Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

09.06.2023 11:27
  • A-
  • A
  • A+

AMEA-nın Gəncə Bölməsində Əməkdar jurnalist Qərib Mehdinin yeni kitabının təqdimatı keçirilib

AMEA-nın Gəncə Bölməsində Əməkdar jurnalist Qərib Mehdinin yeni kitabının təqdimatı keçirilib

Tanınmış nasir, dramaturq, şair, publisist, Əməkdar jurnalist Qərib Mehdinin yeni çapdan çıxmış 50-ci kitabı AMEA-nın Gəncə Bölməsində təqdim olunub.

Tədbirdə Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev görkəmli qələm ustasını bu elm ocağında görməkdən və onunla ünsiyyətdən şad olduğunu dilə gətirərək, yazıçını yeni kitabının çapı münasibətilə təbrik edib. O, Qərib Mehdini Nizami yurdunun, eləcə də ölkəmizin ədəbi-publisistik mühitinin nəhəng şəxslərindən biri kimi xarakterizə edərək, onun qələminin hər bir məhsulunun yüksək dəyərləri tərənnüm etdiyini vurğulayıb.

Görüşdə çıxış edənlərdən Gəncə Dövlət Universitetinin dosenti, pedoqoji elmlər üzrə fəlsəfə doktoru Bayram Apoyev, AMEA-nıın Gəncə Bölməsinin şöbə müdiri, filologiya üzrə fəlsəfə doktoru Ruziyə Quliyeva, Gəncə Bölməsinin Nizami Gəncəvi Mərkəzinin direktoru, filologiya üzrə fəlsəfə doktoru Əlimuxtar Muxtarov,  Gəncə şəhəri Mir Cəlal Paşayev Ev-Muzeyinin direktoru İradə Paşayeva, “Gəncənin səsi” qəzetinin əməkdaşı, publisist Firəngiz İsmayılova, eləcə də Gəncə Bölməsinin əməkdaşları - filoloqlar, elmin digər sahələrində çalışan ədəbiyyatsevərlər Qərib Mehdinin ömür və yaradıcılıq yolunun, onun əsərlərinin xüsusiyyət və məziyyətlərindən danışıb, yazıçının Azərbaycan ədəbiyyatında özünəməxsus iz qoyduğunu qeyd ediblər.

87 yaşlı qocaman yazıçı öz çıxışında kitabında 50 nəfəri Gəncədə, 50 nəfəri isə Bakıda yaşamış, ictimai və mədəni həyatımızda iz qoymuş, dünyasını dəyişmiş görkəmli şəxslərlə bağlı xatirələrdən ibarət olan “Xatırla ki, yaşayım” adlı 50-ci kitabının Gəncənin başlıca elm ocağında müxtəlif yaş nəsillərini təmsil edən insanların diqqətinə təqdim etməkdən məmnun olduğunu bildirib. Qərib Mehdi bu görüşün təşkilinə və Gəncənin yaradıcı insanlarına həssas münasibətə görə akademik Fuad Əliyevə və onun rəhbərlik etdiyi bu elm ocağının kollektivinə təşəkkür edib. O, yazıçı üçün hər bir əsərin mənəvi və fəlsəfi yükünün cəmiyyətə təsirinin vacibliyinə də diqqət çəkib.

Görüşün sonunda xatirə şəkli çəkilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: