Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunda hibrid formada elmi seminar keçirilib.
İnstitutun icraçı direktoru, i.e.d., professor Müşfiq Atakişiyevin sədrliyi ilə keçirilən tədbirə onlayn formada bir sıra ali təhsil müəssisələrinin əməkdaşları da qatılıblar.
Seminarda institutun Biznes mühitinin tənzimlənməsi və sahibkarlığın inkişafı şöbəsinin aparıcı elmi işçisi, iqtisad üzrə fəlsəfə doktoru, dosent Mahir Zeynalov “Biznesin təşviqi mexanizmləri və sahibkarlığın inkişafı meyilləri” mövzusunda təqdimatla çıxış edib.
Hökumətin iqtisadi islahatlar üzrə prioritetlərindən danışan məruzəçi əsas hədəflərdən birinin ölkədə kiçik və orta sahibkarlığın iqtisadi artımın başlıca qüvvəsinə çevrilməsi olduğunu, bu məqsədlə biznes mühitinin yaxşılaşdırılması üzrə islahatların aparıldığını və dövlətin müxtəlif iqtisadi yollarla sahibkarlığın inkişafını daim təşviq etdiyini bildirib.
Tədqiqatçı təşviq mexanizmləri kimi Sahibkarlığın İnkişafı Fondu tərəfindən sahibkarlara güzəştli kreditlərin verilməsi, kreditlərin şərtləri, iqtisadiyyatın sahələri üzrə ayrılmış kreditlər və onların iqtisadi nəticələri, əsas problemləri, kredit faizlərinin subsidiyalaşdırılması, kiçik və orta biznesin digər təşviq mexanizmləri, investisiya təşviq sənədlərinin sahibkarlara verdiyi güzəşt və üstünlüklər barədə danışıb. “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nda nəzərdə tutulmuş biznesin təşviqi mexanizmlərinin, Vergi Məcəlləsinə edilmiş dəyişikliklərə əsasən 2023-cü il yanvarın 1-dən həmin ərazilər üzrə tətbiq olunan 10 illik vergi güzəştlərinin Qarabağda yeni iqtisadiyyat quruculuğu üçün əhəmiyyətini qeyd edib.
M.Zeynalov bildirib ki, son illər Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar, biznes mühitinin yaxşılaşdırılması və təşviq mexanizmləri nəticəsində ölkədə sahibkarlıq fəaliyyəti inkişaf etməklə iqtisadiyyatda rolu və xüsusi çəkisi əhəmiyyətli həcmdə artıb. Belə ki, özəl sektorun ÜDM-dəki payı 83,5%-ə yüksəlib, fərdi sahibkarların sayı artaraq 1,2 milyona çatıb, habelə məşğulluğun 77,6%-i özəl sektordadır. Sahibkarlığın inkişafı ilə bağlı problemlərdən də söz açan tədqiqatçı biznesin təşviq mexanizmlərinin daha da təkmilləşdirilməsi üzrə təkliflər səsləndirib.
Sonda suallar cavablandırılıb, mövzu ətrafında geniş müzakirələr aparılıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.