Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

18.05.2023 15:50
  • A-
  • A
  • A+

Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda gənc alimlər arasında Ulu Öndərin 100 illik yubileyinə həsr olunmuş müsabiqə keçiriləcək

Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda gənc alimlər arasında Ulu Öndərin 100 illik yubileyinə həsr olunmuş müsabiqə keçiriləcək

Elm və Təhsil Nazirliyinin Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun Elmi şurasının iclası  keçirilib.

İclasın gündəliyinə müəssisənin 2023-cü ilin birinci yarısında aparılan elmi-tədqiqat işlərinin hesabatına hazırlıq, 2023-cü ildə elmlər doktorluğu hazırlığı üzrə doktorantura və dissertanturaya qəbul, doktorluq minimum imtahan proqramlarının təsdiqi və s. məsələlər daxil edilib.

İclası açan institutun baş direktoru, akademik Dilqəm Tağıyev bildirib ki, yarımillik hesabatların dinlənilməsi cari ilin iyun ayında baş tutacaq və buna ciddi hazırlaşmaq lazımdır. Akademik qeyd edib ki, iqtisadi tutumlu perspektivli innovativ elmi-tədqiqat işlərinin genişləndirilməsi və səmərəliliyinin artırılması əsas hədəflərimizdən biridir. Bu baxımdan elmi-tədqiqat işlərinin səmərəliliyi artırılmalı, gənc kadrların potensialından səmərəli istifadə olunmalıdır.

Akademik bildirib ki, beynəlxalq bazalarda indeksləşən jurnallarda nəşr olunan elmi məqalələrə görə institutun fəaliyyəti qənaətbəxşdir. Belə ki, ötən ay “National H-index Ranking” tərəfindən 2023-cü ilin ikinci rübünün elmi nəticələri əsasında Azərbaycanda fəaliyyət göstərən elmi qurumların və universitetlərin Hirş indeksinə (H-index) görə reytinq sıralaması - “Azeri National H-index Ranking-2023” açıqlanıb. “Web of Science”, “Scopus” və “Google Scholar” göstəriciləri əsasında hesablanmış Hirş indeksinə (H-index) görə, Azərbaycanın 83 elmi təşkilatının və universitetinin elmi fəaliyyəti analiz edilib, Kataliz və Qeyri-üzvi Kimya İnstitutu bu siyahıda ilk onluqda qərarlaşıb. Lakin  institutun mövcud potensialını nəzərə alsaq bu istiqamətdə daha da irəliləmək mümkündür.

Sonra akademik qeyd edib ki, məlum olduğu kimi Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi barəsində cənab Prezident İlham Əliyevin Sərəncamı var.  Bununla əlaqədar institutda bir sıra tədbirlər, o cümlədən 2 konfrans keçirilib, institut əməkdaşlarının mətbuatda Ulu Öndər haqqında publisistik məqalələri çap olunub. Bu tədbirlərin davamı kimi noyabr ayında gənclər arasında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunan müsabiqənin keçirilməsi nəzərdə tutulur.

Sonra gündəlikdə olan digər məsələlər müzakirə edilib və müvafiq qərarlar qəbul olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: