Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

06.08.2026 16:50
  • A-
  • A
  • A+

Bitkilərin quraqlıqdan müdafiə sistemləri müasir laboratoriya üsulları ilə öyrənilir

Bitkilərin quraqlıqdan müdafiə sistemləri müasir laboratoriya üsulları ilə öyrənilir

Bitkilərin quraqlıqdan müdafiə sistemlərinin qiymətləndirilməsi məqsədilə aparılan tədqiqatlarda bitki nümunələrində antioksidant fermentlərin aktivliyi və ümumi zülalın miqdarı müasir laboratoriya avadanlığı vasitəsilə müəyyən edilir. Bu tədqiqatlar bitkilərin quraqlıq stresinə qarşı formalaşdırdığı müdafiə mexanizmlərinin öyrənilməsi və stresədavamlı genotiplərin müəyyənləşdirilməsi baxımından əhəmiyyət daşıyır.

Bu fikirləri müsahibəsində Elm və Təhsil Nazirliyi Molekulyar Biologiya İnstitutunun Bioadaptasiya laboratoriyasının kiçik elmi işçisi Nuranə Paşayeva söyləyib. Onun sözlərinə görə, tədqiqatın ilkin mərhələsində bitki nümunələri maye azotda homogenləşdirilir və daha sonra müvafiq ekstraksiya buferi əlavə olunur. Hazırlanmış nümunələr sentrifuqada aşağı temperatur şəraitində emal edilir. Bu proses nəticəsində alınan supernatant sonrakı biokimyəvi analizlərin aparılması üçün istifadə olunur. Alınmış supernatant əsasında həm ümumi zülalın miqdarı, həm də müxtəlif antioksidant fermentlərin aktivliyi spektrofotometrik üsulla müəyyən edilir. Hər bir antioksidant fermentin aktivliyinin təyin edilməsi üçün onun özünəməxsus reaksiya qarışığı hazırlanır. Bu reaksiyalar müvafiq reagentlərin iştirakı ilə aparılır və hər bir ferment üçün uyğun dalğa uzunluğu seçilərək spektrofotometrdə ölçmə həyata keçirilir. Hazırlanmış reaksiya qarışıqları şüşə küvetlərə yerləşdirilərək spektrofotometrə verilir və fermentlərin aktivliyi müəyyən edilir. Dəqiq nəticələrin əldə olunması üçün hər bir antioksidant fermentin ölçülməsindən əvvəl spektrofotometr müvafiq kontrol, yəni blank nümunə ilə sıfırlanır. Bu zaman həmin ferment üçün hazırlanmış reaksiya qarışığının bütün komponentləri bitki ekstraktı əlavə edilmədən küvetə yerləşdirilir və cihaz bu kontrol nümunəsinə uyğun olaraq sıfırlanır. Daha sonra eyni reaksiya qarışığına bitki ekstraktı əlavə edilərək nümunə ölçülür. Beləliklə, kontrol nümunənin göstəricisi nəzərə alınmaqla, bitki ekstraktında mövcud olan antioksidant fermentlərin aktivliyindən qaynaqlanan dəyişiklik müəyyən edilir. Hər bir ferment üçün reaksiya komponentləri və ölçmə şəraiti fərqli olduğundan, onların aktivliyi də müvafiq dalğa uzunluqlarında qiymətləndirilir. Bu yanaşma müxtəlif antioksidant fermentlərin fəaliyyətinin ayrı-ayrılıqda və daha dəqiq müəyyənləşdirilməsinə imkan verir.

Aparılan tədqiqatlar bitkilərin quraqlıq stresi şəraitində formalaşdırdığı antioksidant müdafiə sistemlərinin öyrənilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Əldə olunan nəticələr bitkilərin stresə davamlılıq mexanizmlərinin müəyyənləşdirilməsinə, quraqlığa davamlı genotiplərin seçilməsinə və gələcək seleksiya işlərinin elmi əsaslarının formalaşdırılmasına imkan yaradır.

AzərTac

  • Paylaş: