Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

14.10.2015 09:34
  • A-
  • A
  • A+

“Mədəniyyətlərarası dialoqun gücləndirilməsində Azərbaycan mədəni irsinin təbliğinin rolu” mövzusunda sərgi açılıb

“Mədəniyyətlərarası dialoqun gücləndirilməsində Azərbaycan mədəni irsinin təbliğinin rolu” mövzusunda sərgi açılıb

Oktyabrın 13-də AMEA Ədəbiyyat İnstitutu Mərkəzi Elmi Kitabxananın (MEK) birgə təşkilatçılığı ilə ölkəmizin Macarıstandakı və Polşadakı diplomatik nümayəndəlikləri tərəfindən “Mədəniyyətlərarası dialoqun gücləndirilməsində Azərbaycan mədəni irsinin təbliğinin rolu” mövzusunda sərgi açılıb.

Sərgidə hər iki səfirlik tərəfindən Azərbaycanın mədəni irsinə dair Avropada çap olunan kitablar nümayiş etdirilir.

Tədbirdə AMEA-nın prezidenti, akademik Akif Əlizadə çıxış edərək Azərbaycan mədəni irsinin və elminin dünyada təbliği istiqamətində ölkəmizin Macarıstan və Polşadakı diplomatik nümayəndəlikləri tərəfindən müxtəlif əsərlərin macar və polyak dilində nəşr olunmasını yüksək qiymətləndirib, sərginin mədəni irsin təbliği baxımından əhəmiyyətli olduğunu bildirib. Qeyd edilib ki, 200-dək kitab polyak, 150-dən çox əsər isə macar dilində nəşr olunub.

Multikulturalizmin Azərbaycanın dövlət siyasətinin əsas istiqamətlərindən biri olduğunu qeyd edən akademik sərginin mədəniyyətlərarası dialoqun gücləndirilməsinə mühüm töhfə verəcəyini vurğulayıb.

AMEA Humanitar Elmlər Bölməsinin akademik-katibi, akademik Teymur Kərimli bildirib ki, Azərbaycanın qədim tarixini, elmini, zəngin mədəniyyətini və incəsənətini əks etdirən bu kitablar Avropa ictimaiyyətinin Azərbaycan haqqında daha ətraflı məlumat əldə etməsinə imkan yaradır.

Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev Azərbaycan-Macarıstan ictimai, siyasi və mədəni əlaqələrinin tarixindən danışıb, ölkələrimiz arasındakı qarşılıqlı dostluq münasibətlərini qeyd edib. Xarici siyasət sahəsinə gələnə qədər uzun müddət akademiya sistemində çalışdığını bildirən Vilayət Quliyev özünün bir ədəbiyyatşünas kimi yetişməsində akademiya alimlərinin rolunu vurğulayıb.

Ölkəmizin mədəni irsinin təbliği istiqamətində bu günə qədər 8 mədəniyyətlərarası dialoq forumunun keçirildiyini bildirən diplomat Azərbaycanın qədim və zəngin mədəniyyətinin milli çərçivədən çıxaraq ümumdünya mədəniyyətinin bir parçasına çevrildiyini deyib.

Tədbirdə Azərbaycanın Polşadakı səfiri Həsən Həsənov bildirib ki, Azərbaycanın qədim tarixinin təbliği məsələsi diplomatlar qarşısında duran əsas vəzifələrdən biridir. Bu gün məhz nəşr yolu ilə Azərbaycanın tarixi həqiqətləri Avropa ictimaiyyətinə çatdırılmalıdır.

Səfir Azərbaycanın qədim tarixinin və mədəniyyətinin təbliği məqsədilə Polşanın təhsil, elm və mədəniyyət sahələrində fəaliyyət göstərən təşkilatlar ilə geniş əlaqələr qurulduğunu, bu istiqamətdə əməkdaşlığın genişləndirildiyini bildirib.

Tədbirdə çıxış edən Macarıstan Respublikasının Azərbaycandakı səfiri İmre Laslotski və Polşa Respublikasının Azərbaycandakı səfirinin elçi müşaviri Anje Yankovski Azərbaycanın mədəni irsini layiqincə təbliğ etməyin əhəmiyyətini vurğulayıblar.

Kitabxananın direktoru, tibb üzrə fəlsəfə doktoru Leyla İmanova sərgidə nümayiş olunan və MEK-ə hədiyyə edilən kitabların elektron variantının “Milli rəqəmsal yaddaş”a daxil ediləcəyini bildirib, müxtəlif dillərdə olan bu ədəbiyyatların kitabxana fondunun dil müxtəlifliyini zənginləşdirmək baxımından əhəmiyyətini vurğulayıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

  • Paylaş: