Rusiya Federasiyasının Nijni Novqorod şəhərində Gənc Alimlər və Tələbə Elmi Cəmiyyətləri Şuralarının “Müasir dövrün gənci” adlı XI Ümumrusiya Konqresi keçirilib.
Konqresə AR Elm və Təhsil Nazirliyinin Dendrologiya İnstitutunun Ağac-kol bitkilərinin introduksiyası və iqlimləşdirilməsi laboratoriyasının aparıcı elmi işçisi, b.ü.f.d. Elnarə Salahova da qatılıb. Tədbirdə Gənc Alimlər Şuralarının nümayəndələri, Tələbə Elmi Cəmiyyətlərinin nümayəndələri, Rusiya Federasiyası Prezidenti yanında Elm və Təhsil Şurasının Elm və Təhsil Sahəsində Gənclərlə İş üzrə Əlaqələndirmə Şurasının üzvləri və başqaları iştirak ediblər.
2023-cü ildə Rusiya Federasiyasının Gənclər paytaxtının Nijni Novqorod elan olunması ilə əlaqədar olaraq qurultay məhz bu şəhərdə keçirilib. 4 gün davam edən konqresin keçirilməsində əsas məqsəd gənc alimlər icmalarını cəmiyyətin və ölkənin inkişafının ən mühüm problemlərinin həllinə yönəltmək, elmin populyarlaşdırılması, erkən yaşlardan elmə həvəsin artırılması, yeni elmi əməkdaşlıq üçün fəaliyyət planlarının hazırlanması istiqamətində fikirlərin müzakirəsi olub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.