərə çatdırmaq vacibdir. Bu baxımdan akademik Budaq Budaqovun irsinin öyrənilməsi xüsusi əhəmiyyət daşıyır. Elmi fəaliyyətinin coğrafiyanın bir çox sahəsini əhatə etdiyini vurğulayan baş direktor akademikin Azərbaycanda müasir coğrafiyanın geomorfologiya, landşaftşünaslıq və toponimika elmi məktəblərinin banilərindən olduğunu diqqətə çatdırıb. Bildirilib ki, ensiklopedik təfəkkürə malik olan akademik B.Budaqovun təşəbbüsü və rəhbərliyi ilə respublikanın ayrı-ayrı təbii regionlarında böyük və orta miqyaslı landşaft xəritələşdirilməsi aparılıb. Alim Azərbaycanda geomorfoloji xəritələşdirmə prinsiplərinin hazırlanmasının bünövrəsini qoyan ilk tədqiqatçılardan biridir. Onun Böyük Qafqazın ayrı-ayrı hissələri üçün ilk dəfə tərtib etdiyi iri miqyaslı geomorfoloji xəritələr elmə verilmiş çox böyük töhfələrdir. Geomorfoloq alimin tədqiqat apardığı müxtəlif dövrlərdə çap etdirdiyi yüzlərlə elmi məqalə, monoqrafiya və xəritələri, xüsusilə də təbii dağıdıcı proseslərə - sellərə, sürüşmələrə, zəlzələlərə, həmçinin ekoloji gərginlik problemlərinə həsr olunmuş əsərləri ölkədə yerinə yetirilən mühəndis geomorfoloji, meliorasiya, ətraf mühitin mühafizəsi, kənd təsərrüfatı işlərində dəfələrlə istifadə edilib. O, həmçinin təbiəti mühafizə və ekologiya problemləri üzrə çoxsaylı monoqrafiyaların, elmi məqalələrin müəllifidir.
Alimin elmi-pedaqoji fəaliyyəti nəticəsində 50-yə qədər coğrafiya elmləri namizədi hazırlamış, 40 ildən artıq bir dövrdə Azərbaycan Respublikasının orta məktəblərində onun “Azərbaycanın fiziki coğrafiyası” və universitetlərin coğrafiya fakültələrində “Ümumi geomorfologiya” kursu dərslikləri tədris olunub.
Akademik B.Budaqov elmi nailiyyətlərinə görə bir sıra medal və diplomlarla, eləcə də Azərbaycan Respublikasının “Şöhrət” ordeni ilə təltif olunub, Əməkdar elm xadimi fəxri adına layiq görülüb.
Sonra Landşaftşünaslıq və landşaft planlaşdırılması şöbəsinin müdiri, c.ü.f.d. Mirnuh İsmayılov akademikin həyat və fəaliyyəti barədə “Akademik B.Ə.Budaqov - 95” adlı məruzə ilə çıxış edib.
İnstitut əməkdaşları coğrafiya elmləri doktorları Rza Mahmudov, Səid Səfərov, Nəriman Paşayev, Yelena Tağıyeva, coğrafiya üzrə fəlsəfə doktorları Sevil Quliyeva, Ənvər Əliyev, Natiq Babayev, elmi işçi Luiza Salayeva çıxış edərək görkəmli alim haqqında xoş sözlərlə xatirələrini bölüşüblər.
Şöbə müdiri, professor R. Mahmudov B.Budaqov kimi korifey alimlərin mühüm elmi nəticələrini, fundamental nailiyyətlərini gələcək nəsillərə olduğu kimi çatdırmaq məqsədi ilə institut tərəfindən “Azərbaycan coğrafiyasının nailiyyətləri və müasir problemləri” mövzusunda kitabın hazırlanmasını təklif edib. Təklif tədbir iştirakçıları tərəfindən razılıqla qəbul edilib.
Yığıncaq bitdikdən sonra institut əməkdaşları akademik Budaq Budaqovun qəbrini ziyarət edib, məzarı üzərinə gül dəstələri qoyaraq ruhuna dualar ediblər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.