Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun həmtəsisçisi olduğu “Kimya Problemləri” (“Chemical Problems”) jurnalının “Scopus” indeksləşmə bazasında 2022-ci il üçün impakt faktoru açıqlanıb.
Bu il üçün “Scopus” bazasının analiz parametrləri üzrə elan olunan nəticələrinə əsasən, jurnal əhəmiyyətli dərəcədə müsbətə doğru irəliləyib. Belə ki, jurnalın 2021-ci ildə 0.1 olan impakt faktoru 2022-cü il üçün 0.6 elan edilib.
“Kimya Problemləri” (“Chemical Problems”) jurnalı 2002-ci ildə Akif Əliyev tərəfindən təsis edilib, 2003-cü ildən nəşr olunmağa başlayıb. İndiyə qədər jurnalda 2100-dən artıq elmi məqalə dərc olunub.
Jurnal 2009-cu ildən Chemical Abstract elmi informasiya bazasında referatlaşdırılır. Jurnal dövrü nəşrlərin beynəlxalq qeydiyyat mərkəzində qeydiyyatdan keçib, 2221-8688 (print) və 2522-1655 (online) ISSN indeksini alıb. Bundan başqa, “Kimya Problemləri” (“Chemical Problems”) jurnalı bir çox nüfuzlu biblioqrafik, referativ bazalarda, repozitariyalarda və axtarış sistemlərində yerləşdirilib. 2016-cı il (№ 1) – 2019-cu il (№ 3) daxil olmaqla, jurnalda dərc edilən elmi məqalələr “Web of Science” bazasında indeksləşdirilib və 2018-ci ildən rəqəmsal axtarış sistemi üçün “Crossref”də qeydiyyatdan keçərək DOİ alıb.
2015-ci ildən “РИНЦ” və RSCI Rusiya indeksləşmə bazalarına daxildir. Qeyd etmək lazımdır ki, RSCI – “Web of Science” platformasında “eLibrary” və “Clarivate Analytics” bazaları arasında bağlanmış müqaviləyə əsasən yaradılıb.
2021-ci ilin sentyabr ayından jurnal “Scopus” beynəlxalq indeksləşmə bazasına daxil edilib.
Qeyd edək ki, “Chemical Problems” jurnalı Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının təsdiq etdiyi beynəlxalq nüfuzlu elmi bazalara daxil olan tövsiyə olunan jurnallar siyahısına daxildir. Jurnalın baş redaktoru akademik Vaqif Fərzəliyevdir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.