Keçirilmiş sınaqlar nəticəsində məlum olub ki, alimlərin qarşılaşdığı ən böyük problem obyektin daxilində baş verən prosesləri görə bilməmək imkanıdır. Buna nümunə kimi qaynaq və bərk qızmış istilik-nüvə plazmasını göstərmək olar. Bu problemi həll etməyə Tomsk alimləri tərəfindən hazırlanmış unikal lazer monitoru kömək edəcək.
Monitorun yaradıcılarından biri olan Maksim Triqubun sözlərinə görə, monitorun əsasını 2 lazer təşkil edir. Onlardan biri obyektin işıqlandırılması, digəri isə təsvirin gücləndirilməsi funksiyasını yerinə yetirir. Beləliklə, alimlər alovun daxilində baş verənləri görmək imkanına nail olurlar. Monitorun köməyi ilə xeyli uzaqda və son dərəcə təhlükəli mühitdə belə baş verən alovun daxilindəki prosesləri müşahidə etmək mümkündür.
Bu ixtira, partlayışlar və ya bəzi nanomaterialların istehsalı zamanı həyata keçirilən sınaqlar üçün böyük əhəmiyyət kəsb edir. Lazer monitorunun sayəsində alimlər alovun parlaq işığını yox dərəcəsinə çatdırmağa nail ola biləcəklər.
Cihazın prototipinin quraşdırılmasında yalnız Rusiya istehsalı olan komponentlərdən istifadə olunub. Cihaz müvəffəqiyyətlə Rusiyanın Elektrofizika İnstitutunda sınaqdan keçirilib. Onun sayəsində, həmçinin unikal nanomaterialların istehsalı da mümkün olub. Yaxın gələcəkdə Rusiya alimləri eksperimental istilik-nüvə qurğusunun yaradılması üzrə nüfuzlu beynəlxalq layihə olan İTER-in iştirakçısı olacaqlarına ümid edirlər.