Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

12.06.2023 11:15
  • A-
  • A
  • A+

Nizami muzeyində “Azərbaycan dramaturgiyası və Azərbaycan milli teatrı”mövzusunda respublika konfransı keçirilib

Nizami muzeyində “Azərbaycan dramaturgiyası və Azərbaycan milli teatrı”mövzusunda respublika konfransı keçirilib

Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində Azərbaycan milli teatrının yaradılmasının 150-ci ildönümünə həsr olunmuş “Azərbaycan dramaturgiyası və Azərbaycan milli teatrı” mövzusunda respublika elmi konfransı keçirilib.

Konfrans Prezident İlham Əliyevin “Azərbaycan peşəkar milli teatrının 150 illik yubileyinin qeyd edilməsi haqqında” 2023-cü il 3 fevral tarixli Sərəncamına əsasən təşkil edilib. Əvvəlcə tədbir iştirakçıları görkəmli dramaturqlar Hüseyn Cavidin və Cəfər Cabbarlının yaradıcılığından bəhs edən sərgi ilə tanış olublar.

Konfransı Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin baş direktoru, akademik Rafael Hüseynov açaraq Azərbaycan milli teatrının və dramaturgiyasının tarixindən, keçdiyi təkamül yolundan, o cümlədən dramaturji poetikanın xüsusiyyətlərindən söz açıb. Konfransın mövzusunun əhəmiyyətinə diqqət çəkən akademik bildirib ki, Azərbaycan dramaturgiyası və milli teatrı hər bir azərbaycanlı, eyni zamanda, tariximiz və mənəviyyatımız üçün yüksək məna və dəyər daşıyır. Çünki peşəkar tariximizin yaşı ilk afişadan götürülsə də əslində Azərbaycan teatrının yaşı daha qədimdir. Meydan tamaşalarından tutmuş, xalq arasındakı müxtəlif kütləvi tamaşa növlərindən başlamış milli teatrımız özünəməxsus tərzdə inkişaf edib, təkamül yolu keçib.

Rafael Hüseynovun sözlərinə görə, Azərbaycan peşəkar teatrının yarandığı 1873-cü il mədəniyyət hadisəsi Avropa üslublu teatr tariximizin başlanğıc dövrüdür. Lakin Azərbaycanda hələ orta əsrlərdə imam Hüseyn müsibətini səhnələşdirən şəbih tamaşaları göstərilirdi. Akademik onu da əlavə edib ki, Məhəmməd Füzulinin “Hədiqətüs-süəda” əsərini bu mənada Kərbəla hadisələrindən bəhs edən xüsusi bir ssenari hesab etmək olar. Ərəb və farsdilli mənbələrdə bu mövzuda yazılmış əsərlərdən fərqli olaraq ustad Füzulinin yaratdığı poemada həmin faciənin türkmənşəli tarixi qəhrəmanlarının da obrazları yer alır.

R.Hüseynov dahi bəstəkar Üzeyir Hacıbəylinin “Leyli və Məcnun”dan “Koroğluya” qədər” məqaləsinə istinad edərək xalq musiqisi əsasında yazılmış “Leyli və Məcnun” operasından Avropa üslubunun tələblərinə cavab verən “Koroğlu” operasına qədərki inkişaf dövrünü Azərbaycan operasının otuz illik yüksəliş çağı olduğunu qeyd edib.

Akademik R.Hüseynov Azərbaycan dramaturgiyasının da inkişaf mərhələlərindən bəhs edərək, rus, Avropa ədəbiyyatına yaxından bələd olmuş Nəcəf bəy Vəzirov, Əbdürrəhim bəy Haqverdiyev və digər ədiblərimizin zəngin dramaturji irsini teatr sənətinin vüsəti adlandırıb. Azərbaycan dramaturgiyasının şərəfli tarixinə nəzər salan R.Hüseynov Hüseyn Cavidin və Cəfər Cabbarlının yaradıcılığından söz açıb. Zəngin Azərbaycan dramaturgiyasının inkişafında bu böyük mütəfəkkir ədiblərin xüsusi rolu olduğunu vurğulayıb. Qeyd edib ki, Hüseyn Cavid Azərbaycan poetik teatrının təməlini qoyan bir şəxsdir. Cəfər Cabbarlı isə müasir Azərbaycan dramaturgiyasının yaradıcısı idi.

Azərbaycan Dövlət Teatr Muzeyinin direktoru Sevinc Mikayılova rəhbərlik etdiyi mədəniyyət ocağının yaranma tarixindən və fəaliyyətindən söz açıb. O, xalqımızın mədəni sərvəti hesab olunan teatr sənətinin çox zəngin tarixi yol keçdiyini söyləyib, bu tarixin qorunaraq gələcək nəsillərə ötürülməsində Azərbaycan Dövlət Teatr Muzeyinin xüsusi rolu olduğunu qeyd edib.

Konfransın plenar iclasında AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Müasir Azərbaycan dili şöbəsinin müdiri filologiya elmləri doktoru, dosent Nərgiz Hacıyevanın “Azərbaycan dramaturgiyasında tələffüz məsələləri”, Azərbaycan Dillər Universitetinin əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru, dosent Vüsalə Ağabəylinin “Azərbaycan dramaturgiyasının banisi M.F.Axundzadənin yaradıcılığında gender problemi”, Nizami Muzeyinin əməkdaşı Zarema İbrahimovanın “Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin dəyişilən ekspozisiyasında Azərbaycan teatrının əksi keçmişdə və indi” mövzusunda məruzələri dinlənilib.

Elmi konfransın “Azərbaycan teatr tarixi muzey arxivlərində”, “Tarixi şəxsiyyətlər dram əsərlərində və teatr səhnəsində”, “Teatr tarixi, teatr tənqidi və ədəbi tənqid” və digər mövzuları əhatə edən bölmə iclaslarında ən müxtəlif elm, təhsil, mədəniyyət ocaqlarından daxil olmuş məruzələr təqdim edilib.

Konfransın yekununda iştirakçılara sertifikatlar təqdim edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: