Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  YUBİLEYLƏR

Tanınmış etnoqraf alim Emil Kərimovun 90 yaşı tamam olur
15.05.2023 14:59
  • A-
  • A
  • A+

Tanınmış etnoqraf alim Emil Kərimovun 90 yaşı tamam olur

Tanınmış tədqiqatçı, etnoqraf, AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi Emil Əli oğlu Kərimovun 90 yaşı tamam olur.

E.Kərimov 1933-cü il mayın 15-də Qərbi Azərbaycanın İrəvan şəhərində ziyalı ailəsində anadan olub. 1948-ci ildə yerli azərbaycanlılara qarşı kütləvi deportasiya nəticəsində onun ailəsi də Azərbaycana köçürülüb. 19 aprel 1963-cü ildən Azərbaycan Milli Elmlər Akademiyasında çalışır. 2023-cü ilin mart ayınadək institutun Müasir dövr etnoqrafiyası şöbəsinə rəhbərlik edib.

E.Kərimov 5 monoqrafiyanın və yüzə yaxın elmi məqalənin müəllifidir. Onun elmi yaradıcılığında Qafqazın, o cümlədən Azərbaycanın etnoqrafiyasına dair elmi-nəzəri tədqiqatlar əsas yer tutur. Bunlardan Azərbaycan etnoqrafiyasının bugünkü vəziyyəti və onun inkişaf perspektivləri, yasəvilik nəzəriyyəsi və onun Azərbaycan arxeologiyası və etnoqrafiyasına təsiri, fənlərarası elmlər və onların qovşağında formalaşan yeni ideyalar problemi, Azərbaycanın etnoqrafik baxımdan xəritələşdirilməsi məsələləri geniş yer tutur.

E.Kərimov bir sıra xarici ölkələrdə (Rusiya, Hindistan, İsrail və s.) Azərbaycan etnoqrafiyasının aktual problemlərinə aid məruzələrlə çıxışlar etmişdir. Onun Rusiya Elmlər Akademiyasının Rəyasət Heyətinin iclasında XIX əsr etnoqrafı İ.Anisimovun Qafqazda etnoqrafik fəaliyyətinə həsr edilmiş məruzəsi böyük maraqla qarşılanmışdır. Elə həmin ildə o, Assamda (Hindistan) Suraxanı Atəşgahı hinduizm və atəşpərəstlik kontekstində probleminə həsr olunmuş məruzə etmişdir.

E.Kərimov görkəmli Azərbaycan etnoqrafı Ələsgər Ələkbərovun elmə məlum olmayan və ya az məlum olan məqalələrini aşkar etmişdir. Bu baxımdan onun hələ 1926-cı ildə Zəngilana həsr etdiyi yazısı müasirlik baxımından diqqəti cəlb edir. Məqalədə XX əsrin 20-ci illərində bölgədə yerli azərbaycanlılara qarşı ermənilərin törətdiyi vəhşiliklər diqqəti cəlb edir. Onun Zəngəzurda ermənilərin yaşayış evlərini dağıtması, ağacları dibindən kəsməsi və digər insanlığa sığmayan məlumatları ilə biz bu gün də rastlaşırıq. E.Kərimov M.F.Axundovun “Rusiya Coğrafiya Cəmiyyətinin Qafqaz şöbəsi”nin fəxri üzvü olduğu müddətdə yerli toponimlərlə məşğul olması faktını aşkar etmişdir.

E.Kərimovun vaxtilə görkəmli arxeoloq və muzeyşünas Hummel tərəfindən təsis edilmiş Xanlar Diyarşünaslıq Muzeyinin XX əsrin 60-cı illərində ermənilər tərəfindən dağıdılması və talan edilməsi məsələlərinə həsr edilmiş məqaləsi Moskvada almanlara həsr olunan dövri mətbuat orqanında nəşr olunmuşdur. Talan olunan muzeydə Azərbaycan arxeologiyası və etnoqrafiyasına dair nadir materiallar toplanmışdı. Etnoqrafiya şöbəsində nadir eksponatlar nümayiş etdirilirdi.

E.Kərimovun “Etnoqrafiya” ixtisası üzrə kadr hazırlanması işində xidmətləri çox böyükdür. O, etnoqrafiya elminin bir sıra problemlərinə həsr edilən çox sayda tədqiqatçının elmi rəhbəri və ya məsləhətçisi olmuşdur.

Azərbaycanda etnoqrafiya elminin inkişafında mühüm xidmətləri olan alimi 90 illik yubileyi münasibətilə ürəkdən təbrik edir, ona möhkəm cansağlığı, uzun ömür, elmi və elmi-pedaqoji fəaliyyətlərində daha böyük uğurlar arzulayırıq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: