İyunun 5-də AMEA-nın Əsas binasının önündəki Elmlər Akademiyası parkında İkinci Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının (II LitBookFest) açılışı olub.
Festival Beynəlxalq Türk Müəllifləri Birliyinin təşkilatçılığı, Azərbaycan Yazıçılar Birliyi (AYB), Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Milli Məclisin Mədəniyyət komitəsi, Azərbaycan Milli Elmlər Akademiyası, Bakı Şəhər İcra Hakimiyyəti, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu, Beynəlxalq Türk Akademiyası, TÜRKSOY, TÜRKPA, Yunus Əmrə İnstitutu, İLESAM və digər qurumların dəstəyi ilə keçirilir.
Açılış mərasimində öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Daha sonra I Qarabağ müharibəsi qazilərinə həsr olunan “Əsgərnamə elegiyası” və II Qarabağ müharibəsi qazilərinə həsr olunan “İgidlərin sözü” layihələri təqdim edilib.
Tədbirdə çıxış edən Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar builki festivalın Türkiyə Cümhuriyyətinin qurulmasının 100 illiyinə və Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunduğunu bildirib. O, festivalın Türk dünyasının sarsılmaz birliyinə, eyni mədəniyyətə, ədəbiyyata, tarixə malik olan türk dövlətlərinin əlaqələrinin daha da möhkəmlənməsinə töhfə verəcəyinə əminliyini ifadə edib.
Xalq yazıçısı Anar festivalın təşkilində müstəsna rol oynayan və tədbirə qatılan qardaş türk dövlətlərindən gələn qonaqlara təşəkkür edib.
Sonra Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva çıxış edərək festivalın türk dövlətlərinin dostluğunun, birliyinin daha bir parlaq nümunəsi olduğunu vurğulayıb. Komitə sədri builki festivalda daha çox Zəfər tarixi haqqında yazılan kitabların stendləri bəzədiyini və bunun çox qürurverici olduğunu bildirib.
Özbəkistanın Səmərqənd şəhərində keçirilən Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşünün Türk dünyasının birliyinin gücləndirilməsi yolunda növbəti mərhələni təşkil etdiyini deyən Qənirə Paşayeva bildirib ki, həmin tədbirdə Prezident İlham Əliyev bütün sahələrdə türk dövlətləri arasında əməkdaşlığın inkişafının əsas olduğunu vurğulayıb: “Ölkə Prezidenti İlham Əliyev Zirvə Görüşündə çıxışı zamanı ortaq tarixi-mədəni irsə malik türk birliyinin vacibliyini bildirərək, Vətən müharibəsində qazanılan Qələbənin əhəmiyyətini və Zəngəzur dəhlizinin Türk dünyası üçün önəmini xüsusi qeyd edib”.
Çıxışının sonunda Qənirə Paşayeva İkinci Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının təşkilində məqsədin kitabı təbliğ etmək və kitaba olan marağı artırmaq olduğunu söyləyərək, gəncləri bu tədbirdə fəal iştiraka dəvət edib.
Tədbirdə Xalq şairi Sabir Rüstəmxanlı, AMEA-nın vitse-prezidenti, akademik Dilqəm Tağıyev, AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun baş direktoru, akademik Teymur Kərimli və başqaları çıxış edərək festivalın böyük söz bayramı olduğunu, türk xalqları arasında ədəbi-mədəni əlaqələri gücləndirəcəyini və gənc nəslin Türk dünyasının böyük şəxsiyyətlərini tanımasına yardım edəcəyini vurğulayıblar.
Qeyd edək ki, 11 iyun tarixinədək davam edəcək festival çərçivəsində təşkil olunan kitab yarmarkasında müxtəlif nəşriyyatlar iştirak edirlər. Festival hər gün bir ölkənin adı ilə Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Özbəkistan və Macarıstan günü kimi adlandırılacaq. Eyni zamanda müxtəlif elmi konfranslar, simpoziumlar, şeir saatları, imza günləri təşkil olunacaq. Həmçinin builki festivalda ilk dəfə olaraq yay kinoteatrı formatında filmlərin nümayişi də gözlənilir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.