Martın 13-də Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin növbəti iclası keçirilib.
Tədbirdə AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli, Rəyasət Heyətinin üzvləri, elmi müəssisə və təşkilatların baş direktorları və aidiyyəti şəxslər iştirak ediblər.
İclası giriş sözü ilə açan akademik İsa Həbibbəyli Akademiya əməkdaşlarını Novruz bayramı münasibətilə təbrik edib. 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin Sərəncamı ilə Novruz bayramına Azərbaycan xalqının milli dövlət bayramı statusu verildiyini vurğulayan akademik İsa Həbibbəyli Mərkəzi Asiya ölkələrində və Türkiyədə də rəsmi şəkildə qeyd olunan bu bayramı Türk dünyasının inteqrasiyasında mühüm faktorlardan biri kimi səciyyələndirib.
Sonra AMEA-nın Folklor İnstitutunun baş direktoru, akademik Muxtar İmanov “Novruz bayramının mifoloji kökləri və sosial-mədəni semantikası” mövzusunda məruzə ilə çıxış edib. Qeyd edib ki, Novruz bayramının mifoloji mahiyyəti məhz köhnə dünyanın əsasında yeni dünyanın yaranması ideyası və dünyagörüşü ilə bağlıdır. Bildirilib ki, Novruz bayramının mifoloji-ritual sistemində ölüb-dirilmə inancı əsas yer tutur və Novruzla bağlı mərasimlərdə, o cümlədən oyun və tamaşalarda əksini tapan ölüb-dirilmə fəlsəfəsi 4 əsas mərhələni özündə ehtiva edir. Novruz bayramının ritual-mifoloji mahiyyəti əsasında onun sosial-mədəni mahiyyəti ortaya çıxır, sosial harmoniya yaranır və bu harmoniya köhnə ilin yeni illə, qışın yazla əvəzlənməsi, gecə və gündüzün bərabərləşməsi sayəsində təbiətdə yaranmış harmoniya ilə vəhdət yaradır.
Sonra bir sıra elmi-təşkilati məsələlərə baxılıb.
Son dövrlərdə Akademiyanın beynəlxalq əlaqələrinin genişləndirilməsi istiqamətində əməli addımların atıldığını bildirən akademik İsa Həbibbəyli AMEA-nın ilk dəfə olaraq beynəlxalq elmi qurumlara - Asiya Elmlər Akademiyaları və Cəmiyyətləri Assosiasiyasına, Avrasiya Universitetləri Birliyinə və Dünya Elmlər Akademiyasına tam səsvermə hüququna malik üzvlüyə qəbul edildiyini, Beynəlxalq Dünya Universitetləri Assosiasiyasına, Avropa Universitetləri Birliyinə və Parisdə yerləşən Beynəlxalq Elmi Şuranın üzvlüyünə qəbulla bağlı isə rəsmi müraciətlərin göndərildiyini diqqətə çatdırıb.
AMEA rəhbəri bu günlərdə “Elm” nəşriyyatının Avropa Elmi Redaktorlar Assosiasiyasına üzvlüyə qəbul edilməsinin Akademiyanın beynəlxalq əlaqələrinin genişləndirilməsi sahəsində növbəti uğuru kimi dəyərləndirib.
Sonra AMEA Rəyasət Heyəti aparatının şöbələrinin Əsasnamələri müzakirə olunub və təsdiq edilib.
İclasda AMEA-da aparılan ekspedisiyaların müəyyənləşdirilməsi, şəffaflığın və obyektivliyin təmin edilməsi məqsədilə AMEA-nın vitse-prezidenti v.i.e., akademik Gövhər Baxşəliyevanın sədrliyi ilə ekspedisiyaların təşkili üzrə komissiya yaradılması qərara alınıb.
Həmçinin AMEA-nın Mərkəzi Elmi Kitabxanasında Elmi-Metodiki Şuranın yaradılması və akademik Vahid Hacıyevin 95 illik yubileyinin qeyd edilməsi haqqında qərarlar qəbul edilib.
Sonda AMEA-nın Ümumi yığıncağına hazırlıqla bağlı bir sıra məsələlər müzakirə olunub və tapşırıqlar verilib.
AMEA Rəyasət Heyətinin iclasındakı müzakirələrdə akademiklər – İradə Hüseynova, Gövhər Baxşəliyeva, professor Elton Məmmədov, filologiya üzrə fəlsəfə doktoru Səbuhi Qəhrəmanov, tarix üzrə fəlsəfə doktoru Fərhad Quliyev və başqaları çıxış edərək fikir və təkliflərini səsləndiriblər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.