Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

06.03.2023 17:23
  • A-
  • A
  • A+

Əlyazmalar İnstitutunda “Cəmiyyətin inkişafında qadın” mövzusunda elmi sessiya keçirilib

Əlyazmalar İnstitutunda “Cəmiyyətin inkişafında qadın” mövzusunda elmi sessiya keçirilib

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda “Heydər Əliyev İli” çərçivəsində və 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə institutun Türk dünyası əlyazmalarının tədqiqi və Türkdilli əlyazmaların tədqiqi şöbələrinin birgə təşkilatçılığı ilə “Cəmiyyətin inkişafında qadın” mövzusunda elmi sessiya keçirilib.

Öncə 5 mart 2023-cü il tarixində qeyri-qanuni erməni birləşmələrinin törətdikləri təxribat nəticəsində şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçularının və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən həmvətənlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş nitqi ilə Əlyazmalar İnstitutunun Türk dünyası əlyazmalarının tədqiqi şöbəsinin müdiri, fil.e.d., dosent Aygül Hacıyeva açaraq sessiya iştirakçılarını və qonaqları salamlayıb. O, çıxışında Azərbaycan qadını, onun zəkası, müdrikliyi, cəmiyyətin inkişafı və idarəçiliyində fəal iştirakından danışıb və sözü məruzəçilərə verib.

Əlyazmalar İnstitutunun Türkdilli əlyazmaların tədqiqi şöbəsinin aparıcı elmi işçisi, tarix ü.f.d., dosent Aynur Hacıqədirli “Ulu Öndər Heydər Əliyevin elm siyasəti” mövzusunda etdiyi məruzədə Ümummilli Liderin Azərbaycan elminin inkişafına verdiyi töhfələrdən danışıb, məhz onun respublikamıza rəhbərlik etdiyi illərdə Azərbaycan qadın alimlərinin elmdə əldə etdiyi uğurlardan söhbət açıb, Ulu Öndərin təşəbbüsü və xüsusi sərəncamları ilə görkəmli qadın alimlərimizə yüksək fəxri adların, dövlət mükafatları və təltiflərin təqdim olunması barədə məlumat verib.

Əlyazmalar İnstitutunun Türk dünyası əlyazmalarının tədqiqi şöbəsinin böyük elmi işçisi Tahirə Əliyeva “Ürəklərə nur verən alim qadın, müdrik ana – akademik Zərifə Əliyeva” mövzusunda məruzə edib. O, akademik Zərifə Əliyevanın Azərbaycanda oftalmologiya elminin inkişafında müstəsna xidmətlərindən, bu sahədə elmi fəaliyyətindən – dissertasiyalar, monoqrafiyalar və çoxsaylı elmi məqalələrin müəllifi olmasından danışıb, yüksəkixtisaslı səhiyyə kadrlarının hazırlanmasına sərf etdiyi böyük əməkdən, ictimai və xeyriyyəçilik fəaliyyətindən söhbət açıb.

Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin direktoru, professor Sevinc Əliyeva “Mədəni irsimizin qorunmasında Mehriban Əliyevanın rolu” adlı məruzəsində Azərbaycan dövlətçiliyi tarixində ilk dəfə olaraq “Birinci Xanım” statusunu alan, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, Yeni Azərbaycan Partiyası sədrinin birinci müavini Mehriban Əliyevanın Azərbaycanın milli-mədəni irsinin qorunmasında və beynəlxalq səviyyədə tanınmasında rolu, onun mədəniyyət, incəsənət, idman, multikulturalizm, xeyriyyəçilik sahəsində gördüyü mühüm işlərdən bəhs edib.

Tədbirdə, həmçinin Əlyazmalar İnstitutunun Türkdilli əlyazmaların tədqiqi şöbəsinin müdiri, fil.ü.f.d., dosent Lamiyə Rəhimova “Klassik ədəbiyyatın oxşar taleli iki qadın şairəsi”, həmin şöbənin aparıcı elmi işçisi, fil.ü.f.d., dosent Aybəniz Rəhimova “Dini qəhrəmanlıq yazılı dastan abidələrində cəngavər qadın obrazı”, elmi işçisi Jalə Rüstəmova “Əlyazmalar İnstitutunun tədqiqatçı qadınları”, institutun Türk dünyası əlyazmalarının tədqiqi şöbəsinin aparıcı elmi işçisi, fil.ü.f.d., dosent Nəzakət Məmmədli “Təsəvvüfdə qadın mürşidlər” mövzusunda məruzələrlə çıxış ediblər.

Elmi sessiyada son məruzəni Əlyazmalar İnstitutunun Türk dünyası əlyazmalarının tədqiqi şöbəsinin müdiri, fil.e.d., dosent Aygül Hacıyeva edib. O, “Azərbaycan mədəniyyətinin inkişafında qadınların rolu” adlı məruzəsində ölkəmizin görkəmli qadın şair, yazıçı, rəssam, heykəltəraş, bəstəkar, musiqiçi, aktyor, rejissor, teleaparıcısı və s. haqqında ətraflı məlumat verib, onların Azərbaycan mədəniyyətinin inkişafına verdiyi misilsiz töhfələrdən danışıb.

Elmi sessiya məruzə ətrafında çıxışlarla davam edib.

İnstitutun elmi katibi, fil.ü.f.d., dosent Əzizağa Nəcəfov və Şəxsi arxivlərin tədqiqi şöbəsinin elmi işçisi Xanım Mehdixanlı çıxışlarında Azərbaycan qadınının özündə ənənələri, innovativliyi, intellekti və sosial aktivliyi cəmləşdirdiyini qeyd edib, qadınlarımızın igidliyi, qorxmazlığı, mübarizliyi və vətənpərvərliyini xüsusilə vurğulayıblar. Bildiriblər ki, Azərbaycan qadınının fəaliyyəti Azərbaycan xalqının milli-mədəni ənənələrinin qorunub saxlanılması və zənginləşdirilməsinə xidmət edib, ölkəmizdə baş verən siyasi, iqtisadi və mədəni proseslərin inkişafında silinməz izlər qoyub.

Sonda Aygül Hacıyeva elmi sessiyada iştirak edən hər kəsə dərin minnətdarlığını bildirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: