Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

25.06.2023 17:33
  • A-
  • A
  • A+

MEK-də Azərbaycan Silahlı Qüvvələrinin 105 illiyi münasibətilə tədbir keçirilib

MEK-də Azərbaycan Silahlı Qüvvələrinin 105 illiyi münasibətilə tədbir keçirilib

AMEA-nın Mərkəzi Elmi Kitabxanasında 26 iyun – Silahlı Qüvvələr Günü münasibətilə “Azərbaycan Milli Ordusu: dünən, bu gün, sabah” mövzusunda tədbir keçirilib.

Mərkəzi Elmi Kitabxananın, “Şərq” qəzetinin və Azərbaycan Türk Ocaqlarının birgə təşkilatçılığı ilə baş tutan tədbirdə millət vəkilləri, alimlər, şəhid ailə üzvləri, qazilər və mətbuat nümayəndələri iştirak ediblər.

Öncə vətən uğrunda canından keçən bütün şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbiri giriş nitqi ilə MEK-in baş direktoru, professor Məmməd Əliyev açaraq Silahlı Qüvvələr Günü ərəfəsində qonaqları kitabxanada görməkdən məmnun olduğunu bildirib, iştirakçıları bayram münasibətilə təbrik edib. Baş direktor vurğulayıb ki, Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan müasir ordumuz Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə daha da güclənərək 44 günlük müharibədə bütün dünyaya öz gücünü nümayiş etdirməyi bacardı. Diqqətə çatdırılıb ki, Mərkəzi Elmi Kitabxana hər zaman Azərbaycanın bütövlüyü uğrunda savaşmış insanların xatirəsini yaşatmağa diqqət edir: “MEK-in Qarabağ müharibəsi qəhrəmanları fondu yarandığı gündən etibarən bu istiqamətdə çox sayda nəşrlər, tədqiqatlar, dissertasiyalar toplayıb oxucularının istifadəsinə verir”.

Tarixçi, jurnalist, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı çıxış edərək 1918-ci ildə ölkəmizdə fəaliyyət göstərən Azərbaycan Türk Ocağının tarixinə və fəaliyyətinə qısa nəzər salıb. “Azərbaycan Türk Ocağı 1912-ci ildə İstanbulda qurulmaqla Türkiyənin çöküşü prosesinin qarşısını alan Türk ocağının bir növ davamı idi. Öz fəaliyyəti ilə XX əsrin əvvəllərində Azərbaycan-Türkiyə münasibətlərinə, yeni təşəkkül tapan Azərbaycan Xalq Cümhuriyyətinə öz töhfələrini verdi. İyunun 26-sının Milli Ordu Günü kimi qeyd olunmasında Azərbaycan Türk Ocağının çox məxsusi yeri və rolu var. Milli kadrların hazırlanmasında, ideoloji əsaslarla işlərin aparılmasında bu cəmiyyətin çox böyük xidmətləri olub. Çox təəssüf ki, həmin dövrdə bu ocaq da AXC-nin ömrü qədər fəaliyyət göstərə bilib. Türk Ocağının Azərbaycanda 101 il sonra bərpası böyük nailiyyətdir.

Hazırda bu günü böyük şərəflə qeyd edirik. Ali Baş Komandan İlham Əliyevin siyasi iradəsi, güclü Milli Ordumuzun sayəsində torpaqlarımız işğaldan azad olundu, Azərbaycan öz bütövlüyünə qovuşdu. 44 günlük savaşda da biz Türkiyənin dəstəyini görən zaman o illəri xatırladıq ”, - deyə Akif Aşırlı qeyd edib.

Çıxışının sonunda A.Aşırlı Türkiyənin ən qədim, davamlı şəkildə 112 il çıxan jurnallarından olan “Türk yurdu”nun 6 aylıq sayını MEK-ə hədiyyə edib. Qeyd olunub ki, bu jurnalın təqdim edilən buraxılışlarında Azərbaycanın 44 günlük müharibəsinə xüsusi yer ayrılıb.

Millət vəkili Arzu Nağıyev çıxışında müahribədə iştirak etmiş insan kimi orduya yaxından bələd olduğunu fəxrlə vurğulayıb. I Qarabağ müharibəsinin xronologiyasına qısa nəzər salan Arzu Nağıyev 1990-cı illərin əvvəllərində bu sahədə yaranan boşluqlardan danışıb, ordumuzun formalaşmasında Ulu Öndər Heydər Əliyevin misilsiz xidmətlərini qeyd edib.

Tarixçi-alim, dosent Firdovsiyyə Əhmədova çıxışı zamanı Azərbaycan Ordusunun AXC dövründən, yaradılma mərhələlərindən bəhs edib. Alim bu qəbildən olan tədbirlərin kitabxanada keçirilməsinin əhəmiyyətini xüsusi qeyd edərək Milli Ordunun 105 illiyinə həsr olunmuş tədbiri yüksək səviyyədə təşkil etdiyinə görə MEK rəhbərliyinə dərin minnətdarlığını bildirib.

Mətbuat Şurasının sədri Rəşad Məcid öz növbəsində kitabxananın təbliğat vasitəsi kimi əhəmiyyətini vurğulayıb və bu tarixin gənc nəslə, geniş ictimaiyyətə çatdırılmasında tədqiqatçıların rolundan danışıb.

Azərbaycan-Türkiyə İş Adamları Birliyi İdarə Heyətinin sədri Camal Yangın, Vətən müharibəsi qazisi Rəşad Əmənov, şəhid Sübhan Əbdürrəhmanlının anası Mehriban xanım, dosentlər Faiq Ələkbərli və Kamran İsmayılov mövzu ətrafında öz fikirlərini bölüşüblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: