Hörmətli həmkarlar!
Azərbaycanın çoxəsrlik zəngin dövlətçilik tarixinin XX əsrin əvvəllərindəki təntənəsi olan Azərbaycan Xalq Cümhuriyyəti mövcud olduğu qısa müddət ərzində bir çox nailiyyətlər əldə etmiş, ən başlıcası isə həmin dövrdə Azərbaycanın bir dövlət kimi varlığı beynəlxalq subyekt tərəfindən tanınmışdır.
Dünyaya bir çox görkəmli şəxslər bəxş etmiş Azərbaycan xalqının yetişdirdiyi məhz maarifçi ziyalılar nəslinin qurduğu Azərbaycan Xalq Cümhuriyyəti demokratik, hüquqi və dünyəvi dövlət prinsiplərini əsas tutmuş, müsəlman Şərqinin ilk parlamentli respublikası olmuşdur. Bir çox dövlətçilik təsisatının formalaşdırılması, milli ordunun yaradılması, iqtisadi islahatların aparılması, milli pul vahidinin, üç rəngli bayrağımızın qəbul edilməsi, Azərbaycan dilinin dövlət dili elan olunması, Azərbaycanın ilk universitetinin açılması, ölkə ərazisində yaşayan azsaylı xalqların bərabər vətəndaşlıq hüquqlarının tanınması, qadınlara ilk dəfə seçki hüququnun verilməsi, qonşu dövlətlərlə diplomatik əlaqələrin yaradılması, bütün bunlar AXC hökumətinin cəmi 23 aya sığdırdığı tarixi xidmətlər idi.
Və Azərbaycan Xalq Cümhuriyyətinin bu tarixi xidmətləri xalqımızın yaddaşında dərin izlər buraxmış, 70 illik sovet hakimiyyəti dövründə istiqlal eşqinin daim qəlblərdə yaşamasına səbəb olmuşdur. Məhz bunun nəticəsində 1991-ci ildə dövlət müstəqilliyini bərpa edən müstəqil Azərbaycan dövləti özünün Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğunu bütün dünyaya elan etmişdir.
Ulu Öndər Heydər Əliyev də Azərbaycan Xalq Cümhuriyyətinə yüksək qiymət vermiş, 1998-ci il mayın 27-də AXC-nin 80 illik yubileyinə həsr olunmuş təntənəli mərasimdə bildirmişdir: “Azərbaycan Xalq Cümhuriyyətinin yaranması bizim vaxtilə itirilmiş dövlətçiliyimizi bərpa etdi. Eyni zamanda, Azərbaycan Xalq Cümhuriyyətinin yaranması xalqımızın tarixində ilk dəfə demokratik prinsiplər əsasında müstəqil Azərbaycan dövlətinin, hökumətinin yaranmasının əsasını qoydu. Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, istiqlal Bəyannaməsinin elan olunması böyük zəka, uzaqgörənlik, cəsarət, iradə, qəhrəmanlıq tələb edirdi. Bizim dəyərli siyasi xadimlərimiz o gün, o il, o ay bu tarixi addımı atdılar”.
16 may 2017-ci ildə isə Prezident İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin qeyd olunması haqqında Sərəncam imzalamış, eyni zamanda 10 yanvar 2018-ci il tarixli Sərəncamı ilə 2018-ci il Azərbaycan Respublikasında “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilmişdir.
Heç şübhəsiz, Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın ictimai fikir tarixində, milli təfəkkürünün yaranmasında, dövlətçilik institutunun davam etdirilməsində mühüm rol oynamışdır və onun açdığı yol, demokratik dəyərlər bu gün müstəqil Azərbaycan dövlətinin getdiyi şərəfli yola işıq saçır.
Dəyərli Akademiya əməkdaşları, Sizi Müstəqillik Günü münasibətilə təbrik edir, cansağlığı və elmi-tədqiqat işlərinizdə uğurlar arzulayıram.
İsa HƏBİBBƏYLİ,
Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.