Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

24.02.2023 13:48
  • A-
  • A
  • A+

Şərqşünaslıq İnstitutunda Xocalı faciəsinin qurbanları yad edilib

Şərqşünaslıq İnstitutunda Xocalı faciəsinin qurbanları yad edilib

Fevralın 24-də AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda Xocalı faciəsinin qurbanları yad edilib.

Tədbirin əvvəlində Xocalı şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbiri giriş sözü ilə açan  AMEA-nın vitse-prezidenti v.i.e., Şərqşünaslıq İnstitutunun baş direktoru, akademik Gövhər Baxşəliyeva fevralın 26-sının Azərbaycan xalqı üçün çox ağrılı bir gün olduğunu qeyd edərək, 31 il öncə Xocalıda həyata keçirilmiş hərbi əməliyyat nəticəsində kütləvi qətliam və insanlığa qarşı zəmanəmizin ən dəhşətli cinayətlərindən birinin baş verdiyini deyib. Xocalı soyqırımının ağır nəticələri barədə danışan G.Baxşəliyeva xalqımızın bu günü böyük hüzn və kədərlə qeyd etdiyini söyləyib. Həmin hadisələrdə erməni hərbi birləşmələrinin keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının hərbi texnikasının iştirakı ilə azərbaycanlılar yaşayan Xocalı şəhərinin işğalı zamanı törətdikləri görünməmiş vəhşiliklər barədə danışan Gövhər Baxşəliyeva nəticədə dinc Xocalı sakinlərindən 613 nəfərin, o cümlədən 106 qadın və 63 uşağın şəhid olduğunu, 487 nəfərin əlil qaldığını, əksəriyyəti qocalar, uşaqlar, qadınlar olmaqla, 1275 nəfərin əsir götürülərək ağlasığmaz erməni zülmünə, təhqirlərə və həqarətlərə məruz qaldığını qeyd edib.

Akademik G.Baxşəliyeva ermənilərin tarix boyu azərbaycanlılara qarşı törətdikləri soyqırımlarla bağlı Şərqşünaslıq İnstitutunda bir sıra tədqiqatların aparıldığını, kitabların nəşr edildiyini, Xocalı faciəsi barədə hazırlanan ərəb, fars və ingilis dillərində bukletlərin bir çox ölkələrdə yayıldığını, institut əməkdaşlarının bu faciə barədə dünya mediasında çoxsaylı məqalələrinin dərc edildiyini vurğulayıb.

Tədbirdə çıxış edən institutun Şərq-Qərb şöbəsinin müdiri, ilahiyyat üzrə fəlsəfə doktoru Məmmədəli Babaşlı Xocalı faciəsinin ermənilərin dinc azərbaycanlı əhaliyə qarşı törətdikləri silsilə cinayətlərin ən dəhşətlisi olduğunu deyib. M.Babaşlı Xocalı soyqırımının təşkilatçılarının Ermənistan rəhbərliyi, birbaşa icraçılarının Ermənistan Silahlı Qüvvələrinin bölmələri, Qarabağdakı erməni terror dəstələri və keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının şəxsi heyətinin üzvləri olduğunu bildirib. Şərqşünas alim Xocalı soyqırımı haqqında həqiqətlərin sistemli və məqsədyönlü şəkildə dünya ictimaiyyətinə çatdırılmasının əhəmiyyətini qeyd edib.

Şərqşünaslıq İnstitutunun Cənubi Azərbaycan şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Sübhan Talıblı ermənilərin regional və beynəlxalq güclərin hərtərəfli himayəsi ilə 1905-1907, 1918, 1920, 1948-1953, 1988-ci illərdə dəfələrlə türk-müsəlman xalqlarına qarşı deportasiya, soyqırımı və etnik təmizləmə siyasəti həyata keçirdiklərini bildirib. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının iştirakı ilə Xocalıda müasir dövrümüzün ən qanlı və dəhşətli qətliamının həyata keçirildiyini deyən S.Talıblı bu faciənin acı nəticələrindən danışıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: