Aprelin 18-də AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə “Heydər Əliyev və Azərbaycan” mövzusunda respublika elmi konfransı keçirilib.
Tədbirdən öncə konfrans iştirakçıları Əlyazmalar İnstitutunun Beynəlxalq elmi-mədəni əlaqələr şöbəsinin təşkil etdiyi Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş, instituta hədiyyə edilən əlyazmalardan ibarət sərgi ilə tanış olublar.
Tədbiri giriş nitqi ilə AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli açaraq Ümummilli Lider, görkəmli dövlət xadimi Heydər Əliyevin Azərbaycanın çoxəsrlik dövlətçilik tarixinin nadir siması olduğunu, onun müstəqil Azərbaycan dövlətinin əbədiyyət rəmzi, ölkənin inkişafı və xalqımızın taleyi baxımından böyük tarix yaratmış görkəmli şəxsiyyət olduğunu vurğulayıb. Bildirib ki, Ulu Öndər Heydər Əliyev yaşadığı dövrün real mahiyyətini dərindən görərək özünün aydın siyasi mövqeyi, möhkəm iradəsi və uzaqgörənliyi ilə zamanı irəli aparmaq qüdrətinə malik olub.
Ölkə başçısının Sərəncamı ilə elan edilmiş “Heydər Əliyev İli”nin Ulu Öndərin zəngin irsini yenidən əsaslı şəkildə tədqiq etməyə imkan verdiyini və bu mövzuda fundamental əsərlərin meydana gəldiyini söyləyən akademik İsa Həbibbəyli əlamətdar il çərçivəsində Akademiyada 30-dan çox konfransın keçirilməsinin nəzərdə tutulduğunu və onlardan artıq 12-sinin baş tutduğunu diqqətə çatdırıb. Həmçinin AMEA-da “Heydər Əliyev İli” üzrə Tədbirlər planı çərçivəsində Ümummilli Liderin həyat və fəaliyyətini əks etdirən 21 kitab və monoqrafiya üzərində işlərin davam etdiyini və iyun ayına qədər 20 nəşrin hazır olacağını bildirib.
Bundan əlavə, mayın 1-də səkkiz ölkənin Elmlər Akademiyalarının rəhbərlərinin iştirakı ilə görkəmli dövlət xadiminin 100 illiyinə həsr olunmuş AMEA-nın Ümumi yığıncağının Xüsusi iclasının keçiriləcəyini, eləcə də həmin Akademiyalarla inteqrasiyanın təmin olunması məqsədilə elmi seminarın baş tutacağını vurğulayıb.
Akademik İsa Həbibbəyli qeyd edib ki, “Heydər Əliyev İli” bu dahi şəxsiyyətin dünya tarixindəki yeri və mövqeyinə, müstəqil dövlətimiz və xalqımız qarşısındakı tarixi xidmətlərinə yenidən qayıdışın böyük əməli ifadəsidir.
Daha sonra çıxış üçün söz məruzəçilərə verilib.
AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun baş direktoru, akademik Teymur Kərimli “Şanlı keçmişimizdən parlaq gələcəyimizə körpü salan dahi şəxsiyyət” mövzusunda məruzə ilə çıxış edərək tarixi şəxsiyyət, görkəmli dövlət xadimi, xalqımız və dövlətçiliyimiz qarşısında mühüm xidmətləri ilə Ümummilli Lider səviyyəsinə yüksəlmiş Heydər Əliyevin həyat və fəaliyyətindən, onun Azərbaycanı qurtuluşdan tərəqqiyə, tərəqqidən zəfərə yüksəldən dövlətçilik siyasətindən, xalqımız qarşısındakı əvəzolunmaz xidmətlərindən bəhs edib. O, müstəqillik dövrünün sabitlik və inkişaf mərhələsi kimi səciyyələndirilən 1993-2003-cü illərdə Ulu Öndərin rəhbərliyi ilə görülən işlərin yeni Azərbaycanın parlaq gələcəyini təmin edən təməl rolunu oynadığını vurğulayıb. Bildirib ki, bu böyük insanın ideyaları bundan sonra da daim yaşayacaq, gələcək nəsillərə örnək olaraq qalacaqdır.
AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Fəxri professoru, tarix elmləri doktoru Həsən Həsənov “Unudulmaz şəxsiyyət Heydər Əliyev” mövzusunda məruzəsində Heydər Əliyevin dahi lider kimi fəaliyyətindən, müstəqil Azərbaycanın sosial-iqtisadi və siyasi əsaslarının möhkəmləndirilməsində, dünyanın aparıcı dövlətlərinin etibarlı tərəfdaşına çevrilməsində Ulu Öndərin əvəzsiz xidmətlərindən bəhs edib.
AMEA-nın müşaviri, akademik Möhsün Nağısoylu “Heydər Əliyev və Azərbaycan dili” mövzusunda məruzə edərək Heydər Əliyevin Azərbaycan dilinin inkişafı, onun tətbiqi sahəsinin genişləndirilməsi və xarici təsirlərdən qorunması, bu dilin saflığı, təmizliyi istiqamətində yeritdiyi siyasətdən bəhs edib. Bildirib ki, Azərbaycan dilinin hərtərəfli inkişafı, onun dövlət dilinə çevrilməsi, beynəlxalq münasibətlər sisteminə, dünya diplomatiyasına yol tapması, beynəlxalq aləmin çox mötəbər məclislərinin kürsülərindən eşidilməsi Ulu Öndərin ana dilimizin inkişafına, onun sosial-siyasi və mədəni həyatda layiqli yer tutmasına göstərdiyi qayğı və diqqətin, düşünülmüş və uzaqgörən dil siyasətinin nəticəsidir.
Konfrans məruzələr ətrafında çıxışlarla davam etdirilib. Çıxışlarda Ümummilli Liderin mədəni-mənəvi irsimizin gözəl bilicisi, klassik ədəbiyyatımızın himayəçisi olduğu vurğulanıb, sovet rejimində Azərbaycan mədəniyyəti uğrunda apardığı mücadilələrdən, Azərbaycan elminə və təhsilinə verdiyi töhfələrdən, bu istiqamətdə həyata keçirdiyi islahatlardan, Ulu Öndərin Azərbaycan gəncliyinin milli vətənpərvərlik ruhunda tərbiyəsində əvəzsiz rolundan bəhs olunub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.