Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

29.03.2023 12:22
  • A-
  • A
  • A+

AMEA-nın Gəncə Bölməsində Elm Gününə həsr olunan elmi-praktik konfrans keçirilib

AMEA-nın Gəncə Bölməsində Elm Gününə həsr olunan elmi-praktik konfrans keçirilib

AR Elm və Təhsil Nazirliyi, Gəncə şəhər İcra Hakimiyyəti və AMEA-nın Gəncə Bölməsi tərəfindən 27 Mart – Elm Günü münasibətilə elmi-praktik konfrans keçirilib.  

AMEA-nın Gəncə Bölməsində keçirilən bu tədbirə şəhərin elmi ictimaiyyəti qatılıb. Əlamətdar günə həsr edilmiş sərgidə Gəncə alimlərinin nailiyyətləri nümayiş olunub.

Elm Gününə həsr edilmiş elmi-praktik konfransda açılış nitqi ilə çıxış edən AMEA-nın Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev Gəncənin tarixən köklü elmi ənənələrə malik olduğunu xatırladıb. O, müasir tariximizdə respublikamızın ikinci şəhərində fundamental tədqiqatlar apara bilən elmi mərkəzin formalaşdırılmasını Ulu Öndər Heydər Əliyevin strateji düşüncəsinin nəticəsi kimi dəyərləndirib, həmçinin elmimizin səviyyəsinin yüksəldilməsinin müstəqil Azərbaycanın inkişafı və çiçəklənməsi naminə ölkə rəhbərinin uğurla apardığı siyasətin mühüm tərkib hissəsi olduğunu vurğulayıb.

Gəncə  şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev çıxışında Elm Günü münasibətilə şəhər rəhbəri Niyazi Bayramovun təbrikini çatdıraraq, alimlərimizin müstəqilliyimizin möhkəmləndirilməsinə və cəmiyyətin inkişafına böyük töhfələr verdiyini diqqətə çatdırıb.

Elmi-praktik konfransda AMEA-nın Gəncə Bölməsinin Diyarşünaslıq İnstitutunun Tarix şöbəsinin müdiri, professor Həsənbala Sadıqov “Gəncə qədim elm mərkəzi kimi”, AMEA-nın Gəncə Bölməsinin sədrinin müavini, kimya üzrə fəlsəfə doktoru Sara Əzizova “Gəncədə prioritet elm sahələri”, bölmənin Elmi kitabxanasının müdiri Vüsalə Hüseynova “Gəncədə böyük kitabxanalar”, bölmənin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Zakir Muradov “Görkəmli elm xadimlərinin yubileyləri və monoqrafiyalarının təqdimatı” mövzusunda məruzələrlə çıxış edib, fikir mübadiləsi aparılıb.

Konfransın gedişində “Heydər Əliyev İli”nə həsr olunan “İlin ən fəal qadın alimi” və “İlin ən fəal gənc tədqiqatçısı” müsabiqələrinin qaliblərinə, eləcə də elmi və təşkilati fəaliyyəti ilə fərqlənən əməkdaşlara fəxri fərmanlar təqdim edilib.

Konfransın iştirakçıları adından AMEA-nın prezidenti, akademik İsa Həbibbəyliyə müraciət qəbul olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: