Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

23.06.2023 12:00
  • A-
  • A
  • A+

Ədəbiyyat İnstitutu tərəfindən ilin birinci yarısında 49 kitab və monoqrafiya nəşr olunub

Ədəbiyyat İnstitutu tərəfindən ilin birinci yarısında 49 kitab və monoqrafiya nəşr olunub

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun 2023-cü ilin I yarısı üçün elmi və elmi-təşkilati fəaliyyətinə dair hesabatının müzakirəsinə həsr olunmuş Elmi şurasının iclası keçirilib.

AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli gündəlikdə duran məsələlər haqqında məlumat verib, 2023-cü ilin birinci yarım ilinin Ədəbiyyat İnstitutu üçün elmi nailiyyətlərin əldə edilməsi baxımından əhəmiyyətli olduğunu vurğulayıb.

Daha sonra institutun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Aygün Bağırlı müəssisənin 2023-cü ilin I yarısı üçün elmi və elmi-təşkilati fəaliyyətinə dair hesabatı təqdim edib. Bildirib ki, “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 29 sentyabr 2022-ci il tarixli Sərəncamına uyğun olaraq  institutun təşkilatçılığı ilə çoxsaylı beynəlxalq və respublika səviyyəli elmi konfrans, elmi sessiya, panel müzakirələri keçirilib, institutun əməkdaşları müxtəlif müəssisələrdə Ulu Öndərin 100 illiyinə həsr olunmuş tədbirlərdə məruzələrlə çıxış ediblər. Həmçinin “Heydər Əliyev İli”nə töhfə olaraq 6 kitab hazırlanaraq çap olunub. Qeyd olunanlarla yanaşı, “Ulduz” jurnalının, “Ədəbiyyat” qəzetinin Xüsusi buraxılışlarında, eləcə də digər kitab və toplularda institut əməkdaşlarının məqalələri dərc olunub.

Vurğulanıb ki, “Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 6 dekabr 2022-ci il tarixli Sərəncamına uyğun olaraq oktyabr ayında keçiriləcək “Əhməd Ağaoğlu və Türk dünyası” mövzusunda beynəlxalq elmi konfransa hazırlıq işləri davam etdirilir.

Aygün Bağırlı qeyd edib ki, hesabat dövründə ümumilikdə 49 kitab və monoqrafiya, 46-sı xaricdə olmaqla 524 məqalə çap olunub. Ədəbiyyat İnstitutuna aid nəşrlər Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinə, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialına, orta məktəblərə hədiyyə olunub.

Elmi katib hesabat məruzəsində Ədəbiyyat İnstitutunun beynəlxalq əlaqələri haqqında da məlumat verib. Bildirib ki, hesabat yarımilində Ədəbiyyat İnstitutu ilə Türkiyə Cümhuriyyətinin Fırat Universiteti arasında faydalı əməkdaşlıq çərçivəsində elmi əlaqələrin inkişaf etdirilməsi niyyətilə, birgə fəaliyyətin təşkili istiqamətində iki elm və təhsil müəssisəsinin bərabərhüquqlu səylərini hüquqi müstəvidə birləşdirən Anlaşma Memorandumu imzalanıb.

Həmçinin qeyd olunub ki, 2023-cü ilin birinci yarısında institutun 14 əməkdaşı dünyanın müxtəlif ölkələrində keçirilmiş toplantı və konfranslarda iştirak etmək üçün ezamiyyətdə olublar.

Diqqətə çatdırılıb ki, hesabat dövründə institutda yeni kadrların hazırlanması istiqamətində ardıcıl işlər aparılıb, 6 magistr dissertasiya işini uğurla müdafiə edərək magistr dərəcəsi alıb. Bundan başqa, müəssisənin 3 əməkdaşı elmlər doktoru, 7 əməkdaşı fəlsəfə doktoru elmi dərəcəsini, 4 əməkdaşı isə dosent elmi adını alıb.

Hesabat məruzəsində, həmçinin institut əməkdaşlarının təltifləri, qurumun yenilənmiş veb-saytının idarə edilməsi vəziyyəti, eləcə də sosial şəbəkələrdə Azərbaycan ədəbiyyatı və Azərbaycan ədəbiyyatşünslığının elmi tədqiqat resurslarının populyarlaşdırılması istiqamətində görülmüş işlər barədə ətraflı məlumat verilib.

Sonra akademik Teymur Kərimli çıxış edərək hesabatı yüksək qiymətləndirərək institutun ilin birinci yarısında yüksək elmi nəticələr əldə etdiyini diqqətə çatdırıb.

İclasda hesabatla bağlı aparılan müzakirələrdə AMEA-nın müxbir üzvü Nüşabə Araslı, professorlar Vüqar Əhməd, İmamverdi Həmidov, Tahirə Məmməd və başqaları çıxış ediblər.

Bundan başqa, tədbirdə Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Elmi şurasının tərkibində dəyişiklik edilib, ədəbiyyatşünas alim Şamil Salmanovun 90 illik yubileyinin keçirilməsi haqqında qərar qəbul edilib. Həmçinin filologiya elmləri doktoru Əlizadə Əsgərlinin “Heydər Əliyev: dünya sivilizasiyasında elit şəxsiyyət” adlı kitabının çapa tövsiyə olunması məsələsi müzakirə olunub.

Sonda akademik İsa Həbibbəyli institutun XX əsr (sovet dövrü) Azərbayan ədəbiyyatı şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Safura Quliyevaya müəssisənin ictimai həyatında fəal iştirakına, ədəbi irsin tədqiqi sahəsində səmərəli elmi fəaliyyətinə və anadan olmasıın 80 illiyinə görə Fəxri fərman təqdim edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: