Bu günlərdə UNESCO-nun baş direktoru Audrey Azoulayın imzası ilə AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutuna Birləşmiş Millətlər Təhsil, Elm və Mədəniyyət Təşkilatı tərəfindən Xurşidbanu Natəvanın “Gül dəftəri – təsvirli şeirlər albomu” adlı nominasiyanın Dünya Yaddaşı Beynəlxalq Reyestrinə daxil olması haqqında sertifikat təqdim edilib.
Məlum olduğu kimi, 2019-cu ildə UNESCO-nun Dünya Yaddaşı Beynəlxalq Reyestri üzrə Azərbaycan Milli Komitəsinin sədri, Əlyazmalar İnstitutunun baş direktoru, akademik Teymur Kərimli rəhbərlik etdiyi institutun xəzinəsində qorunan Xurşidbanu Natəvanın “Gül dəftəri” təsvirli şeirlər albomunun sözügedən reyestrə salınması üçün vəsatət qaldırmış, Əlyazmalar İnstitutunun Beynəlxalq elmi-mədəni əlaqələr şöbəsinin müdiri, tarix ü.f.d., dosent Nigar Babaxanova 2023-cü ilə qədər davam edən proses nəticəsində Xurşidbanu Natəvanın “Gül dəftəri” təsvirli şeirlər albomunu beynəlxalq komissiya qarşısında təqdim edərək UNESCO-nun Dünya Yaddaşı Beynəlxalq Reyestrinə daxil edilməsi üçün dəfələrlə müzakirələrdə iştirak etmiş və nominasiyanın Beynəlxalq Məşvərət Komitəsi tərəfindən qiymətləndirilməsinə nail olmuşdur. Müvafiq sənədləşmə işlərindən sonra “Gül dəftəri – illüstrasiyalı şeirlər albomu” UNESCO-nun Dünya Yaddaşı Proqramı çərçivəsində Beynəlxalq Məşvərət Komitəsi tərəfindən yoxlanılaraq 88 nominasiya içərisindən seçilmiş və UNESCO-nun Dünya Yaddaşı Reyestrinə müvəffəqiyyətlə daxil edilmişdir.
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Beynəlxalq elmi-mədəni əlaqələr şöbəsinin bu uğurunu əlamətdar hadisə kimi dəyərləndirmiş, Azərbaycan Milli Elmlər Akademiyasının ölkəmizin aidiyyatı qurumları ilə birgə uğurlu fəaliyyətinin nəticəsi hesab edərək, gələcəkdə bu kimi sənədli irsimizin digər nümunələrinin də UNESCO-nun Dünya Yaddaşı Reyestrinə daxil edilməsinin ölkəmizin zəngin mədəniyyətinin beynəlxalq səviyyədə tanıdılmasına töhfə verəcəyini vurğulamışdır.
Xatırladaq ki, bu günə qədər ümumilikdə 5 əlyazma abidəsi: Xurşidbanu Natəvanın “Gül dəftəri – təsvirli şeirlər albomu” ilə yanaşı, 2 sənədli irsimiz – “Tibb və əczaçılığa dair orta əsr əlyazmaları” (2005-ci il) və “Məhəmməd Füzulinin “Divanı”nın əlyazma nüsxəsi” (2017-ci il) də UNESCO-nun Dünya Yaddaşı Reyestrinə daxil edilmişdir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.