Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏQALƏLƏR

Fədakarlığı örnək qadınlarımız
03.03.2023 15:30
  • A-
  • A
  • A+

Fədakarlığı örnək qadınlarımız

Türk milli kimliyi həmişə qadına yüksək dəyər verib. Hazırda ölkəmizdə 8 Mart Beynəlxalq Qadınlar Günü kimi dövlət tərəfindən rəsmən qeyd edilir və iş günü deyil.

Bu bayram Azərbaycanın milli bayramı olmasa da, artıq qəbul edilmiş bayramlardan hesab edilir. Əksəriyyətimiz bu bayramı uşaqlıqdan üzü bəri mahiyyətinə varmadan qeyd etmişik. Sonralar bilmişik ki, 8 martın kökü 1857-ci ildə ABŞ-ın Nyu-York şəhərində geyim sektorunda çalışan qadınların etiraz aksiyasına gedib çıxır. 1910-cu ildən isə Klara Setkinin təşəbbüsü ilə bu gün bayram kimi qeyd olunur.

Bu o vaxtlar idi ki, həmin dövrdə Azərbaycanda və digər türk-müsəlman ölkələrində ziyalılar qadın hüquqlarının müdafiəsinə qalxmış, mövzu ilə bağlı əsərlər yazmışdılar. Nəticə özünü çox gözlətmir və 28 may 1918-ci ildə elan olunan Azərbaycan Xalq Cümhuriyyəti türk-islam dünyasında ilk dəfə olaraq qadınlara seçmək və seçilmək hüququ verir. SSRİ-də isə Ali Sovetin Rəyasət Heyətinin  8 may 1965-ci il fərmanıyla  Beynəlxalq Qadınlar Gününü qeyri-iş günü elan edilir.

Tarixə nəzər saldıqda görünür ki, Azərbaycanda bu bayramın qeyd edilməsi milli təşəbbüs olmayıb, amma dövlət səviyyəsində dəstəklənmişdir. Dünya 1975-ci ilin 8 martını ilk dəfə Beynəlxalq Qadınlar Günü olaraq qeyd edib. 1977-ci ildə isə Birləşmiş Millətlər Təşkilatının Ümumi Qurultayında 8 Mart qadın hüquqları və beynəlxalq sülh günü olaraq qəbul edilib. Müasir dünyada BMT 8 Martı Beynəlxalq Qadınlar Günü kimi təsdiq edib.

İndi dünyanın əksər ölkələrində olduğu kimi bu bayram Azərbaycanda da qeyd edilir.

Müasir dünyanın gedişatını sosial şəbəkələrsiz təsəvvür etmək çətindir. Məhz bu bayramla əlaqədar olaraq sosial şəbəkələrdə qadınlara ünvanlanan təbrik mesajları qadınları sevindirir. Mən özüm də mənimçün doğma olan xanımlara bayram təbrikləri ünvanlayıram.

Azərbaycan qadını müxtəlif statuslar daşıyır. Onların ömrü ana, bacı, həyat yoldaşı və sair kimi mərhələlərə bölünür. Bütün bu mərhələlərin bir ortaq məxrəci var – fədakarlıq. Həyatımızda nə qədər müasirləşmə getsə də, Azərbaycan qadınının fədakarlığının mahiyyəti dəyişməyib.

Xüsusilə də, ölkəmiz müstəqilliyini bərpa etdiyi dönəmdə bu fədakarlıq daha qabarıq nümayiş olundu. Dövlət müstəqilliyimizin ilk illərində atalarını, qardaşlarını, ərlərini Vətən uğrunda döyüşə göndərən Azərbaycan qadını, 30 il sonra oğullarını da bu şərəfli missiyanın arxasınca göndərdi.

İndi ölkəmizdə ən şərəfli titullardan biri Şəhid anası adını daşımaqdır. Minlərlə qadın şəhid ailəsi olmağın şərəfini daşıyır. Həyat yoldaşı şəhid olmuş minlərlə gənc qadın şəhidlərdən yadigar qalmış övladlarına həm analıq edir, həm atalıq. Bütün bunları qadın gücünün fövqünə sığışdıra bilir.

Belə qadınları olan bir ölkənin həmin qadınların adına xüsusi bayram etməsi, onlar üçün ən dəyərli mükafatdır. Tarixən həlledici qələbərin kökündə də qadın fədakarlığı dayanıb. Azərbaycanın isə qələbə qazanmalı olduğu hələ çox məqsədləri vardır. Bu məqsədlər uğrunda fədakarlığını əsirgəməyən qadınlarımızı Tanrı qorusun!

Böyük məqsədlər böyük qurbanlar hesabına başa gəlsə də, Azərbaycan qadınına qalibiyyət sevinci çox yaraşır. Bu sevincin ən böyük hissəsi müharibə veteranlarının doğmaları olan qadınlara düşür. Həmin qadınlar müharibənin tam mərkəzinə oğul göndərib, oradan qalib Azərbaycan döyüşçüsünün qayıtmasının yolunu gözləməyin nə olduğunu çox yaxşı bilir.

Azərbaycan qadının missiyası bununla bitmir. Çalışdığı hər sahədə öz sözünü deməyi bacarır. Xüsusən elm sahəsində fəaliyyət göstərən xanımlarımızı vurğulamaq lazımdır. Alim adını qazanmaq çətin olduğu qədər, şərəfli və məsuliyyətlidir.

Gülnar SƏMA, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: