İyun ayının 12-də (488453) 1994 XD asteroidi Yerə maksimum yaxınlaşaraq 3 mln km məsafədən keçəcək.
Asteroid 1 dekabr 1994-cü ildə Kit-Pik rəsədxanasında aşkar olunub. O, Apollonlar ailəsinə aid asteroiddir. Bu asteroidlər Yerətrafı asteroid qrupu olub, Günəşə Yerdən daha çox yaxınlaşırlar və orbitləri Yer orbitinə daxil olur.
N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından verilən məlumata görə, Asteroid perihelidə Veneranın orbitini də keçərək Günəşə 90 mln km yaxınlaşır. Afelidə isə Marsın da orbitini ötərək Günəşdən 630 mln km uzaqlaşır. Ölçüsü 600-800 km olan (488453) 1994 XD asteroidi Günəş ətrafında 3.59 ilə (1313 Yer sutkası), öz oxu ətrafında isə 3 saata fırlanır. Asteroidin 2005-ci ildə ölçüsü 150 m olan kiçik peykinin də olması məlum olub. Peyklə asteroidin arasındakı məsafə 200 m-dir və peyk asteroidin ətrafında 18 saata dövr edir. (488453) 1994 XD-ün orbit müstəvisi Yerin orbit müstəvisi ilə ~4o-lik bucaq əmələ gətirir və 18 ildən bir Yerə ən yaxın məsafədən keçir (~3 mln km). Asteroidin belə yaxınlaşması onun ölçüsünün dəqiq təyin olunmasına və səthinin relyefinin xəritələşdirilməsinə şərait yaratmış olur.
Asteroid iyunun 12-si Bakı vaxtı ilə saat 02:53-də gecə göyünün Şimal yarımkürəsində Qu bürcündən Sefey bürcünə keçəcək. ~14m vizual ulduz ölçüsünə malik asteriodi orta ölçülü teleskopda belə müşahidə etmək çətin olacaqdır.
Hesablamalar göstərir ki, asteroidin Yerlə toqquşması ehtimalı 2174-cü ilə kimi demək olar ki, 0-a yaxındır. Asteroid Yerə nəzərən sürətlidir və onun sürəti 21 km/san-dir. Bu səbəbdən Yerin cazibəsinə düşmək ehtimalı olmadığına görə, planetimizin yaxınlığından təsirsiz ötüb keçəcəkdir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.