Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

06.03.2023 14:20
  • A-
  • A
  • A+

İdarəetmə Sistemləri İnstitutunda Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş elmi sessiya keçirilib

İdarəetmə Sistemləri İnstitutunda Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş elmi sessiya keçirilib

Elm və Təhsil Nazirliyinin İdarəetmə Sistemləri İnstitutunda (İSİ) Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr edilmiş elmi sessiya keçirilib.

Tədbirdə institutun rəhbərliyi, şöbə və laboratoriya müdirləri, gənc alim və mütəxəssislər iştirak ediblər.

Əvvəlcə İSİ əməkdaşları tərəfindən hazırlanan Ulu Öndər Heydər Əliyevin siyasi fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş olunub.

Tədbiri giriş nitqi ilə açan İSİ-nin baş direktoru, akademik Əli Abbbasov müasir Azərbaycan dövlətinin memarı və qurucusu Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda informasiya texnologiyalarının inkişafına göstərdiyi xüsusi diqqət və qayğıdan söz açıb, dahi şəxsiyyətlə bağlı xatirələrini bölüşüb. Akademik təkcə Azərbaycanda deyil, ümumilikdə SSRİ məkanında yüksək iradəsi, uzaqgörən siyasəti ilə seçilən Ümummilli Liderin həyatı və siyasi fəaliyyətinin müxtəlif mərhələlərini ətraflı şəkildə xarakterizə edib.

Ə.Abbasov bildirib ki, Ulu Öndərin təşəbbüsü ilə ötən əsrin 60-80-ci illərində Elmlər Akademiyasında, ali təhsil müəssisələrində və sahə institutlarında elektronika, avtomatika və hesablama texnikası üzrə istedadlı alimlər və təcrübəli mütəxəssislər yetişdirildi, elektron avadanlıq istehsal edən zavodlar tikildi. Kibernetika İnstitutu (indiki İdarəetmə Sistemləri İnstitutu), Kosmik Tədqiqatlar Mərkəzi, İnformasiya-Kommunikasiya Elmi Mərkəzi, “Neftqazavtomatika” və digər elmi-tədqiqat müəssisələri yaradıldı. Sözügedən dövrdə “AZON”, “NORD” elm-istehsalat birlikləri, Radiozavod, elektron hesablama maşınları zavodu, “Peyk”, “Ulduz” kimi nəhəng istehsalat kompleksləri tikilib istifadəyə verildi, respublikada yeni və əlverişli sənaye sahəsi təşkil olundu. Elmi-tədqiqat institutlarının nəzdində yaradılan “Tellur”, “Kibernetika” və digər xüsusi konstruktor büroları fəaliyyət göstərməyə başladı. Ölkənin qabaqcıl ali təhsil müəssisələrində İKT üzrə mütəxəssislər hazırlanması üçün maddi-texniki baza yaradıldığını bildirən Ə.Abbasov Azərbaycanda Heydər Əliyev tərəfindən “Universitet-İqtisadiyyat və Hökumət” üçqat spiral modelinin uğurla həyata keçirildiyini qeyd edib.

Ə.Abbasov Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi dövrdə ölkədə rabitə, informasiya texnologiyaları, kosmik tədqiqatlar və digər sahələrdə sürətli inkişaf baş verdiyini, istehsalat birliklərinin, elmi tədqiqat müəssisələrinin əsasının qoyulduğunu vurğulayıb. Ulu Öndərin təşəbbüsü ilə regionlarda ali təhsil ocaqlarının təsis olunduğunu, elmin kommersiyalaşdırılması istiqamətində mühüm addımlar atıldığını bildirən akademik Azərbaycan təhsilinin hüdudlarının genişləndirilməsi, hərbi məktəblərin açılması barədə ətraflı məlumat verib. 

Sonra İSİ-nin icraçı direktoru, AMEA-nın müxbir üzvü Əminağa Sadıqov “Heydər Əliyev irsi: elm və təhsil” mövzusunda məruzə edib. Qeyd edib ki, fitri idarəetmə istedadı, dərin zəka, müdriklik, cəsarət və humanizm kimi yüksək keyfiyyətlərə malik Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində ölkənin uğurlu daxili və xarici siyasi kursu müəyyənləşdirildi, yeni neft strategiyasının əsası qoyuldu, Azərbaycan dünyanın qabaqcıl ölkələrindən birinə çevrildi. Bildirib ki, siyasi təcrübəsində hər zaman elmin ən yeni nailiyyətlərindən faydalanan Ulu Öndər müxtəlif elmi və mədəni sahələrin inkişafı ilə bağlı məsələlərin həllinə yüksək həssaslıqla yanaşaraq cəmiyyətin tərəqqisini məhz elm və təhsilin inkişafı ilə əlaqələndirirdi.

Heydər Əliyevin ikinci dəfə ölkə rəhbərliyinə qayıtdıqdan sonra Azərbaycanın yeni inkişaf mərhələsinə qədəm qoyuğunu vurğulayan Ə.Sadıqov Ulu Öndərin Bakıda ilk görüşlərindən birini məhz Milli Elmlər Akademiyasında alimlərlə keçirdiyini, akademiyanın inkişafı üçün taleyüklü qərarlar qəbul etdiyini bildirib. Alim qeyd edib ki, “Təhsil millətin gələcəyidir” deyən Ulu Öndər 1993-2003-cü illərdə də ölkəmizdə bu sahənin inkişafına xüsusi diqqət göstərib, Azərbaycanın təhsil sistemi təkmilləşdirilib, məzmunca yenilənib və dünya təhsil sisteminə inteqrasiyası üçün geniş imkanlar yaradılıb.

Daha sonra İSİ-nin laboratoriya müdiri, AMEA-nın müxbir üzvü Qorxmaz İmanov “Heydər Əliyev müstəqil Azərbaycanın sosial-iqtisadi inkişafının banisidir” mövzusunda məruzə edib. Bildirib ki, dahi şəxsiyyət Heydər Əliyev Azərbaycanın hərtərəfli inkişafını, əhalinin rifah halının yaxşılaşdırılmasını, bütövlükdə müstəqilliyin təməlini məhz ölkənin sosial-iqtisadi dirçəlişi ilə şərtləndirirdi. Q.İmanov bildirib ki, böyük siyasətçi Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə 20 sentyabr 1994-cü ildə Bakı şəhərində Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarının birgə istismarı ilə bağlı neft hasilatı üzrə ixtisaslaşmış, yüksək nüfuza malik dünya dövlətlərini təmsil edən 12 iri neft şirkəti arasında beynəlxalq müqavilə imzalandı. “Əsrin müqaviləsi” adlandırılan və ökəmizin iqtisadi inkişafında əvəzsiz rol oynayan bu tarixi sənədin imzalanması ilə Azərbaycanın yeni neft strategiyası uğurla həyata keçirilməyə başlandı. Məhz bu müqavilədən sonra dünya dövlətlərinin Azərbaycan iqtisadiyyatına marağı artdı, ölkəmizin beynəlxalq əlaqələrinin genişlənməsinə güclü təkan verildi.

Tədbirdə AMEA-nın müşaviri, akademik Telman Əliyev çıxış edərək dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycanda informasiya texnologiyalarının, elm və təhsil müəssisələrinin inkişafına göstərdiyi mühüm diqqət və qayğıdan söz açıb. Alim Azərbaycanda rabitənin, elektron avadanlıqlar və informasiya texnologiyaları sektorunun inkişafının, elektron dövlət sisteminin əsasının məhz Ulu Öndər tərəfindən qoyulduğunu bildirib. Ötən əsrin 70-80-ci illərində elektronika, avtomatika və hesablama texnikası üzrə istedadlı alim və mütəxəssislər yetişdirildiyini, elektron avadanlıq istehsal edən zavodlar tikildiyini, elmi-tədqiqat müəssisələri yaradıldığını qeyd edib.

Tədbirin sonunda İSİ-nin şöbə müdiri, t.ü.f.d. Tofiq Babayev müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin siyasi kursu və infomatika elminin inkişafına göstərdiyi diqqət və qayğıdan bəhs edib, xatirələrini bölüşüb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: