Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

13.10.2015 16:24
  • A-
  • A
  • A+

AMEA Aşqarlar Kimyası İnstitutunun yaradılmasının 50 illiyinə həsr olunan respublika elmi konfransı işə başladı

AMEA Aşqarlar Kimyası İnstitutunun yaradılmasının 50 illiyinə həsr olunan respublika elmi konfransı işə başladı

Oktyabrın 13-də AMEA Aşqarlar Kimyası İnstitutunun yaradılmasının 50 illiyinə həsr olunmuş "Sürtkü materialları, yanacaqlar, xüsusi mayelər, aşqar və reagentlər" mövzusunda respublika elmi konfransı öz işinə başladı.

Bu münasibətlə təşkil olunan konfransın rəsmi açlışında giriş nitqi ilə çıxış edən AMEA-nın vitse-prezidenti, akademik Tofiq Nağıyev bildirdi ki, Aşqarlar Kimyası İnstitutu istər sovet dövründə, istərsə də müstəqillik illərində Azərbaycan kimya elmi və sənayesinin inkişafında müstəsna rol oynayıb: "Akademiyanın prezidenti, akademik Akif Əlizadənin müasir dövrün tələblərinə uyğun olaraq, tətbiqi xarakterli innovativ layihələrə üstünlük verilməsi tövsiyəsindən sonra kimya institutları, o cümlədən Aşqarlar Kimyası İnstitutu öz fundamental və tətbiqi işləri ilə xüsusi ilə seçilir. Respublikamızda sənayeləşmə prosesinə start verilməsini nəzərə alsaq, deyə bilərik ki, Aşqarlar Kimyası İnstitutu kimi elmi müəssisələr daha da inkişaf etdirilməlidir".

T.Nağıyev ölkəmizin yüksəkixtisaslı kadr hazırlığında Aşqarlar Kimyası İnstitutunun da böyük rol oynadığını, şəxsən özünün namizdəlik müdafiəsinin bu institutda olduğunu diqqətə çatdırdı.

Sonra institutun direktoru, akademik Vaqif Fərzəliyev rəhbərlik etdiyi elm ocağının 50 illik fəaliyyəti ilə bağlı geniş təqdimatla çıxış etdi. O, müstəqilliyin ilk illərində, iqtisadiyyatı dağılmış, müharibə şəraitində çətinliklərlə yaşayan bir ölkədə Aşqarlar Kimyası İnstitutu kadr hazırlığı və elmi tədqiqatların nəzəri əsaslarını yaratmaqla yanaşı, ölkə iqtisadiyyatına da öz töhfələrini verdiyini qeyd etdi: "Müharibə iilərində institutun nəzdində olan sınaq zavodunda 100 ton həcmində sənaye yağları istehsal edildi və ölkənin müdafiə sənayesində sərf olundu".

İnstitut rəhbəri artıq bu elm ocağının yeni inkişaf mərhələsinə qədəm qoyduğunu, xarici ölkələrin nüfuzlu elmi müəssisələri ilə əməkdaşlıq etdiyini, həmçinin institutda gənclərin elmə cəlb olunması istiqamətində müxtəlif tədbirlərin həyata keçirildiyini söylədi.

Açılış tədbirində AMEA-nın müxbir üzvü Fəzilə Səmədova da geniş məruzə ilə çıxış etdi.

Sonra 3 bölmə üzrə seksiyalar öz işinə başladı.

Oktyabrın 15-dək davam edəcək konfransda 100-ə yaxın məruzə dinləniləcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

  • Paylaş: