Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏQALƏLƏR

06.03.2023 11:15
  • A-
  • A
  • A+

Nüvə enerjisi potensialı, ondan istifadənin üstün və mənfi cəhətləri

Nüvə enerjisi potensialı, ondan istifadənin üstün və mənfi cəhətləri

Müasir dövrdə enerji mənbələrinə tələbat əhəmiyyətli dərəcədə artmaqdadır. Belə ki, dünya əhalisinin sürətli artımı, sənayeləşmə prosesinin dinamik inkişafı, insanların sosial rifah halının yüksəlməsi və elmi-texniki tərəqqi paralel olaraq enerjiyə olan tələbatın da artmasına səbəb olur. Bu mənada davamlı sosial-iqtisadi inkişafın, eyni zamanda, cəmiyyətin enerjiyə olan tələbatının ödənilməsində fasiləsizliyin təmin edilməsi məqsədilə mövcud enerji mənbələrindən qənaətli istifadə ilə yanaşı, yeni və alternativ enerji mənbələrinin müəyyən edilməsi mühüm əhəmiyyət daşıyır.

Enerji mənbələri aşağıdakı kimi təsnif edilir:

1. Ənənəvi enerji mənbələri:

- Faydalı qazıntılar (neft, təbii qaz, daş kömür, yanar daşlar (slanslar) və s.).

- Nüvə və termonüvə enerjisi.

2. Qeyri-ənənəvi enerji mənbələri:

- Alternativ və bərpa olunan enerji mənbələri (günəş, külək, su, termal sular, bioenerji və s).

Nüvə enerjisindən istifadə yaxın keçmişə, keçən əsrin ortalarına (1951) təsadüf etsə də digər enerji mənbələri olan daş kömür, neft və təbii qaz kimi ənənəvi enerji mənbələrinə aid edilir. Bunun başlıca səbəbi nüvə enerjisinin xammalı olan uranın təbiətdə tükənən və məhdud sayda olması ilə əlaqədardır. Lakin nüvə enerjisinin digər ənənəvi enerji mənbələri ilə müqayisədə ən böyük üstünlüyü isə onun nisbətən ekoloji cəhətdən təmiz olmasıdır. Belə ki, digər ənənəvi enerji mənbələrindən enerji hasil edilən zaman ətrafa külli miqdarda tam və bəzən də natamam yanma məhsulları atılır. Tam yanma məhsulları içərisində karbon qazı (CO2) (ildə 2,5 mlrd.t) üstünlük təşkil edir ki, bunun da atmosferə atılması zamanı atmosferdə “istixana effekti” yaranır, bu da gələcəkdə iqlim dəyişikliklərinə səbəb olur. Belə ki, karbon qazı (CO2) istiхana effektinin yaranmasında 61% göstərici ilə ən böyük paya sahibdir. Hesablamalara görə, təkcə 2000 və 2021-ci illər ərzində iqlim dəyişikliyinə səbəb olan karbon qazı emissiyası dünya miqyasında 43% (23 641,2 mln.t - 33 884,1 mln.t) artmışdır. 1965 və 2021-ci illəri müqayisə etdikdə isə bu göstərici 3 dəfə (11 192,8 mln.t - 33 884,1 mln.t) yüksəkdir. Bu mənada digər ənənəvi enerji mənbələrinə nisbətdə nüvə enerjisindən istifadə olunması atmosferin kükürd və azot oksidləri ilə çirklənmə səviyyəsinin azalmasında, həmçinin karbon qazı emissiyasının aşağı salınmasında və beləliklə, atmosferdə istixana effektinin qarşısının alınmasında mühüm rol oynayır.

Digər tərəfdən, nüvə enerjisindən istifadə zamanı alınan enerjinin miqdarı digər eyni miqdarda götürülmüş yanacaqlardan əldə olunan enerjinin miqdarından yüz dəfələrlə çoxdur. Məsələn, 0,5 kq nüvə yanacağından əldə olunan elektrik enerjisini, daş kömür yandırılan istilik elektrik stansiyalarında istehsal etmək üçün təxminən 1000 ton yanacaq sərf edilməlidir. Buna görə də bütün təhlükəsizlik qaydaları və normativləri gözləməklə normal şəkildə istismar edilən atom elektrik stansiyalarının ətraf mühitə vurduqları ziyan digər istilik elektrik stansiyaları ilə müqayisədə xeyli azdır.

BMT-nin Atom Enerjisi uzrə Beynəlxalq Agentliyinin 2021-ci il üzrə hesabatına əsasən dünyanın 32 ölkəsində 393 818 MVt gücə malik ümumilikdə 439 ədəd nüvə reaktoru fəaliyyət göstərir. Onlardan 116 ədədi (26,4%) Uzaq Şərqi Asiyanın, 111-i (25,3%) Şimali Amerikanın, 99-u (22,5%) Qərbi Avropanın, 73-ü (16,6%) Mərkəzi və Şərqi Avropanın, 31-i (7,1%) Yaxın Şərq və Cənubi Asiyanın, 7-si (1,6%) Latın Amerikasının, 2 ədədi (0,5 %) isə Afrikanın payına düşür.

Son illər bir sıra ölkələr nüvə enerjisindən istifadəyə böyük maraq göstərməkdədir. Belə ki, ilk dəfə olaraq nüvə enerjisindən istifadə edən və ya planlaşdıran ölkələrə aşağıdakıları misal göstərə bilərik:

- Belarus Respublikasında ilk dəfə olaraq atom elektrik stansiyası 2020-ci ildə istifadəyə verilmişdir. Maliyyə dəyəri 10 milyard dollar təşkil edən “Astravets” Atom Elektrik Stansiyası ölkənin Qrodnenski vilayətinin Ostroveç şəhəri yaxınlığında yerləşir. Stansiyanın ikinci reaktoru isə 2022-ci ildə tam istismara verilmişdir.

- Birləşmiş Ərəb Əmirliklərində ilk atom elektrik stansiyası 2020-ci ildə fəaliyyətə başlamışdır. Əbu-Dabi Əmirliyinin Əl Dəfrah bölgəsində yerləşən “Bərakah” Atom Elektrik Stansiyasının 60 il ərzində istismar olunması planlaşdırılır. Beləliklə, Birləşmiş Ərəb Əmirlikləri atom elektrik stansiyası istifadə edən dünyanın 33-cü, ərəb ölkələri arasında isə birinci ölkə statusunu əldə etmişdir. Hesablamalara görə, “Bərakah” Atom Elektrik Stansiyası ölkə üzrə ümumi elektrik enerjisinə olan tələbatın 25%-ni təmin etməklə yanaşı, ildə 21 mln.t karbon qazının atmosferə atılmasının da qarşısını alacaqdır.

- Türkiyə Respublikasında isə Rusiya Federasiyasının “Rosatom” Dövlət Atom Enerjisi Korporasiyasının törəmə şirkəti olan “Atomstroyexport”la 2010-cu ildə imzalanmış müqavilə əsasında ölkənin cənubunda, Aralıq dənizi sahilindəki Mersin bölgəsində “Akkuyu” adlı ilk atom elektrik stansiyasının tikintisinə başlanılmışdır. Stansiya ümumilikdə 1,2 GVt gücə malik dörd enerji reaktorundan ibarət olacaqdır. Bununla yanaşı, gələcəkdə ikinci atom elektrik stansiyası ölkənin şimalında Qara dəniz sahilindəki Sinop şəhəri yaxınlığında, ümumi dəyəri 22-25 milyard dollar olan, dörd bloklu 4 800 MVt gücə malik “Sinop” Atom Elektrik Stansiyasının tikintisi də planlaşdırılır. Həmçinin ölkənin Marmara bölgəsində üçüncü stansiya olaraq “İynəada” Atom Elektrik Stansiyasının tikintisi də nəzərdə tutulur.

Ümumilikdə isə hazırda dünya üzrə 56 654 MVt gücə malik 55 ədəd yeni nüvə reaktorunun tikintisi həyata keçirilir. Gələcəkdə isə daha 81 ədəd yeni nüvə reaktorunun tikintisi planlaşdırılır.

Statistik göstəricilərə əsasən, dünya üzrə atom elektrik stansiyalarının ümumi istehsal gücü 2019-2020-ci illər arası 0,1%, 2020-2021-ci il üzrə isə 0,8% həcmində artmışdır. Xalis artım isə Çinin (4,2% (2019-2020) və 5% (2020-2021) payına düşür. Ümumilikdə isə Çin son illər ərzində nüvə enerjisindən istifadədə böyük və uğurlu yol qət etmişdir. Belə ki, Çin 1995-ci ilin göstəriciləri (2 188 MVt gücə malik 3 reaktor) ilə müqayisədə nüvə reakrorlarının sayını 17 dəfə artıraraq 2021-ci il üzrə 53 ədədə (50 034 MVt gücə malik) çatdırmışdır. Bu göstərcilərə görə o, Yaponiya və Rusiya Federasiyasını üstələyərək ABŞ və Fransadan sonra dünyanın üçüncü ən böyük nüvə enerjisi təchizatçısına çevrilmışdir. Lakin dünya əhalisinin təqribən 18%-ni təşkil edən 1,4 mlrd əhaliyə malik Çin üçün nüvə enerjisindən əldə olunan enerji məqbul hesab edilə bilməz. Belə ki, bu enerji mənbəyindən əldə olunan enerji ölkədaxili ümumi enerji tələbatının yalnız 5%-ni ödəmə imkanına malikdir. Bütün bu göstəriciləri nəzərə alan Çin hökuməti isə gələcəkdə enerji tələbatının ödənilməsində yarana biləcək çatışmazlıqların aradan qaldırılması məqsədilə əlavə olaraq 17 365 MVt gücə malik 17 ədəd nüvə reaktorunun tikintisini də həyata keçirməkdədir.

2021-ci ilin statistik göstəricilərinə əsasən, dünya üzrə ümumi elektrik enerjisi istehsalının 10,8%-ni nüvə enerjisindən əldə olunan elektrik enerjisi təşkil etmişdir. Dünya ölkələri üzrə ölkədaxili enerji tələbatının ödənilməsinə görə isə ən yüksək göstərici Fransaya məxsusdur. Belə ki, nüvə enerjisindən əldə olunan enerji ölkədaxili ümumi enerjinin 69%-ni (363,39 TW/s) təşkil edir. İkinci yeri isə 55% (81,13 TW/s) göstərici ilə Ukrayna tutur.

Hazırda ölkəmizdə də nüvə enerjisindən istifadə aktual səciyyə daşıyır. Belə ki, nüvə texnologiyaları və nüvə energetikası sahəsində kompleks tədbirlərin həyata keçirilməsi və respublikanın gələcək dayanıqlı inkişafının təmin olunması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 8 may 2014-cü il tarixli 442 nömrəli Sərəncamı ilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (keçmiş Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi) tabeliyində “Milli Nüvə Tədqiqatları Mərkəzi” QSC yaradılmışdır. Bu məqsədlə ölkəmizdə tədqiqat nüvə reaktorunun layihələndirilməsi işləri və müvafiq elmi tədqiqatlar aparılmaqdadır.

Lakin onu da qeyd edək ki, nüvə enerjisindən istifadənin müsbət cəhətləri ilə yanaşı, mənfi cəhətləri də mövcuddur. Belə ki, bu enerji mənbəyindən istifadə ətraf mühit və bəşəriyyət üçün real təhlükə mənbəyidir. Bunu bir sıra nümunələrlə də izah edə bilərik. Belə ki, nüvə enerjisi stansiyalarının yaxınlığında olan obyektlərin radiasiyaya məruz qalma ehtimalı çox yüksəkdir. Doğrudur, inkişaf etmiş ölkələrdə bu məqsədlə hava, qida və su nümunələri götürülərək bu prosesə mütəmadi nəzarət edilir. Çünki nüvə enerjisi əldə edilərkən əmələ gələn radioaktiv tullantıların etibarlı, həm də iqtisadi cəhətdən sərfəli üsulla zərərsizləşdirilməsinin böyük əhamiyyəti vardır. Lakin bu yanaşmanı nüvə enerjisi istehsalçısı olan bütün ölkələrə şamil etmək düzgün olmazdı. Belə ki, bura Ermənistanda istismar müddətini başa vurmuş və ağır qəzalı vəziyyətdə olmasına rəğmən, hələ də fəaliyyət göstərən “Metsamor” Atom Elektrik Stansiyasını misal göstərə bilərik.

Bundan əlavə, atom enerjisi istehsalı üçün xammal rolunu oynayan uran ehtiyatlarının təbiətdəki məhdudluğu bu enerji növünə olan ümidləri xeyli azaldır. Doğrudur, okean sularında həll olmuş halda 70-dən çox kimyəvi elementdən biri kimi uran ehtiyatı da xeyli çoxdur. Belə ki, hesablamalara görə, hər 1 m3-ə təxminən 3 mq uran əldə etmək mümkündür. Okeanların ümumi həcminin təqribən 1,37 mlrd. km3 olduğunu nəzərə alsaq, okean sularında ümumilikdə təxminən 4,5 milyard ton uran olduğu qənaətinə gələ bilərik. Mövcud resursun yarısını əldə edə biləcəyimizi fərz etsək, qazanılmış uran ehtiyatı ilə təqribən 6 500 illik 3 000 GW gücə malik nüvə enerjisinə olan tələbatımızı ödəyə bilərik. Lakin hələlik bu ehtiyatlardan istifadə həm iqtisadi cəhətdən əlverişli hesab edilmir, həm də texnoloji baxımdan məqbul sayılmır. Belə ki, 2002-ci ildə Yaponiya Atom Enerjisi Tədqiqat İnstitutundan bir qrup tədqiqatçının xüsusi avadanlıqlar vasitəsilə Sakit okean sularında 240 gün ərzində apardıqları praktiki araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, okean sularından uranın əldə edilməsi məqsədilə sərf olunan maliyyə xərcləri uranın faktiki qiymətindən üç dəfə yüksəkdir.

Digər tərəfdən, təbiətdə baş verən təbii fəlakətləri və texnogen qəzaları da nəzərə alsaq, görərik ki, baş verə biləcək hər hansı qəza zamanı ətraf mühitə radioaktiv maddələrin yayılması böyük fəlakətlərə səbəb ola bilər. Belə ki, dünya atom energetikasının inkişaf tarixi məhz atom elektrik stansiyalarında baş verən üç böyük miqyaslı qəza ilə “ləkələnmişdir”. Bu qəzalardan birincisi 28 mart 1979-cu ildə ABŞ-ın “Three Mile Island” Atom Elektrik Stansiyasında, ikincisi 26 aprel 1986-cı ildə Ukraynanın “Çernobıl” Atom Elektrik Stansiyasında, üçüncüsü isə 11 mart 2011-ci il tarixdə Yaponiyanın “Fukusima-1” Atom Elektrik Stansiyasında baş vermişdir. Məhz bu kimi qəzalar onu göstərir ki, heç bir ölkə, hətta inkişaf etmiş ölkələr belə bu kimi bədbəxt hadisələrin təkrarlanmasından sığortalanmamışdır.

Atom elektrik stansiyalarında yaşanan bu kimi ağır qəzalar nəticə etibarı ilə bu enerji mənbəyindən istifadəyə əsaslı surətdə mənfi təsir göstərməklə, onun heç də uğurlu alternativ enerji mənbəyi olmadığını sübut etdi. Təkcə Yaponiyada baş verən Fukusima faciəsindən sonra əhalinin kəskin etirazları ilə qarşılaşan Almaniya federativ hökuməti əsaslı təmir və yenidənqurma işlərinin həyata keçirilməsi məqsədilə 31 may 2011-ci ildən 2022-ci ilədək ölkədəki nasaz vəziyyətdə fəaliyyət göstərən 17 nüvə reaktorunun fəaliyyətini dayandırmaq qərarına gəldi. Avropa İttifaqı daxilində keçirilmiş ümumi sorğu isə onu göstərir ki, Avropa əhalisinin 70%-i nüvə enerjisindən istifadənin əleyhinədir və onun yaratdığı risklərin üstünlüklərinə nisbətdə daha çox olduğu qənaətindədirlər.

BMT-nin Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin 2021-ci il üzrə hesabatına əsasən, gələcəkdə bu kimi faciələrin bir daha yaşanmaması məqsədilə bu günə qədər dünyada ümumilikdə 97 556 MVt gücə malik 202 ədəd istismar müddətini başa vurmuş nüvə reaktorlarının fəaliyyəti dayandırılmışdır. Bu sırada ilk yerləri ABŞ (41 əd./19 976 MVt), Böyük Britaniya (35 əd./7 270 MVt), Almaniya (30 əd./22 180 MVt), Yaponiya (27 əd./17 119 MVt) və Fransa (14 əd./5 549MVt) tutur.

Eyni zamanda qəza halları riskinin olması ilə yanaşı, nüvə enerjisinin əldə edilməsi zamanı işlənmiş yanacağın zərərsizləşdirilməsi məsələsi də indiyədək öz həllini tapmayan açıq məsələ olaraq qalmaqdadır. Belə ki, elmi tədqiqatlara əsasən, radiaktiv nüvə tullantıları təxminən 25 000 il aktiv qalır ki, bu cür tullantıların da təhlükəsizliyi və düzgün şəkildə saxlanılması prosesinin təşkilinə ciddi nəzarət edilməsi olduqca zəruridir.

Coşqun MƏMMƏDOV

AMEA Rəyasət Heyətinin elmi katibi

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: