Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  YUBİLEYLƏR

Neftli-qazlı hövzələrin litologiyası sahəsində tanınmış alim
17.04.2023 15:38
  • A-
  • A
  • A+

Neftli-qazlı hövzələrin litologiyası sahəsində tanınmış alim

Bu günlərdə Neftli-qazlı hövzələrin litologiyası sahəsində tanınmış alim, “Tərəqqi” medallı, Neft və Qaz İnstitutuun icraçı direktoru, geologiya-mineralogiya elmləri doktoru, professor Vaqif Qurbanovun 75 yaşı tamam olur.

Qurbanov Vaqif Şıxı oğlu 1 aprel 1948-ci ildə Ağsu rayonunun Bico kəndində anadan olmuşdur. 1966-cı ildə orta məktəbi bitirmiş və həmin ildə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) Geoloji-kəşfiyyat fakültəsinə daxil olmuşdur. 1972-ci ildə təhsilini müvəffəqiyyətlə başa vurmuşdur. V.Qurbanov təhsilini davam etdirməklə 26 Bakı Komissarları (indiki Bibiheybət NQÇİ) adına neft-qaz çıxarma idarəsinin mədənlərində mühəndis-geoloq kimi çalışmışdır. 1969-cu ildə Ümumittifaq Elmi-tədqiqat Geofizika İnstitutunun Azərbaycan bölməsinə mühəndis vəzifəsinə qəbul olunmuşdur. 3 may 1976-cı il tarixdən Azərbaycan Neft və Kimya İnstitutunda (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) çalışmışdır. 1981-1984-cü illərdə həmin institutun dissertantı olmuşdur. 1976-1982-ci illərdə böyük laborant, laboratoriya müdiri vəzifələrində çalışmışdır. 1985-ci ildə AMEA-nın Geologiya (indiki Geologiya və Geofizika) İnstitutunun Müdafiə Şurasında “Dağıstanın düzənlik və Cənubi Kalmıkyanın Perm-Trias çöküntülərinin əmələgəlmə şəraiti və neftqazlılığı” mövzusunda dissertasiya işini müvəffəqiyyətlə müdafiə edərək, geologiya-mineralogiya elmləri namizədi elmi dərəcəsini almışdır.

1982-ci ildən Azərbaycan Neft və Kimya İnstitutunda (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) asisstent, 1986-cı ildən isə dosent kimi pedaqoji fəaliyyət göstərmişdir.

1995-ci ildə institutun Elmi Şurasının qərarı ilə dosent V.Qurbanov doktorluq dissertasiya işini tamamlanması məqsədilə 2 illik elmi təcrübəçi kimi Moskvaya, Rusiya Elmlər Akademiyasının Geologiya İnstitutuna ezam olunmuşdur. SSRİ-nin və Rusiyanın məşhur litoloq alimi, professor N.V.Xolodovun rəhbərliyi ilə laboratoriyada çox faydalı tədqiqat işləri aparmışdır. O, həmin illərdə Rusiyanın tanınmış alimləri ilə birgə doktorluq elmi işini tamamlayaraq Bakıya qayıdıb öz doğma institutunda pedaqoji fəaliyyətini davam etdirmişdir.

2007-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasının (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) Geoloji-kəşfiyyat fakültəsinin dekanı seçilmişdir. 2008-ci ildə doktorluq dissertasiyasını müdafiə etmişdir. 2011-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasının tədris işləri üzrə prorektoru təyin olunmuşdur. 2013-cü ildə Litologiya, mineralogiya və petroqrafiya kafedrasında professor elmi adını almışdır. 2015-ci ilin yanvar ayından 3 sentyabr 2015-ci il tarixə kimi Azərbaycan Dövlət Neft Akademiyasının  rektoru vəzifəsini icra etmişdir.

2013-cü ildə Azərbaycan Dövlət Neft Akademiyasının  Neft və qaz yataqlarının axtarışı və kəşfiyyatı kafedrasının müdiri seçilmişdir.

2016-cı ildən AMEA-də yeni yaradılmış Neft və Qaz İnstitutunda direktorun elmi işlər üzrə müavini vəzifəsinə təyin olunmuşdur. Hal-hazırda həmin institutun icraçı direktoru vəzifəsində çalışır.

Alimin tədqiqatları neftli-qazlı hövzələrin geologiyası və axtarış-kəşfiyyat metodlarıdır. Elmi-tədqiqat obyektlərindən Rusiyanın və Qazaxstanın Perm-Trias çöküntülərinin litologiyası və həmin çöküntülər ilə əlaqədar neftqazlılığının öyrənilməsidir. Son dövrlərdə apardığı elmi-tədqiqat işləri Azərbaycanın Maykop-Miosen və Pliosen çöküntülərinin litologiyası və neftqazlılığı ilə əlaqədardır.

Beynəlxalq və respublika  səviyyəli qrant layihələrində elmi rəhbər və icraçı kimi iştirak etmişdir. Uzun illərdir ki, Bakı Dövlət Universitetində 0,5 ştat əvəzçi professor kimi pedaqoji fəaliyyətlə məşğuldur.

150-dən çox elmi məqalənin, 3 monoqrafiyanın 1 dərsliyin, 6 dərs vəsaitinin müəllifidir. Elmi rəhbərliyi ilə 2 elmlər namizədi hazırlanmışdır.Bakı Dövlət Universiteti və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin müdafiə şuralarının üzvüdür.

Professor V.Qurbanov 2010-cu ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Tərəqqi” medalı və AMEA-nın Yer Elmləri Bölməsinin Fəxri fərmanları ilə təltif olunmuşdur.

Vaqif müəllimi 75 illik yubileyi münasibətilə səmimi qəlbdən təbrik edir, ona möhkəm cansağlığı, uzun ömür və elmi-pedaqoji fəaliyyətində uğurlar arzulayırıq.

Fəxrəddin Qədirov, Neft və Qaz İnstitutunun baş direktoru, akademik

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: