Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

12.06.2023 15:34
  • A-
  • A
  • A+

Şəkidə yazıçı-dramaturq Rəşid bəy Əfəndiyevə həsr olunmuş konfrans keçirilib

Şəkidə yazıçı-dramaturq Rəşid bəy Əfəndiyevə həsr olunmuş konfrans keçirilib

AMEA-nın Şəki Regional Elmi Mərkəzinin (ŞREM) və Şəki “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğunun birgə təşkilatçılığı ilə Şəki Dövlət Regional Kollecində görkəmli yazıçı-dramaturq, ictimai xadim Rəşid bəy Əfəndiyevə həsr olunmuş “Maarif fədası” adlı elmi-praktik konfrans keçirilib.

Tədbiri giriş sözü ilə açan ŞREM-in elmi işlər üzrə direktor müavini, b.ü.f.d. Fərhad Əzizov Rəşid bəy Əfəndiyev kimi dünya miqyasında tanınan şəxsiyyətin işığına toplaşmaqdan böyük fəxarət hissi keçirdiyini qeyd edib.

Sonra AMEA-nın Şəki Regional Elmi Mərkəzinin elmi katibi Elşən Abdurahmanov “Rəşid bəy Əfəndiyevin tərcümeyi-halı dövrün ictimai-siyasi və mədəni vəziyyətinin öyrənilməsində mənbə kimi” adlı məruzə ilə çıxış edib. Məruzəçi bildirib ki, “Tərcümeyi-hal”da Şəkinin məscid və mədrəsələri, bu mədrəsələrdə istifadə olunan tədris proqramları, müdərrislər, rus məktəbləri, əhalinin bu məktəblərə münasibəti, teatrın təşkilinə ictimai münasibət və s. mədəni-təhsil məsələləri ilə yanaşı, Şəki qəzasında, həmçinin Azərbaycanda baş verən ictimai-siyasi vəziyyətin müəyyən nüansları müfəssəl şəkildə şərh olunub.

AMEA-nın Şəki Regional Elmi Mərkəzinin Folklorşünaslıq və el sənətləri şöbəsinin aparıcı elmi işçisi, fil.ü.f.d., dosent Ulduz Mürşüdova “Rəşid bəy Əfəndiyevin yaradıcılığında qadına münasibət” adlı məruzəsində qeyd edib ki, Rəşid bəyin qadına münasibəti onun bədii yaradıcılığından qırmızı xətlə keçir. Alim R.Əfəndiyevin və M.F.Axundovun qadınlar haqda fikirlərini səsləndirərək onların qadına münasibətini təhlil edib.

Rəşid bəy Əfəndiyevin ev muzeyinin direktoru Vəfa Qasımzadə “Rəşid bəy Əfəndiyevin ev muzeyi” adlı çıxışında muzeyin 1992-ci ildən fəaliyyətə başladığını, 2013-2014-cü illərdə yenidən restavrasiya olunduğunu bildirib. O, otaqların sayı, interyeri və eksteryeri haqqında məlumat verib və konfrans iştirakçılarını muzeyə dəvət edib.

Rəşid bəy Əfəndiyev adına Şəki Tarix-Diyarşünaslıq və Etnoqrafiya muzeyinin direktoru Vüqar Mustafayev isə “Rəşid bəy Əfəndiyevin pedaqoji fəaliyyəti” adlı məruzəsində Əfəndiyevin pedaqoji fəaliyyəti, yeni əlifba yaratmaq cəhdləri, tərcüməçilik fəaliyyəti, həmçinin “Bəsirətül-ətfal” əsərində müəllifin pedaqoji görüşləri haqqında məlumatları iştirakçılarla bölüşüb.

Tədbirdə “Rəşid bəy Əfəndiyevin dini görüşləri” mövzusunda çıxış edən ŞREM-in əməkdaşı Habil Xəlilov “Qurani-Kərim”in bir çox surələrindən nümunə gətirərək, Rəşid bəy Əfəndiyevin “Müxtəsər şəriyyət” əsərini təhlil edib.

Mərkəzin Tarixi irs və etnoqrafiya şöbəsinin elmi işçisi Reyhan Mənəfova nitqində “Qonşu-qonşu olsa, kor qız ərə gedər əsərinin ideya-bədii xüsusiyyətləri” haqqında bəhs edib. Qeyd edib ki, əsərin əsas ideyası qızların maariflənməsi, təhsilə cəlb edilməsidir. 1913-cü ildə yazılan bu əsərin əsas süjet xəttini isə Qəbələdən gələn Qaçaq bəy adlı tacirin Şəkidə ailə qurması təşkil edir. Əsər bədii cəhətdən zəif olmasına baxmayaraq, Şəkidə olan ictimai, siyasi mühitin, dövrün etnoqrafik elementlərinin, Şəki dialektinin öyrənilməsi və araşdırılması, həmçinin erməni xislətinin üzə çıxarılması baxımından əhəmiyyətlidir.

Şəki “Yuxarı baş” Milli Tarix Memarlıq Qoruğunun elmi işçisi Zəminə Rəsulova “Rəşid bəy Əfəndiyevin əsari-ətiqələr adlandırdığı Şəki abidələrinin müasir vəziyyəti” adlı məruzəsində abidələrin müasir vəziyyətindən bəhs edib, onların ilk mühafizəçisinin də məhz müəllifin özü olduğunu vurğulayıb. Ümummilli Lider Heydər Əliyevin nüfuzu və səyi nəticəsində Şəki Xan Sarayının Dünya Bankının dəstəyi ilə təmir edildiyini qeyd edib.

Tədbirin yekununda görkəmli maarifçiyə həsr olunan film nümayiş olunub və R.Əfəndiyevin ev muzeyi ziyarət edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: