Elm və Təhsil Nazirliyinin akad. M.F.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun Elmi Şurasında institutun cari il üçün yekun hesabatı dinlənilib.
İclası giriş sözü ilə açan institutun baş direktoru, akademik Dilqəm Tağıyev bildirib ki, cari ildə institutun elmi fəaliyyətini qənaətbəxş hesab etmək olar. Bu il fundamental və tətbiqyönlü mühüm elmi nəticələr əldə olunub, həmin nəticələr beynəlxalq bazalarda referatlaşan yüksək impakt faktorlu jurnallarda dərc olunub. Eyni zamanda institutun beynəlxalq elmi əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, ixtisaslı kadrların hazırlanması, elmlə təhsilin inteqrasiyası istiqamətində əhəmiyyətli işlər görülüb.
Sonra institutun yekun hesabatını təqdim etmək üçün AMEA-nın müxbir üzvü institutun icraçı direktoru Məhəmməd Babanlıya söz verilib. O, 2024- cü il üzrə institutda aparılan elmi və elmi-təşkilati işlər barəsində ətraflı məruzə edib. Məruzəçi bildirib ki, cari ildə institutda 3 istiqamət üzrə aparılan elmi-tədqiqat işləri nəticəsində 11 mühüm elmi nəticə əldə edilib, bu ilin 10 ayı ərzində institut əməkdaşlarının 91 məqaləsi Web of Science və Scopus bazalarında indeksləşən jurnallarda dərc olunub. Bunlardan Heliyon, Journal of Physics and Chemistry of Solids, Journal of Vinyl and Additive Technology, Journal of Solid State Chemistry, The Journal of Chemical Thermodynamics, Journal Phase Equilibria Diffusion Q1 və Q2 kateqoriyalarına daxil olan yüksək impakt faktorlu jurnalları göstərmək olar. Həmçinin cari ildə institut əməkdaşları tərəfindən 6 patent alınıb ki, onlardan biri beynəlxalq patentdir. Patent almaq üçün 6 iddia sənədi Əqli Mülkiyyət Agentlyinə təqdim edilərək ilkin ekspertizanın müsbət rəyi alınıb. Cari ildə institutda 1 qrant çərçivəsində tədqiqatlar davam etdirilmiş, 3 layihə isə qrant müsabiqəsinin qalibi olmuşdur. Alim bildirib ki, institut əməkdaşları tərəfindən il ərzində 6 monoqrafiya və 2 kitab nəşr edilmişdir.
Ümumilikdə, 2024-cü ilin 10 ayı ərzində institutda aparılan tədqiqatların nəticəsi olaraq 6 monoqrafiya, 2 kitab, 142 məqalə (63 respublika, 79 xarici jurnallarda, 26 - Web of Science, 65- Scopus, 31 - digər bazalara daxil olan impakt faktorlu jurnallarda), 177 tezis (onlardan 87 xarici ölkələrdə) çap olunmuş, 6 patent alınmış (onlardan biri beynəlxalq patentdir), 6 patentə müsbət rəy verilmişdir, bu günə qədər institut əməkdaşlarının elmi əsərlərinə 1800-dən artıq istinad qeyd olunmuşdur.
Dövri nəşrlər haqqında danışan alim bildirdi ki, institutda 2 elmi jurnal - Azərbaycan Kimya Jurnalı və Kimya problemləri jurnalı institutda 2 elmi jurnal nəşr olunur. Hər iki jurnal Scopus bazasında indekslənir.
İldə 4 nömrə nəşr edilir. Onlarda 2024-cü ildə 90 elmi məqalə dərc olunmuşdur.
Sevindirici haldır ki, bu il hər iki jurnal quartile dərəcəsi almışdır (Azərbaycan Kimya Jurnalı – Q4 quartile dərəcəsi və 0,4 İmpakt Faktor; Kimya problemləri jurnalı - Q4 quartile dərəcəsi və 0,6 İmpakt faktor).
Kadr hazırlığı məsələsinə toxunan alim qeyd edib ki, institutun doktorantura və dissertanturasında 49 nəfər təhsil alır, o cümlədən doktoranturada elmlər doktoru elmi dərəcəsi almaq üçün 9 nəfər (qiyabi), fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün 16 nəfər (əyani) təhsil alır. İnstitutun dissertanturasında elmlər doktoru elmi dərəcəsi almaq üçün 15 nəfər, fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün 9 nəfər dissertasiya işləri üzərində çalışır.
Cari ildə institutun təşkilatçılığı ilə 3 elmi konfrans keçirilmişdir. Bunlardan ikisi “Yaşıl dünya naminə həmrəylik ili” - çərçivəsində təşkil olunub. Üçüncü tədbir isə beynəlxalq səviyyəli olub, dünyanın 16 ölkəsindən olan alimlərin iştirakıyla 7-10 oktyabr tarixlərində Elm və Təhsil Nazirliyi ilə Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun birgə təşkilatçılığı ilə keçirilən “Enerjinin saxlanması və çevrilməsi üçün materiallar üzrə VIII beynəlxalq simpozium” adlı konfransdır. Belə mötəbər tədbirin ölkəmizdə keçirilməsi mühüm hadisədir və qloballaşan dünyada Azərbaycan elminin dünya elminə inteqrasiyası, həmçinin elmimizin dünya elmi ictimaiyyətində nüfuzunun artması istiqamətində əhəmiyyətli təkan verəcək.
Beynəlxalq elmi əlaqələrdən danışan alim bildirdi ki, 2024-cü ildə institutun əməkdaşları xarici ölkələrdə (İspaniya, Almaniya, Belçika, İtaliya, Türkiyə, Rusiya, Gürcüstan) 14 elmi ezamiyyətdə olmuşlar.
Elmlə təhsiliin inteqrasiya məsələlərindən danışan natiq bildirib ki, institutda Bakı Dövlət Universitetinin Ümumi və Qeyri-üzvi kimya və Fiziki və Kolloid Kimya kafedralarının, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Kimya və qeyri-üzvi maddələrin texnologiyası kafedrasının filialları fəaliyyət göstərir. Eyni zamanda il ərzində bir sıra ali təhsil müəssisələrinin bakalavr və magistrləri institutda təcrübə keçmişlər.
Sonra məruzə ətrafında müzakirələr olub, suallar cavablandırılıb, təkliflər söylənilib.
İclasa yekun vuran akademik Dilqəm Tağıyev hesabat barəsində, gələcəkdə görüləcək işlər haqqında tövsiyə və təkliflərini verib. Alim qeyd edib ki, prioritet istiqamətlər üzrə innovativ tədqiqatlara üstünlük verilməli, fundamental tədqiqatlar davam etdirilməli, eyni zamanda ali təhsil müəssisələri ilə birgə elmi-tədqiqat işləri genişləndirilməlidir. Akademik bildirib ki, laboratoriya və şöbə müdirləri 2025-2030 illər üçün elmi-tədqiqat işlərinin planlarını hazırlayarkən qeyd olunanları nəzərə almalıdırlar.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.