Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

02.03.2023 17:01
  • A-
  • A
  • A+

Geologiya və Geofizika İnstitutunda gənclər üçün davamlı lektoriyalara start verilib

Geologiya və Geofizika İnstitutunda gənclər üçün davamlı lektoriyalara start verilib

Elm və Təhsil Nazirliyinin Geologiya və Geofizika İnstitutunda (GGİ) gənclər və gənc tədqiqatçılar üçün mart ayından başlayaraq davamlı lektoriyalar keçiriləcək.  

Geologiya və Geofizika İnstitutunun baş direktoru, akademik Akif Əlizadə biliklərin inkişafında mühüm rol oynayan lektoriyaların əhəmiyyəti ilə bağlı həyat təcrübələrini bölüşüb, geniş maarifləndirmə işlərindən söz açıb. Alim bildirib ki, institutda hər ay təşkil olunacaq lektoriyalarda aparıcı alimlərin müxtəlif aktual problemlərə həsr olunmuş məruzələri planlaşdırılır. Bu tədbirlərdə, həmçinin təcrübəli və geniş elmi bilikləri ilə tanınan mütəxəssislərlə gənclərimizin yaxından təmas qurmalarına şərait yaradılacaq.

Keçirilmiş ilk lektoriyada GGİ-nin Çöküntü hövzələrinin geokimyası və flüid  dinamikası şöbəsinin müdiri, akademik Əkpər Feyzullayev “Müasir dünyada karbohidrogen axtarışlarının əsas istiqamətləri və perspektivləri” mövzusunda təqdimatla çıxış edib.

Məruzəçi icmal xarakterli məruzəsində  karbohidrogen resurslarının təsnifatı (ənənəvi və qeyri-ənənəvi resurslar), neftin və qazın Yer təkində toplanması, müxtəlif növ karbohidrogen ehtiyatları xassələrinin müqayisəsi, ənənəvi karbohidrogen hasilatının artırılması yolları, antiklinal tələlərdə əsas axtarışlar və digər istiqamətlər haqqında diaqram və sxemlər əsasında müfəssəl məlumat verib.

Ə.Feyzullayev məruzəsində dünyanın qabaqcıl neft hasilatçılarının təcrübəsilə Azərbaycanda neft sənayesinin durumunu müqayisəli şəkildə təqdim edib.

Xam neftin keyfiyyətindən misallar gətirən akademik Ə.Feyzullayev dünyada ağır neft və bitum ehtiyatı yataqları olan dövlətləri sadalayaraq diqqətə çatdırıb ki, Rusiya, ABŞ, Çin və Səudiyyə Ərəbistanı bu baxımdan “lider” sayılırlar. Bitumlu qumlar isə ən çox ABŞ ərazisinin payına düşür – 81,6 faiz.

“Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzi dərc etdirdiyi hesabatında belə qənaətə gəlir ki, dünyanın neft və qaz ehtiyatları tükənmir. Sadəcə olaraq, onlar getdikcə daha əlçatan olur. Eyni zamanda gələcək o qədər qeyri-müəyyəndir ki, onu planlaşdırmaq, demək olar ki, mümkün deyil”, - deyə alim təqdimatının nəticəsi olaraq diqqətə çatdırıb.

Məruzəçi təqdimatının sonunda gəlinən nəticəni açıqlayaraq bildirib ki, proqnoza görə, 2050-ci ildə neft, qaz və kömür dünyanın ən böyük enerji mənbələri olaraq qalacaq, bərpa olunan enerji mənbələri isə təxminən eyni səviyyəyə yüksələcək.

Sonda çoxsaylı suallar cavablandırılıb.

Sonra akademiklər Akif Əlizadə, Vasif Babazadə, g.-m.e.ü.f.d. Şahvələd Köçərli və başqaları alimin təqdimatını yüksək qiymətləndiriblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: