Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

14.06.2023 16:42
  • A-
  • A
  • A+

“6-cı Qitələrarası Geoinformasiya Günləri (IGD)” adlı beynəlxalq konfrans keçirilib

“6-cı Qitələrarası Geoinformasiya Günləri (IGD)” adlı  beynəlxalq konfrans keçirilib

13-14 iyun tarixlərində AR Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutu və Türkiyənin Mersin Universitetinin  təşkilatçılığı ilə  Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “6-cı Qitələrarası Geoinformasiya Günləri (IGD)” adlı  beynəlxalq konfrans keçirilib.

Tədbirin məqsədi geoinformatika sahəsində kritik problemlərin həlli yollarını, qabaqcıl prinsipləri araşdırmaq, müzakirə etmək və inkişaf etdirmək üçün akademik, elmi dairələr, sənaye və dövlət müəssisələrindən olan tədqiqatçı və mütəxəssisləri bir araya gətirmək olub.

Coğrafiya İnstitutunun baş direktoru, c.e.d. Zakir Eminov və Mersin Universitetinin  Geomatika departamentinin müdiri Murat Yakar salamlama nitqi ilə çıxış ediblər.

Konfransın sədri, institutun şöbə müdiri, coğrafiya elmləri doktoru Səid Səfərov tədbir haqqında iştirakçılara məlumat verib. O bildirib ki, 48-i Türkiyə, 29-u Azərbaycan, 13-ü İran İslam Respublikası, digərləri isə dünyanın müxtəlif ölkələrindən olmaqla 11 ölkədən 105 məruzə konfransa təqdim edilib. Proqrama geodeziya, məsafədən zondlama, fotoqrammetriya, torpaq idarəçiliyi, kartoqrafiya, CİS və geodeziya sahələrində, o cümlədən qabaqcıl təcrübə və yeni tədqiqatlar üzrə onlarla təqdimat daxil edilib.

Konfrans işini 21 bölmədə 5 mövzu üzrə davam etdirib. Coğrafi İnformasiya Sistemləri və kartoqrafiya, 2D-3D-4D GIS, məkan məlumatlarının yaradılması, mobil xəritəçəkmə, ağıllı şəhərlər və ağıllı kənd təsərrüfatı üçün məkan tətbiqləri, bina məlumat modelləşdirilməsi, fotoqrammetriya və uzaqdan zondlama, INSPIRE, LPIS, TUCBS və s. mövzularında ingilis dilində məruzələr dinlənilib, fikir mübadiləsi və müzakirələr aparılıb.

Konfrans geomatika mütəxəssisləri, eləcə də coğrafi məkanı öyrənən digər alim və mütəxəssislər üçün geniş didaktik və əməkdaşlıq imkanları verəcəkdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: