Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

14.10.2015 15:44
  • A-
  • A
  • A+

CERN ilə AMEA arasında əməkdaşlıq əlaqələri genişlənir

CERN ilə AMEA arasında əməkdaşlıq əlaqələri genişlənir

Bu gün AMEA Rəyasət Heyətinin iclasında AMEA-nın Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin akademik-katibi, AMEA-nın müxbir üzvü Nazim Məmmədov “CERN-AMEA əməkdaşlığı: inkişaf və perspektivlər” məruzəsini təqdim etdi. Qeyd etdi ki, CERN-lə AMEA-nın elmi əməkdaşlığının daha geniş mərhələyə çıxması 1997-ci ildə ümummilli lider Heydər Əliyevin imzaladığı iki sərəncam əsasında mümkün olmuşdur.

Məruzəçinin sözlərinə görə, CERN 1954-cü ildə 12 üzv ölkə tərəfindən təsis edilmişdir. Bu gün üzv ölkələrin sayı artıq 21-ə çatmışdır. Aprel ayınadək Azərbaycanın CERN-ə assosiativ üzv qəbul edilməsi barədə qərarın imzalanması planlaşdırılır.

N.Məmmədov bildirdi ki, 2008-ci il sentyabrın 10-da Böyük Adron Kollayderinin (BAK) sınaq buraxılışı müvəffəqiyyətlə həyata keçirilmişdir. Yüklü zərrəciklərin qarşılıqlı dəstə sürətləndiricisi olan BAK proton və ağır ionların sürətləndirilməsi üçün Avropa Nüvə Tədqiqatları Mərkəzində hazırlanmış qurğudur.

Hazırda BAK-ın mexaniki və elektron hissələrinin yenilənməsi prosesinin həyata keçirildiyini diqqətə çatdıran məruzəçi 1-ci mərhələnin 2015-2018-ci illərdə, 2-ci mərhələnin isə 2024-cü ilədək yekunlaşdırılmasının nəzərdə tutulduğunu dedi. Vurğuladı ki, bu iki mərhələdə Azərbaycandan müxtəlif sahələrdə çalışan mütəxəssislərin iştirak etməsi tələb olunur. Hazırda Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsi tərəfindən keçirilən müzakirələr nəticəsində namizədlərin CERN-ə təqdim olunması və seçilməsi prosesi icra olunur.

N.Məmmədov bildirdi ki, AMEA-da qurulmuş GRİD sistemi CERN-in GRİD şəbəkəsinin tərkibinə inteqrasiya edilmiş şəkildə fəaliyyət göstərir. Hazırda akademiya ilə əməkdaşlıqda əldə olunmuş nailiyyətlər nəticəsində CERN-lə imzalanmış niyyət protokoluna əsasən, Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdnində DATA Mərkəz yaradılmaqdadır. Onu da əlavə etdi ki, bu Mərkəzdə CERN-dəki təcrübələrdə qeydə alınmış çox böyük həcmli məlumatların işlənilməsi nəzərdə tutulur. Məruzəçi sistemin imkanlarından istifadə olunması üçün yüksək səviyyəli kadrların çatışmazlığı kimi ciddi bir problemin mövcud olduğunu da dilə gətirdi.

CERN-də cox səmərəli tədris infrastrukturunun mövcud olduğunu deyən alim ali məktəb tələbələri üçün yay məktəbləri, orta məktəb müəllimləri üçün ixtisasartırma kursları, orta məktəb şagirdləri üçün tanışlıq ekskursiyalarının təşkil edildiyini, bu baxımdan AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil İdarəsinin bu istiqamətdə məqsədli fəaliyyət göstərməsinə ethiyac olduğunu diqqətə çatdırdı.

Qeyd olunanları nəzərə alaraq, AMEA Rəyasət Heyəti bir sıra qərarlar qəbul etdi. N.Məmmədovun “CERN-AMEA əməkdaşlığı:inkişaf və perspektivlər” məruzəsində qeyd olunan CERN-AMEA əməkdaşlığı yüksək qiymətləndirildi. AMEA alimlərinin CERN-dəki fəaliyyətinin gücləndirilməsi və orada çalışan alimlərin sayının artırılmasına yönəlmiş tədbirlərin əhəmiyyəti qeyd edildi.

AMEA-nın FRTEB-in akademik-katibi, AMEA-nın müxbir üzvü Nazim Məmmədova tapşırıldı ki, CERN-lə bağlı yeni texnika və texnologiyaların mənimsənilməsi və tətbiqini tələb edən sifarişlərin ölkəmizin potensialına uyğun adekvat təhlili və bu sifarişlərin icrasında iştirakına dair təkliflər hazırlanaraq Rəyasət Heyətinə təqdim edilsin.

Qərarın icrasına nəzarət AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyevə həvalə edildi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

  • Paylaş: