Şəki şəhər Heydər Əliyev Mərkəzində AMEA-nın Şəki Regional Elmi Mərkəzinin təşəbbüsü və təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illiyi və 27 Mart - Elm Günü ilə əlaqədar tədbir keçirilib.
Tədbirdə Şəki şəhər İcra Hakimiyyətinin, YAP Şəki Rayon Təşkilatının, Regional Mədəniyyət İdarəsinin, ADPU-nun Şəki filialının rəhbər işçiləri və nümayəndələri iştitak ediblər.
Əvvəlcə Heydər Əliyev Mərkəzində Ümummilli Liderin abidəsi ziyarət olunub, dahi liderin həyat və fəaliyyətinə həsr olunmuş sərgiyə baxış keçirilib. Sonra iştirakçılar Elmi Mərkəzin elmi-təşkilati fəaliyyətinə, elmi nailliyyətlərinə həsr edilmiş sərgiylə tanış olublar.
Tədbir Heydər Əliyev Mərkəzinin Akt zalında plenar çıxışlarla davam etdirilib. Şəki REM-in direktoru, fiz.ü.f.d., dosent Yusif Şükürlü tədbirin mahiyyəti, Elm gününün təsis olunması, Azərbaycan elminin keçmişi və bu günü haqqında məlumat verib.
AMEA-nın Şəki REM-in elmi katibi E.Abdurahmanov “Heydər Əliyev və Azərbaycanda elmin inkişaf dinamikası”, Folklorşünaslıq və el sənətləri şöbəsinin müdiri İ.Yusifova “Heydər Əliyev və Azərbaycan dili”, Folklorşünaslıq və el sənətləri şöbəsinin kiçik elmi işçisi, Gənc Alim və Mütəxəssislər Şurasının sədri T.Adışirinov “Heydər Əliyev və gənclər siyasəti” mövzularında məruzələr ediblər.
Daha sonra Şəki şəhər İcra Hakimiyyətinin İctimai-siyasi humanitar şöbəsinin baş məsləhətçisi Anar Məmmədov Şəki şəhərində Ulu Öndərin anadan olmasının 100 illiyi ilə əlaqədar silsilə tədbirlərin keçirildiyini, bugünkü tədbirin həmin xarakterdə, yüksək səviyyədə təşkil olunduğunu qeyd edib.
Yeni Azərbaycan Partiyasının Şəki Rayon Təşkilatının sədr müavini Ziya Vəliyev Yeni Azərbaycan Partiyasının, onun Şəki Təşkilatının yaranması və fəaliyyəti ilə bağlı məlumatları iştirakçılarla bölüşüb, dahi liderin respublikaya rəhbərliyi dövründə həyata keçirilən quruculuq işlərindən bəhs edib. Z.Vəliyev Elmi Mərkəzin kollektivinə Elm günü və Ramazan ayının gəlişi ilə bağlı YAP-ın Şəki rayon rəhbərliyinin təbrikini çatdırıb.
Daha sonra Şəki Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Vaqif İbrahim adına şəhər Folklor evinin direktoru Rövzət Hacızəkəryəyev çıxış edərək elmi mərkəzin elmi nailiyyətlərinə həsr olunmuş sərgini və təşkil olunan tədbiri yüksək qiymətləndirdiyini bildirib.
Tədbirin sonunda Ulu Öndərin həyat və fəaliyyətinə həsr olunmuş “Sən elə bir zirvəsən” adlı videoçarx nümayiş etdirilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.