Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

19.05.2023 14:45
  • A-
  • A
  • A+

Xəzər - Azərbaycan və Qazaxıstanın dostluğunun əbədi simvolu

Xəzər - Azərbaycan və Qazaxıstanın dostluğunun əbədi simvolu

Xəzərin ekoloji problemləri haqqında böyük sənədli film layihəsi üzərində çalışan Qazaxıstan Respublikasının “AKB Solutions” şirkəti və “İncəsənət, Kino və Elmin İnkişafı Fondu”nun birgə çəkiliş qrupu Bakıda səfərdə olub.

Xəzərətrafı dövlətlərin dənizin ekoloji problemlərinin həllində əməkdaşlığı, problemlərin həlli istiqamətində atdıqları addımlar, onların gələcək birgə fəaliyyət perspektivlərinin əks olunacağı filmdə Azərbaycan və Qazaxıstan xalqları arasındakı tarixi əlaqələr, Azərbaycan, Qazaxıstan və digər Xəzəryanı dövlətlərin alim və ekspertlərinin Xəzərin səviyyəsinin enməsi və bunun ətraf ölkələrə təsiri, dənizin ekosisteminin və bioloji müxtəlifliyinin qorunması, balıq ehtiyatlarının bərpası və digər mövzulardan bəhs edilir.

Gələcəkdə filmin beynəlxalq sənədli filmlər festivallarında iştirakı, internet və televiziyada tədris proqramlarında, ekoloji təbliğat məzmunlu tədbirlərdə istifadə olunacağı gözlənilir.

Azərbaycanın geoloqları və hidrogeoloqları, bioloqları və coğrafiyaşünasları Xəzərin problemlərinin hərtərəfli öyrənilməsində, bu sahədə elmi tədqiqatlarda həmişə aparıcı mövqelərdə olublar. Sözügedən filmin ssenarisində Azərbaycandan olan ekspertlərin çıxışlarına geniş yer verilməsi nəzərdə tutulub.

AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev çəkiliş  qrupuna  Xəzərin enerji resurslarından istifadə perspektivləri, karbohidrogenlərin çıxarılması prosesində ekologiyanın qorunması tədbirləri, qlobal iqlim dəyişikliklərinin Xəzərə təsiri, dənizin unikal ekosisteminin öyrənilməsində beynəlxalq əməkdaşlığın əhəmiyyətindən danışıb, dənizin səviyyə tərəddüdlərinin proqnozlaşdırılması məsələlərinə toxunub.

Elm və Təhsil Nazirliyinin akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun şöbə müdiri, coğrafiya elmləri doktoru, professor Əmir Əliyev isə Xəzər dənizinin səviyyə dəyişmələrinin tarixi, indiki vəziyyəti, dəyişmə səbəbləri və nəticələri barədə müsahibə verib, Xəzəryani ölkələrin mütəxəssislərindən ibarət vahid monitorinq mərkəzinin yaradılmasının vacibliyini qeyd edib.

Həmin institutun böyük elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru, Cenevrə Universitetinin  post-doktorantı, beynəlxalq CASPİSNET şəbəkəsinin koordinatoru Elnur Səfərov Xəzərin sərvətlərinin gələcək nəsillər üçün qorunub saxlanılması üçün həyata keçirilən elmi tədqiqatlardan bəhs edib.

Film üçün Bakının Dağüstü parkdan mənzərəsi, əsrlərlə Xəzərin suları altında qalmış Səbayıl qalası, Azərbaycan Milli Elmlər Akademiyasının binası və şəhərimizin digər maraqlı yerlərinin çəkilişləri aparılıb. Dünyada muzeyə çevrilmiş ilk tanker olan “Suraxanı” gəmi-muzeyində  Xəzərin tarixi, Abşeronda neft hasilatı, gəmiçiliyin inkişafı, qədim naviqasiya alətləri, 5000 ilə yaxın tarixə malik dəniz düyünləri, lövbərlər və s. eksponatlarla tanışlıq və maraqlı çəkiliş üçün geniş imkanlar qonaqlarda xoş təəssürat yaradıb.

Yaradıcı heyət çəkilişlərin həyata keçirilməsində göstərilmiş köməyə və qonaqpərvərliyə görə ölkəmizə, Azərbaycan Milli Elmlər Akademiyasına, iştirakçılara minnətdarlığını bildirib.

Qeyd edək ki, filmin Bakıdakı çəkilişlərinin təşkilində AMEA-nın vitse-prezidentinin xidmətinin elmi katibi Sadıx Nəbiyev və vitse-prezidentin köməkçisi, yer elmləri üzrə fəlsəfə doktoru Rəqsanə Əsgərova da yaxından iştirak ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: