Görkəmli oftalmoloq alim, ictimai xadim, Əməkdar elm xadimi, akademik Zərifə Əliyevanın anadan olmasının 100 illik yubileyi ilə əlaqədar AMEA-nın Azad Həmkarlar İttifaqının təşkilatçılığı və Akademiya rəhbərliyinin dəstəyi ilə Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşlarının ödənişsiz göz müayinəsi həyata keçirilib.
Tədbirin əvvəlində AMEA Azad Həmkarlar İttifaqının sədri, professor Habil Qurbanov Akademiya əməkdaşlarının göz müayinəsini keçirmək üçün dəvət edilmiş oftalmoloq və mütəxəssisləri salamlayıb, işlərində uğurlar arzulayıb. Professor Habil Qurbanov bildirib ki, akademik Zərifə Əliyeva mənalı ömrünün böyük hissəsini insanların sağlamlığının, gözlərinin nurunun qorunmasına və bir çox digər humanist fəaliyyətlərə həsr edib. Bu baxımdan tədbirin məhz 7 aprel Ümumdünya Sağlamlıq gününə təyin edilməsi də təsadüfi deyil. Akademik Zərifə Əliyeva öz ixtisasının görkəmli mütəxəssisi olmaqla bərabər, dünyaca məşhur oftalmoloq alim idi. Onun elmi fəaliyyətləri dünya oftalmologiya elminin zənginləşməsinə xidmət edib və bu gün də öz əhəmiyyətini saxlamaqdadır.
Professor Habil Qurbanov qeyd edib ki, AMEA əməkdaşlarının böyük bir qismini əhatə edən bu ödənişsiz tibbi müayinələr cənab Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə uğurla həyata keçirilən sosialyönümlü dövlət siyasətinin bir təzahürüdür. AMEA Azad Həmkarlar İttifaqı bundan öncə də əməkdaşların yüksək səviyyəli ödənişsiz tibbi müayinələrini təşkil edib. Bu cür sosial aksiyaların bundan sonra da təşkil edilməsi nəzərdə tutulur.
Müayinə üçün müraciət edən Akademiya əməkdaşları sözügedən aksiyanın əhəmiyyətindən razılıqlarını ifadə ediblər. Bildirilib ki, obyektiv səbəblərdən Akademiya əməkdaşlarının məhz göz müayinələrinə ehtiyacları daha çoxdur.
Tibbi heyətin üzvləri isə bildiriblər ki, akademik Zərifə Əliyeva onlar üçün böyük alim, görkəmli həkim olmaqla bərabər, həm də nümunəvi ziyalı-şəxsiyyətdir. Bu baxımdan akademik Zərifə Əliyevanın yubileyi ilə bağlı aksiyada iştirak etmək onlar üçün bir peşə borcudur.
Tibbi heyət dörd gün ərzində yüzlərlə Akademiya əməkdaşının göz müayinəsini həyata keçirib və tibbi məsləhətlər verərək reseptlər yazıblar. Müayinələrin rahat, əlverişli şəkildə keçirilməsi üçün hər cür şərait yaradılıb. Tibbi müayinənin yüksək səviyyədə təşkili və keçirilməsindən razı qalan Akademiya əməkdaşları müayinəni keçirən tibbi heyətə və AMEA Azad Həmkarlar İttifaqının əməkdaşlarına təşəkkürlərini bildiriblər.
Qeyd edək ki, növbəti tibbi aksiya 10-12 aprel tarixlərində AMEA-nın Mərkəzi Elmi Kitabxanasında “Fokus” tibb şirkətinin həkimləri tərəfindən həyata keçirilir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.