Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

03.03.2023 18:32
  • A-
  • A
  • A+

AMEA-da “Heydər Əliyev İli” çərçivəsində elmi konfrans keçirilib

AMEA-da “Heydər Əliyev İli” çərçivəsində elmi konfrans keçirilib

AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunda “Heydər Əliyevin regionun inkişaf etdirilməsi siyasəti və müasir mərhələdə Azərbaycanın regional inkişafı” mövzusunda respublika elmi konfransı keçirilib.

Tədbirdə AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli, AMEA-nın vitse-prezidenti v.i.e., akademik Gövhər Baxşəliyeva, bir sıra elmi müəssisələrin baş direktorları, elmi əməkdaşlar iştirak ediblər.

Konfransı giriş sözü ilə açan AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli 2023-cü ilin “Heydər Əliyev İli” elan olunması haqqında dövlət başçısının Sərəncamını xatırladaraq respublikamızda və ölkədən kənarda genişmiqyaslı tədbirlərin keçirildiyini, bu sahədə AMEA-nın da üzərinə mühüm vəzifələrin düşdüyünü qeyd edib. Bildirib ki, Akademiyanın müvafiq Tədbirlər planına əsasən, AMEA-nın elmi müəssisə və təşkilatlarında müxtəlif konfranslar keçirilir, nəşrlər hazırlanır. Ümumilikdə 20-dək nəşrin çapının planlaşdırıldığını vurğulayan AMEA rəhbəri 2023-2024-cü illərdə hazırlanacaq “Heydər Əliyev Ensiklopediyasının” 820 sözdən ibarət sözlüyünün layihəsinin artıq Akademiyanın Rəyasət Heyətinə təqdim edildiyini vurğulayıb. Həmçinin qeyd edib ki, cari ildə Ulu Öndər Heydər Əliyevə həsr olunmuş AMEA-nın Ümumi yığıncağı da keçiriləcək.

Şəxsiyyəti, siyasəti, dövlət idarəçiliyi ilə dünya miqyasında tanınan Ümummilli Lider Heydər Əliyevin ölkəmizin sənaye, kənd təsərrüfatı, elm, təhsil, mədəniyyət və digər sahələrdə inkişafındakı rolundan bəhs edən akademik İsa Həbibbəyli eyni zamanda Ulu Öndərin SSRİ dövründə respublikamızı gələcək müstəqilliyə hazırladığını vurğulayıb.

Hələ sovet hakimiyyəti illərində şəhərlə kənd arasındakı fərqin aradan qaldırılması istiqamətində apardığı genişmiqyaslı islahatlar nəticəsində Azərbaycanın keçmiş SSRİ-nin inkişaf etmiş respublikalarından birinə çevrildiyini deyən AMEA rəhbəri regionlarda məktəblərin, ali təhsil ocaqlarının, mədəniyyət mərkəzlərinin, sənaye komplekslərinin, elmi-tədqiqat müəssisələrinin yaradılmasının bilavasitə Heydər Əliyevin adıyla bağlı olduğunu, bu təşəbbüslər nəticəsində müasir tipli kəndlərin meydana çıxdığını, regionlarda ziyalı təbəqəsinin yaradıldığını bildirib.

Hazırda Prezident İlham Əliyevin rəhbərliyilə həyata keçirilən əsas tədbirlərdən birinin də müasir çağırışlara uyğun olaraq regionların sosial-iqtisadi inkişafına yönələn dövlət proqramları olduğunu deyən akademik İsa Həbibbəyli qeyd edib ki, bu sahədə artıq 4-cü proqram üzrə işlər davam etdirilir. Regionların inkişafına görə keçmiş SSRİ respublikalarının heç birinin Azərbaycanla müqayisə edilə bilməyəcəyini vurğulayan AMEA rəhbəri ölkəmizdə pambıqçılıq, üzümçülük, çəltikçilik, sitrusçuluq, tütünçülük, çayçılıq kimi geniş potensiala malik sahələrin intensiv şəkildə inkişaf etdirildiyini əlavə edib.

Sözügedən proseslərə elmin də öz töhfəsini verməli olduğunu və bu sahədə alimlərimizin qarşısında mühüm vəzifələrin durduğunu bildirən akademik İsa Həbibbəyli bugünkü tədbirin orijinallığı və aktuallığı ilə seçilən olduqca mühüm mövzuya aid olduğunu vurğulayaraq konfransın işinə uğurlar arzulayıb.

Sonra “Azərbaycan regionları: nəzəri-təcrübi təsnifatı və inkişaf dinamikası” mövzusunda məruzə ilə çıxış edən Tarix İnstitutunun baş direktoru, tarix elmləri doktoru, professor Kərim Şükürov müxtəlif illərdə Ümummilli Lider Heydər Əliyevin regionlara səfərlərində İlham Əliyevin iştirakının dinamikasını təqdim edərək bu səfərlərin ölkə başçısının hazırkı fəaliyyətinin təməlini qoyduğunu qeyd edib.

Prezident İlham Əliyevin “Biz neft kapitalını insan kapitalına çevirməliyik” tezisini xatırladan baş direktor müxtəlif illərə dair statistik məlumatları təqdim edərək “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” ölkə başçısının 2021-ci il 7 iyul tarixli Fərmanı ilə regionların inkişafında yeni mərhələnin başladığını, ümumilikdə 14 iqtisadi rayonu əhatə edən bu sənədin alimlərimiz tərəfindən aparılacaq tədqiqatların müəyyənləşməsində də yol xəritəsi olacağını bildirib.

Tədbirdə tarix elmləri doktoru, dosent Ədalət Qasımovun “Heydər Əliyevin regionların inkişaf strategiyası və Naxçıvan Muxtar Respublikası”, tarix elmləri doktoru, dosent Nazim Məmmədovun “Heydər Əliyev və Qarabağın sosial-iqtisadi inkişafı”, tarix elmləri doktoru, professor Mais Əmrahovun “Heydər Əliyev və Azərbaycan Respublikasının cənub-şərq bölgəsinin sosial-iqtisadi və mədəni inkişafı”, tarix üzrə fəlsəfə doktoru, dosent Tamilla Kocayevanın “Heydər Əliyev və regionlarda elmin inkişafı”, tarix üzrə fəlsəfə doktoru, dosent Nigar Axundovanın “Heydər Əliyev və bölgələrdə mədəniyyətin inkişafı” və tarix üzrə fəlsəfə doktoru Günel Aslanlının “Heydər Əliyevin regionların inkişaf siyasətinin müasir mərhələdə davamı” mövzusunda məruzələri dinlənilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: