Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

09.03.2023 15:02
  • A-
  • A
  • A+

“Başı tufanlı Səhəndim” mövzusunda elmi seminar məşğələsi keçirilib

“Başı tufanlı Səhəndim” mövzusunda elmi seminar məşğələsi keçirilib

Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində növbəti elmi seminar məşğələsi keçirilib.

XX əsr Güney Azərbaycan ədəbiyyatı məsələlərinə həsr olunmuş tədbirdə poeziyası ilə milli istiqlalın mübariz carçılarından olmuş Bulud Səhəndin dövrü və yaradıcılığı haqqında geniş məlumat verilib.

Seminarda muzeyin Qədim və orta əsrlər Azərbaycan ədəbiyyatının tədqiq və təqdimi şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Nərmin Əliyeva vətənpərvər şairin soykökündən bəhs edib.

Məruzəçi Bulud Səhəndin doğulub böyüdüyü ailə mühiti, təhsil illəri, o cümlədən, həmin illərdə İranın Pəhləvi rejimi tərəfindən Azərbaycan dilinə, klassik ədəbiyyatının öyrənilməsinə qoyulan qadağalardan danışıb. Nərmin Əliyeva qeyd edib ki, 1940-1950-ci illərdə “Kitabi-Dədə Qorqud” dastanının təbliği İranda qəti qadağan olunmuşdu. Bu ölməz türk abidəsi ilə gizli şəkildə tanış olmuş Bulud Səhənd Dədə Qorqud dastanlarına sevgisinin təsiri ilə özünün məşhur “Sazımın sözü” əsərini qələmə alıb.

Nərmin Əliyeva məruzəsində, həmçinin Səhəndin “Dədəmin kitabı” dastanından, Məmməd Rahim, Süleyman Rüstəm, Bəxtiyar Vahabzadə, Qabil və digər Azərbaycan şairləri ilə mənzum məktublaşmalarından bəhs edib.

Bildirilib ki, böyük şairin 1979-cu ildə erkən vəfatının kədəri, ayrılığı otaylı ədəbiyyatımızın ustad Şəhriyar, Sönməz, Çoşğun, Müzəffər, Əli Təbrizi kimi bir çox görkəmli ədiblərinin əsərlərində inikasını tapıb.

Seminar məşğələsi professorlar Xatirə Bəşirli, Şəfəq Əlibəyli, filologiya üzrə fəlsəfə doktoru Gülnar Əqiq, izahatçı Aysel Bayramova və digərlərinin sual və çıxışları ilə davam edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: