Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

29.03.2023 15:05
  • A-
  • A
  • A+

Ədəbiyyat İnstitutunda “Polşa Respublikasının Ədəbiyyat üzrə Nobel mükafatı laureatlarının yaradıcılığı” adlı tədbir keçirilib

Ədəbiyyat İnstitutunda “Polşa Respublikasının Ədəbiyyat üzrə Nobel mükafatı laureatlarının yaradıcılığı” adlı tədbir keçirilib

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda “Polşa Respublikasının Ədəbiyyat üzrə Nobel mükafatı laureatlarının yaradıcılığı” adlı tədbir keçirilib.

Tədbiri giriş sözü ilə Ədəbiyyat İnstitutunun icraçı direktoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Mehman Həsənli açaraq qeyd edib ki, Bakı Slavyan Universiteti (BSU) ilə birgə təşkil olunan tədbir Polşa Respublikasının Ədəbiyyat üzrə Nobel mükafatı laureatlarının yaradıcılığına həsr olunub. O vurğulayıb ki, Azərbaycan-Polşa ədəbi əlaqələrinin çox zəngin tarixi keçmişi var və xüsusilə XX əsrin əvvəllərində bu əlaqələr daha da güclənib: “Azərbaycanın müstəqilliyini bərpa etməsindən sonra yaranan münasibətlər əlaqələrimizin yeni səhifəsini təşkil etməkdədir. Ədəbiyyat İnstitutu da ədəbi əlaqələrin inkişafına önəmli töhfələr verib”.

Bakı Slavyan Universitetinin prorektoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Ənvər Abbasov isə çıxışında Ədəbiyyat İnstitutu ilə BSU arasında yaradılmış bu cür əməkdaşlıqdan məmnunluq duyduğunu bildirib.

Tədbirdə Dünya ədəbiyyatı və komparativistika şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Gülər Abdullabəyova “Henrik Senkeviç”, Təhsil şöbəsinin müdiri, sosiologiya üzrə fəlsəfə doktoru Samir Səttarov “Olqa Tokarçuk”, BSU-nun Slavyan filologiyası kafedrasının baş müəllimi Elnarə Abdulrəhmanova “Vislava Şımborska” və polyak diasporasının nümayəndəsi Aleksandr Kostin “Polşa ədəbiyyatının polyak icması və tələbələr arasında təbliği haqqında” məruzələrlə çıxış ediblər.

Tədbirin bədii hissəsində BSU-nun Tərcümə fakültəsinin tələbələri polyak ədəbiyyatı nümunələrindən seçmələr səsləndiriblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: