Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

11.07.2023 16:45
  • A-
  • A
  • A+

AMEA Rəyasət Heyətində İslam İnkişaf Bankı Qrupunun nümayəndə heyəti ilə görüş keçirilib

AMEA Rəyasət Heyətində İslam İnkişaf Bankı Qrupunun nümayəndə heyəti ilə görüş keçirilib

İyulun 11-də AMEA-nın birinci vitse-prezidenti v.i.e., akademik Arif Həşimov Azərbaycanda səfərdə olan İslam İnkişaf Bankı (İİB) Qrupunun ölkə üzrə əməkdaşlıq çərçivəsinin hazırlanmasına dair missiyası ilə görüşüb.

Akademiyanın Rəyasət Heyətində baş tutan görüşdə AMEA tərəfdən akademik Arif Həşimov və Xarici əlaqələr və beynəlxalq təşkilatlarla iş şöbəsinin müdiri, b.ü.f.d., dosent Esmira Əlirzayeva, İİB tərəfdən isə Əməliyyat Qrupunun rəhbəri Koxorjon Aminov, elm, texnologiya və innovasiya təşəbbüsləri üzrə mütəxəssis Nedal Ali İşaq ElHaşmi, eləcə də İİB-in Azərbaycan üzrə nümayəndəsi Şəhla Məmmədova iştirak ediblər.

Qonaqları salamlayan akademik Arif Həşimov görüşün əhəmiyyətli məsələlərin müzakirəsi baxımından önəmini qeyd edib. Akademik Arif Həşimov Azərbaycanın dünyanın aparıcı maliyyə-kredit qurumlarından biri olan və müsəlman ölkələrini əhatə edən İİB-ə 1992-ci ildə üzv olduğunu xatırladıb. O, İİB-in fərdi müsəlman cəmiyyətlərinin iqtisadi inkişafını və sosial tərəqqisini İslam hüququ əsasında təmin etməkdə böyük rola malik olduğunu vurğulayıb.

Akademik Arif Həşimov AMEA-da son illərdə mühüm elmi istiqamətlər üzrə aparılan tədqiqatlar haqqında qonaqlara məlumat verib, İİB ilə əməkdaşlığın bu tədqiqatların dünyanın nüfuzlu elm və təhsil qurumlarında aparılan araşdırmalarla əlaqələndirilməsi baxımından böyük səmərə verəcəyinə əminliyini bildirib. Akademik Arif Həşimov gələcəkdə yaşıl texnologiyalar, müasir suvarma sistemləri, yaşıl hidrogen və s. istiqamətlərdə birgə icra olunacaq innovativ layihələrlə bağlı təkliflərini səsləndirib.

Sonra çıxış edən Əməliyyat Qrupunun rəhbəri Koxorjon Aminov son zamanlar Azərbaycanın sürətli inkişafının şahidi olduqlarını qeyd edərək, İİB-in bu keçid dövründə Azərbaycana bir çox istiqamətlər üzrə dəstək verdiyini diqqətə çatdırıb. O, həmçinin İİB-in Azərbaycanda həyata keçirdiyi layihələr barədə məlumat verib. 

İİB-in elm, texnologiya və innovasiya təşəbbüsləri üzrə mütəxəssis Nedal Ali İşaq ElHaşmi isə AMEA əməkdaşlarının dünyanın nüfuzlu universitetlərində doktorantura təhsili almalarına dəstək göstərdiklərini xatırladıb, hazırda İİB tərəfindən fundamental tədqiqatlar üzrə individual təqaüdlərin verildiyini diqqətə çatdırıb. O, Akademiya magistrlərinin digər ölkələrdə təhsil və təcrübə keçmələrinə dəstək göstərməyə hazır olduqlarını qeyd edib.

Görüş çərçivəsində AMEA ilə İİB arasında həyata keçirilən əməkdaşlıq, planlaşdırılan birgə layihələr və digər məsələlər ətrafında müzakirələr aparılıb. 

Qonaqlar AMEA-da aparılan tədqiqatların, həyata keçirilən layihələrin onlarda böyük təəssürat yaratdığını bildiriblər. Qrupun nümayəndələri İİB və AMEA arasında müvafiq istiqamətlər üzrə əməkdaşlığın davam etdirilməsində maraqlı olduqlarını ifadə ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: