Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

25.06.2023 13:10
  • A-
  • A
  • A+

Humanitar Elmlər Bölməsinin Elmi şurasının iclası keçirilib

Humanitar Elmlər Bölməsinin Elmi şurasının iclası keçirilib

AMEA-nın Humanitar Elmlər Bölməsinin Elmi şurasının iclası keçirilib.

Tədbiri Humanitar Elmlər Bölməsinin Elmi şurasının sədr müavini, akademik Teymur Kərimli açaraq gündəlikdə duran məsələlərlə iclas iştirakçılarını tanış edib. Qeyd edib ki, 2023-cü ilin 23 iyun tarixində Xalq şairi, Əməkdar mədəniyyət işçisi Nigar Rəfibəylinin anadan olmasının 110 illiyi tamam olub. Alim bu iclasın incə ruhlu, zərif təbiətli, Azərbaycan qadınına məxsus ən yüksək xüsusiyyətləri özündə birləşdirən Nigar Rəfibəyliyə həsr olunduğunu diqqətə çatdırıb.

Elmi şuranın iclasında Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Azərbaycan şifahi xalq ədəbiyyatı və yazılı abidələr şöbəsinin baş elmi işçisi, filologiya elmləri doktoru, professor Qəzənfər Paşayevin “Nigar Rəfibəyli haqqında söz” mövzusunda məruzəsi dinlənilib. “Nigar xanımın poeziyası fikir aydınlığı, deyim tərzi, özünəməxsusluğu ilə seçilir. Onun poeziyasının inciləri insanları doğruluğa, saflığa səsləyən təkrarsız sənət nümunələridir. Nigar xanımın poeziyası nəğmə qədər qəlbəyatandır. Çünki onun lirikası kövrək, ülvi duyğuları tərənnüm edir. Odur ki, görkəmli bəstəkarlarımız Nigar xanımın poeziyasından daim bəhrələnmiş, əbədiyaşar mahnılar yaratmışlar. “Dağları duman alanda”, “Ala gözlüm”, “Aman ayrılıq” mahnıları dincəliyicilər tərəfindən rəğbətlə qarşılanıb, dillər əzbəri olub. Güney Azərbaycanda yaranan və hər iki tayda sevilən “Ayrılıq” mahnısının sözləri də məhz Nigar xanımın həsrət nəğməsini andıran “Ayrılıq” şeirinin təsiri altında yazılıb”, - deyə Qəzənfər Paşayev bildirib.

Şairin yaradıcılığında mühüm yer tutan ana mövzusuna diqqəti cəlb edən alim qeyd edib ki, Nigar Rəfibəylinin yaradıcılığında ana mövzusu qırmızı xətt kimi keçir. Şairin analarla bağlı hər şeiri poetik yenilik, xüsusi tədqiqat mövzusudur.

Professor Qəzənfər Paşayev Xalq şairi Nigar Rəfibəylinin keşməkeşli, əzablı və bir o qədər də məhsuldar yaradıcılığı haqqındakı geniş məruzəsini bu cümlələrlə bitirib: “Şanlı bir nəslin yadigarı olan Nigar Rəfibəyli gözəl poeziyası, ziyalılığı və şxəsiyyətinin aliliyi ilə insanların sevimlisinə çevrildi”.  

Sonra Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun XX əsr (Sovet dövrü) Azərbaycan ədəbiyyatı şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent  Safurə Quliyeva “Nigar Rəfibəylinin lirikası” mövzusunda məruzə ilə çıxış edib. Tanınımış şairin yaradıcılığının özünəməxsus xüsusiyyətlərinə diqqəti cəlb edən alim qeyd edib ki, Nigar Rəfibəyli lirikasının başlıca qayə və mövzusu zamanın mühüm ictimai axarı ilə səsləşsə də, şair dövrün bədii yaradıcılığı üçün səciyyəvi olan ritorik pafoslu, təntənəli tərənnüm, təsvir üsulundan qaçmış, sosial problemlərə həssas bir qadın qəlbi ilə yanaşmışdır: “Nigar Rəfibəylinin lirik məni, hər şeydən əvvəl qadın-anadır. “Ana məhəbbəti”, “Dözə bilmirəm”, “Şair taleyi”, “Oğlumdan ayrılan gecə”, “Qızıma”, “Layla”, “Ana səsi” və sair şeirlərində bilavasitə analıq duyğularını rəngli çalarlarla ifadə edib. Bu şeirlərdə şair ananın qəlbi məhəbbət, nəvaziş, qayğı simvoludur. Anaların müqəddəs xeyirxah niyyəti bu şeirlərdə “insanların yolunu işıqlandıran mayaka” bənzədilir. Ana “son bahara”, “qüruba”, övladlar isə “səhərə”, “ilk baharda ətir saçan gözəl, zərif çiçəklərə” təşbeh edilir”. 

Filologiya üzrə fəlsəfə doktoru, dosent Safurə Quliyeva çıxışının sonunda bildirib: “Nigar Rəfibəylinin lirikası təkrarsız bədii üslubu, yüksək mənəvi-əxlaqi özəlliyi, insansevərlik və nəciblik kimi keyfiyyətləri ilə milli poeziyamızda xüsusi yeri və mövqeyi olan bir yaradıcılıqdır. Onun şeirlərində ululardan bəri nəsilbənəsil nəcabətlilik, öz ailə ocağının istisini yarım əsr qoruyaraq daha cilalanmış ənənələrlə övladlarına ötürən bir azərbaycanlı xanımın obrazı canlanır. Klassik poeziyamızın qadın şairlərindən fərqli olaraq Nigar Rəfibəylinin poetik dünyası təkcə mənsub olduğu cəmiyyətə, xalqına deyil, bəşər insanı üçün də açıq və dəyərlidir. XX yüzilliyin ziyalı türk qadınının zəngin mənəvi aləmi, ömür yolu onun bədii irsi ilə xalqın əbədilik yaddaşına həkk olunmuş mədəni sərvətimizdir”.

Daha sonra Elmi şuranın sədr müavini, akademik Teymur Kərimli bir sıra elmi-təşkilati məsələləri iclas iştirakçılarının nəzərinə çatdırıb. Əvvəlcə Humanitar Elmlər Bölməsinin elmi tədqiqat müəssisələrində 2023-cü ilin birinci yarımilliyində həyata keçirilən elmi və elmi-təşkilati fəaliyyətin yekunları müzakirə olunub. Qeyd olunub ki, bölmə Azərbaycan Respublikası Prezidentinin Fərman və sərəncamlarının, habelə müxtəlif Dövlət proqramlarının icrası ilə əlaqədar nəzərdə tutulan işləri yüksək səviyyədə yerinə yetirib. İclasda Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə görülən işlər və qarşıda duran vəzifələr barədə alimlərlə fikir mübadiləsi aparılıb. Elmi tədqiqat müəssisələrində elektron elmin hazırkı vəziyyəti və müasir dövrün tələblərinə cavab verən gələcək fəaliyyətinə dair təkliflər səsləndirilib.

İclasda Türkiyə Cümhuriyyətinin 100 illik yubileyi ilə əlaqədar AMEA-nın Tədbirlər planının icrasına dair humanitar yönümlü elmi müəssisələrə müvafiq tapşırıqlar verilib. Qeyd olunub ki, 2023-ci ilin ikinci yarımilliyində Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu  tərəfindən “Əhməd bəy Ağaoğlu və türk dünyası”, “Türk dünyası: ortaq ədəbi-mədəni dəyərlər, müasir reallıqlar və gələcəyə baxış”, “Məhəmməd Akif Ərsoy və Azərbaycan ədəbi-elmi fikri”, “Müstəqillik dövrü Azərbaycan-Türkiyə ədəbi əlaqələri” adlı beynəlxalq və respublika səviyyəli tədbirlərin keçirilməsi, Mehmet Akif Ersoy mərkəzinin açılışı nəzərdə tutulur. Folklorşünas alimlər tərəfindən “Türk dünyasının ortaq mədəni mirası” mövzusunda II beynəlxalq konfransın təşkilinə ciddi hazırlıqlar görülür (Folklor İnstitutu, Çankırı Universiteti, Hacəttəpə Universiteti, Yusuf Balasaqun Qırğız Milli Universiteti, Qırğızıstan Milli Elmlər Akademiyası).

Həmçinin Nəsimi adına Dilçilik İnstitutunda “Cümhuriyyət dövrü Türkiyədə “dil islahatları” və onun Azərbaycan dilinə təsiri”, Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda “Əlyazma kitabı Azərbaycan və Türkiyə elmi-mədəni əlaqələr kontekstində”, Memarlıq və İncəsənət İnstitutunda “Türkoloji sənətşünaslıq: problemlər və perspektivlər” mövzusunda beynəlxalq elmi konfranslar keçirilməsi planlaşdırılır.

İclasda HEB-in elmi müəssisələrinin vəsatətinə əsasən, Nizami Gəncəvi adına Ədəbiyyat, Nəsimi adına Dilçilik və Memarlıq və İncəsənət İnstitutlarının Elmi şuralarının tərkibində dəyişiklik edilməsi məsələlərinə baxılıb.

HEB-in Elmi şurasında bir sıra kadr məsələləri də müzakirə olunub. Bölmə üzvlərinin səsverməsinə əsasən Memarlıq və İncəsənət İnstitutunun əməkdaşları - sənətşünaslıq elmləri doktoru, professor İradə Köçərli Musiqi folkloru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Aidə Sadıqova Təsviri, dekorativ tətbiqi sənətlər və heraldika şöbəsinin müdiri vəzifəsinə təsdiq edilib. Həmçinin filologiya üzrə fəlsəfə doktoru, dosent  Elçin İsmayılovun Nəsimi adına Dulçilik İnstitutunun Toponimika şöbəsinin müdiri vəzifəsinə təsdiq edilməsi haqqında qərar qəbul olunub.

Elmi şuranın üzvləri və iştirakçılarına görkəmli alimlərin qarşıdan gələn yubileyləri haqqında ətraflı məlumat verilib. Akademik Kamal Talıbzadənin 100 və akademik Teymur Kəriminin 70 illik yubileyinin qeyd olunması ilə əlaqədar AMEA Rəyasət Heyətinə təqdim edilmək üçün hazırlanmış qərar layihələri səsləndirilib. Turan Cavidin anadan olmasının 100 illiyi münasibətilə AMEA Humanitar Elmlər Bölməsi və AR Mədəniyyət Nazirliyinin Hüseyn Cavidin Ev Muzeyinin birgə təşkilatçılığı ilə yubiley tədbirinin keçirilməsi qərara alınıb. Akademik Arif Məlikovun 90 illik yubileyi ilə əlaqədar Memarlıq və İncəsənət İnstitutuna elmi sessiyanın keçirilməsi və görkəmli bəstəkarın həyat və fəaliyyətinin KİV-də işıqlandırılması ilə bağlı müvafiq tapşırıqlar verilib. Həmçinin görkəmli Azərbaycan şairi, ədəbiyyatşünas alim, publisist, tərcüməçi, filologiya elmləri doktoru Qasım Qasımzadənin 100 illiyinin qeyd olunması ilə bağlı ədəbiyyatşünas alimlər tərəfindən həyata keçirilən və nəzərdə tutulan işlərdən bəhs edilib. Qeyd olunub ki, Qasım Qasımzadənin həyat və yaradıcılığı haqqında dövri mətbuatda filologiya elmləri doktoru, professor Rafiq Yusiflinin geniş məqaləsi nəşr edilib. Tanınmış alim Qasım Qasımzadənin 100 illiyi münasibətilə Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda yubiley tədbiri keçiriləcək. Vaxtilə rəhbərlik etdiyi XX əsr (Sovet dövrü) Azərbaycan ədəbiyyatı şöbəsinin əməkdaşları tərəfindən isə “Qasım Qasımzadə: həyatı və yaradıcılığı” monoqrafiyası çapa hazırlanır.

İclasın sonunda akademik Teymur Kərimli qarşıdan gələn Qurban bayramı münasibətilə iclas iştirakçılarını təbrik edərək onlara yeni yaradıcılıq uğurları arzulayıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: