AMEA-nın N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında (ŞAR) Xocalı soyqırımının 31-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.
Anım tədbirini giriş sözü ilə ŞAR-ın baş direktoru, AMEA-nın müxbir üzvü Namiq Cəlilov açaraq, 1992-ci ildə Xocalıda baş verənlərin XX əsrin sonlarında haqq mübarizəsinə qalxan xalqımıza qarşı ağlasığmaz qəddarlığı ilə seçilən və bəşər tarixində dəhşətli faciə kimi yadda qalan vəhşilik aktı olduğunu bildirib. Tarixdə müxtəlif müharibələr baş verib, lakin Xocalı faciəsi erməni separatçıları tərəfindən insanlığa qarşı törədilmiş qanlı cinayət idi. Ermənilərin Xocalıdakı caniliyini əks etdirən çoxsaylı sənədlər, tarixi faktlar göstərir ki, törədilən vəhşilik məhz soyqırımı aktıdır və beynəlxalq hüquq normalarına, insan haqlarına tamamilə ziddir. Xalqımızın mübarizə əzmini qırmaq, tarixi torpaqlarımızın bir qisminin itirilməsi ilə barışmağa məcbur etmək cəhdi kimi qiymətləndirilən bu hadisə Ümummilli Lider Heydər Əliyevin də qeyd etdiyi kimi eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir.
Sonra Şamaxı Astrofizika Rəsədxanasının Elmi əlaqələr və təşkilati məsələlər şöbəsinin müdiri, f.r.ü.f.d. Kamal Hüseynov Xocalı faciəsi ilə bağlı çıxış edib. Kamal Hüseynov bildirib ki, ermənilərin bu düşmənçilik siyasətinin tarixi kökü də tarixi keçmişə bağlanır. Ötən əsrdə düz yetmiş il ərzində müttəfiq respublika kimi sovet ideologiyasına əsasən yaxın qonşuluq prinsipləri sərgilənsə də təəssüf ki, erməni ailələrində daim türkə qarşı kin-küdurət, düşmənçilik toxumları səpilmişdi. Xocalı faciəsi bunun bariz nümunəsidir. O dövrdə dünya jurnalistlərinin faciə ilə bağlı yazdıqları məqalələrə nəzər saldıqda, qətliamı törədən cinayətkarların xatirələrini oxuduqca görürük ki, qeyd olunanlar ötən dövrlərdə yazılan əsərlərdə şərh olunmuş erməni vəhşiliyinin ssenarisi ilə eynidir.
Daha sonra tədbir rəsədxana əməkdaşlarının çıxışları fonunda davam edib. Çıxışlarda hazırda ölkəmizdə və onun hüdudlarından kənarda fəaliyyət göstərən müvafiq təşkilatların Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, cinayətkarların ifşa olunması istiqamətində həyata keçirdiyi tədbirlərdən bəhs edilib. Qeyd olunub ki, dünyanın bir çox ölkələrində Xocalı qətliamı soyqırımı kimi tanınır. Bu istiqamətdə xüsusilə də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi ilə “Xocalıya ədalət” kampaniyası çərçivəsində əhəmiyyətli işlər görülür. Fondun təşkilatçılığı ilə müxtəlif ölkələrdə erməni terrorunu əks etdirən nəşrlərdən ibarət sərgilər, foto və video materialların nümayiş olunduğu silsilə tədbirlər keçirilir.
Anım tədbirindən sonra rəsədxana əməkdaşları Xocalı Soyqırımı qurbanlarına həsr olunmuş “Ana harayı” memorialını ziyarət edərək abidənin önünə gül dəstələri qoyublar.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.