AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Elmi şurasının qərarı ilə “Heydər Əliyev - Azərbaycan dili və Azərbaycançılıq” kitabı çap olunub.
Kitabın elmi redaktoru və “Ön söz”ün müəllifi akademik Nizami Cəfərov, rəyçilər professorlar Qəzənfər Kazımov və İlham Tahirovdur.
4 fəsildən ibarət olan “Heydər Əliyev - Azərbaycan dili və Azərbaycançılıq” kitabı “Elm və təhsil” nəşriyyatında çap edilib.
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev hakimiyyətə gəldiyi ilk illərdən milli dilin, ədəbiyyatın, incəsənətin inkişafına diqqət yetirmiş, dil quruculuğuna milli dövlət quruculuğunun üzvi tərkib hissəsi kimi baxıb.
Əsərdə Ulu Öndər Heydər Əliyevin Azərbaycanda dil quruculuğu sahəsində gördüyü işlərdən, onun Azərbaycan dili və nitq mədəniyyəti barədəki fikirlərindən, azərbaycançılıq məfkurəsindən danışılır, natiqliyi, çıxış və nitqlərinin dil xüsusiyyətləri təhlil edilir.
“Heydər Əliyev və Azərbaycanda dil quruculuğu” (akademik Ağamusa Axundov) adlanan I fəsildə ölkədə dil quruculuğu proseslərinə Heydər Əliyevin rəhbərliyi ən müxtəlif aspektlərdən müfəssəl təsvir edilməklə yanaşı, dil siyasətinin istiqamətləri, dil və dövlət quruculuğu, dil və əlifba istiqamətində elmi-nəzəri ümumiləşdirmələr aparılıb.
“Heydər Əliyev və nitq mədəniyyəti” adlı II fəslin müəllifi professor Müseyib Məmmədovdur. Burada Ulu Öndərin nitq mədəniyyəti və natiqlik sənətinin özünəməxsusluqları kontekstində sinonimlik, frazeologiya və sair kimi nitq hadisələrinə toxunulur.
Professor Məsud Mahmudovun qələmə aldığı “Heydər Əliyevin çıxış və nitqlərinin dilinin üslubi-qrammatik xüsusiyyətləri” adlı III fəsildə isə liderin qrammatikasının stilistik incəlikləri araşdırılır.
Kitabda əvvəlki nəşrdə olmayan dördüncü fəsil də artırılıb.
IV fəslin müəllifi Dilçilik İnstitutunun baş direktoru, professor Nadir Məmmədlidir. “Heydər Əliyevin Vətən konsepti-Azərbaycançılıq məfkurəsi” adlanan həmin fəsildə Ulu Öndərin nitqi koqnitiv planda tədqiq olunmaqla onun dil-üslub dühasının məfkurəvi səciyyəsi verilir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.