Elm və Təhsil Nazirliyinin Geologiya və Geofizika İnstitutunun Elmi şurasının iclası keçirilib.
Öncə institutun baş direktoru, akademik Akif Əlizadə gündəlikdə duran məsələləri Şura üzvlərinin diqqətinə çatdırıb.
Sonra sözügedən müəssisənin şöbə müdiri Natəvan Abdullayeva və biologiya üzrə fəlsəfə doktoru Tariel Eybatov “Onurğalılar paleontologiyası sahəsində yeni tədqiqatlar haqqında” mövzu ilə bağlı məruzə ediblər. Natiqlər Azərbaycanda qazıntı halında tapılmış onurğalı heyvanların DNT analizləri, bu sahədəki nailiyyətlər, problemlər və perspektivləri diqqətə çatdırıblar. Həmçinin DNT-nin 21 variantı (forması), onun araşdırılması tarixi haqqında danışıblar. İclas iştirakçıları biologiya sahəsində hələlik həyata keçirilmiş ən böyük layihə olan insan genomu layihəsi (HGP) haqqında məlumatı da maraqla qarşılayıblar.
Alimlər Azərbaycanda paleogenetika və arxeogenetika elm sahələrinin gələcək inkişafı, fosil heyvanların genetik analizi, onun üsulları, real imkanlar və perspektivlər barədə ətraflı söz açıblar.
Mövzu ilə bağlı müzakirələrdə Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun icraçı direktoru, b.ü.f.d., dosent Ələmdar Məmmədov, laboratoriya müdiri b.ü.f.d., dosent Nurməmməd Mustafayev, kiçik elmi işçi, doktorant Zərrintac Rüstəmova və kiçik elmi işçi Şəlalə Məcidova da iştirak ediblər.
Sonra iclasın gündəliyinə uyğun olaraq elmi-təşkilati məsələlər müzakirə olunub. Akademik Akif Əlizadə elmi-tədqiqat proqramlarının institutun tematik planına daxil edilməsi ilə bağlı səsləndirdiyi təkliflər hərtərəfli müzakirə olunub, mövzular və icra tarixləri dəqiqləşdirildikdən sonra Elmi şura tərəfindən qəbul edilib.
Dissertasiyaların Müdafiəsi şurasının yeni tərkibi haqqında Geologiya və Geofizika İnstitutunun Dissertasiya şurasının elmi katibi Dilquşa Mirzəyeva məlumat verib. AMEA-nın həqiqi üzvü Əkpər Feyzullayevin sədrliyi altında Dissertasiya şurasının fəaliyyətinin davam edəcəyini diqqətə çatdırıb.
“Geoinformatika, georesurslar, geoekologiya” mövzusunda IX ənənəvi beynəlxalq elmi konfransına hazırlığın gedişatı müzakirə olunandan sonra iclasda müxtəlif məsələlərə baxılıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.