Oktyabrın 13-də AMEA Rəyasət Heyətində bu qurumun İnnovasiya şöbəsinin müraciəti əsasında Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyinin (İSN) Proqram İdarəetmə Qurumunun (PQİ) əməkdaşları tərəfindən seminar keçirilib.
Seminarda Avropa İttifaqının Azərbaycanın dövlət qurumları üçün təklif etdiyi mövcud TVİNNİNQ, TAİEX və SİGMA institusional quruculuq alətləri barədə ətraflı məlumat verilib. İSN-nin Beynəlxalq təşkilatlarla əməkdaşlıq şöbəsinin Avropa İttifaqı ilə əməkdaşlıq sektorunun baş məsləhətçisi Aytəkin Quluzadə və aparıcı məsləhətçisi Ülviyyə Vəliyeva sözügedən alətlər haqqında məlumatlar və mövcud imkanlarla yanaşı, onlardan faydalanmaq üçün müracət qaydaları, eləcə də müxtəlif lazımi praktik bilikləri seminar iştirakçılarının diqqətinə çatdırıblar.
Daha sonra AMEA İdarəetmə Sistemləri İnstitutunun Xarici əlaqələr və innovasiya şöbəsinin müdiri, “HORİZON-2020” Çərçivə Proqramının milli əlaqələndiricisi Tofiq Babayev Avropa İttifaqının digər dəstək aləti olan “HORİZON-2020” barədə təqdimatla çıxış edib.
Seminarda, həmçinin Azərbaycanda İnstitusional Quruculuq Alətlərinə Dəstək layihəsinin (SİBA) rəhbərinin müavini Natavan Aslanova da iştirak edib, mövzu ilə bağlı sualları cavablandırıb.
Tədbirdə AMEA-nın elmi müəssisə və təşkilatlarının Avropa İttifaqı ilə əməkdaşlıq imkanları müzakirə edilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir