Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

13.07.2023 15:43
  • A-
  • A
  • A+

Yeniləşən Akademiyada islahatlar uğurla davam etdirilir

Yeniləşən Akademiyada islahatlar uğurla davam etdirilir

Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin növbəti iclası keçirilib.

Tədbirdə AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli, Rəyasət Heyətinin üzvləri, Rəyasət Heyəti aparatının şöbə müdirləri, elmi müəssisə və təşkilatların baş direktorları və aidiyyəti şəxslər iştirak ediblər. Həmçinin AMEA-nın Naxçıvan və Gəncə bölmələrinin sədrləri, eləcə də ilk dəfə olaraq Lənkəran və Şəki Regional Elmi Mərkəzlərinin kollektivləri “Zoom” platforması vasitəsilə iclasa qoşulublar.

İclası giriş sözü ilə akademik İsa Həbibbəyli açaraq tədbirin gündəliyi barədə məlumat verib.

Sonra Əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Qəzənfər Paşayev “Azərbaycanda İraq-Türkman araşdırmaları: yekunlar və vəzifələr” mövzusunda məruzə ilə çıxış edib. Qeyd edib ki, qədim tarixə və zəngin mədəniyyətə malik oğuzları orta əsr müəllifləri türkman adlandırmışlar. Onun sözlərinə görə, “Türkman” etnoniminin etimologiyası ilə məşğul olan alimlərin bir qismi İslamı qəbul edən “türki-man”dan əmələ gəldiklərini, başqa bir qism tədqiqatçılar türkman etnoniminin “türk” və “man” və ya “türkmən” kəlmələrindən yarandığını və “türk adamı” mənasında işləndiyini qeyd etmişlər: “İraqda yaşayan soydaşlarımız həm özlərini, həm də bizi “türkman” adlandırırlar. Günümüzdə Güney və Quzey Azərbaycanda “Türkman” və “Türkman eli” məfhumları işlənmədiyi halda, İraqda yaşayan soydaşlarımız “Türkman” kimliyini saxlayır, yaşadıqları əraziləri isə “Türkman eli”  kimi təqdim edirlər. Azərbaycan dili və Kərkük ləhcəsi ilə tanış olan bütün tədqiqatçılar da kərküklülərin azərbaycanca danışdığını qeyd edirlər”.

Professor Qəzənfər Paşayev Azərbaycan və İraq-Türkmanları arasında ədəbi-mədəni əlaqələrin qurulması sahəsində bir sıra addımların atıldığını, qədim tarixi keçmişə malik Azərbaycan-İraq ədəbi-mədəni əlaqələrinin inkişafında Azərbaycan radiosunun ərəb verilişləri şöbəsinə işə dəvət olunan kərküklü Sinan Səidin xüsusi xidmətləri olduğunu söyləyib. Həmçinin Azərbaycan-İraq ədəbi-mədəni mühiti ilə bağlı özünün müəllifi olduğu 20 kitab və onlarla məqalənin işıq üzü gördüyünü vurğulayıb. Bundan əlavə, AMEA-nın  humanitar və ictimai elmlər sahəsində fəaliyyət göstərən bir sıra alimlərin Azərbaycan-İraq ədəbi-mədəni əlaqələrinə öz elmi əsərləri ilə mühüm töhfə verdiklərini deyib. İraq türkmanları ilə bağlı ilk dəfə bu səviyyədə müzakirələrin aparılmasını yüksək qiymətləndirən və minnətdarlığını bildirən professor Qəzənfər Paşayev bu istiqamətdə bir sıra təkliflərini səsləndirib.

Sonra iclasda mövzu ilə əlaqədar müzakirələr aparılıb.

Müzakirələrdə akademiklər Rasim Əliquliyev, Gövhər Baxşəliyeva, İradə Hüseynova, filologiya elmləri doktoru Əfzələddin Əsgər və başqaları çıxış edərək fikirlərini səsləndiriblər.

Akademik İsa Həbibbəyli bildirib ki, professor Qəzənfər Paşayev uzun illərdir İraqda yaşayan türkmanlarla bağlı ciddi tədqiqatlar aparır, İraq türkmanlarının folklorunu, ədəbiyyatını, dialektologiyasını öyrənir və o, ölkəmizdə kərkükşünaslıq üzrə ən önəmli araşdırmaçılardan biridir.

Son illərdə Prezident İlham Əliyevin tapşırığı və səyləri nəticəsində Azərbaycanın türk dövlətləri ilə əlaqələrinin genişləndiyini, Azərbaycan və Türkiyənin səyləri ilə Türk Dövlətləri Təşkilatının yarandığını deyən akademik İsa Həbibbəyli vurğulayıb ki, ölkəmizin qarşılıqlı əməkdaşlığının hədəfləndiyi türk xalqlarından biri də İraq türkmanlarıdır.

Akademik İsa Həbibbəyli qeyd edib ki, İraqda yaşayan türkmanlarla elmi əlaqələrin qurulması Akademiyanın yaxın perspektivdə qarşısında duran hədəflərdəndir və AMEA bu istiqamətdə üzərinə düşən vəzifələri məsuliyyətlə və layiqincə yerinə yetirəcəkdir.

Daha sonra iclasda İraq-Türkman ədəbi-mədəni mühitinin, tarixinin, dilinin, etnoqrafiyasının və folklorunun daha geniş şəkildə öyrənilməsi və sistemləşdirilməsi məqsədilə AMEA Rəyasət Heyətinin qərarı ilə yeni yaradılan İraq-Türkman Araşdırmaları üzrə Əlaqələndirmə Şurasının tərkibi təsdiqlənib. Şuranın sədrliyinə akademik Teymur Kərimli, sədr müavinliyinə professor Qəzənfər Paşayev, üzvlüyünə isə tanınmış türkoloq alimlər təsdiq olunublar.

Professor Qəzənfər Paşayevin məruzəsində irəli sürülən təkliflərin İraq-Türkman Araşdırmaları üzrə Əlaqələndirmə Şurasının iş planında nəzərə alınmasına qərar verilib. Eyni zamanda, İraq-Türkman gənclərinin doktorantura təhsili almaları üçün münasib şərait yaradılacağı nəzərə çatdırılıb.

İclasda müzakirəyə çıxarılan növbəti məsələ Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar AMEA-nın nəşrləri  haqqında olub.

Akademik İsa Həbibbəyli bildirib ki, “Heydər Əliyev İli” çərçivəsində Ulu Öndərin həyat və fəaliyyətinin, zəngin siyasi irsinin öyrənilməsi və təbliği məqsədilə AMEA Rəyasət Heyətinin təşkilatçılığı ilə bir sıra əsərlər nəşr olunub. Əsasən AMEA-nın Humanitar və İctimai Elmlər bölmələrində, eləcə də Akademiyanın tabeliyində olan və əhatə etdiyi digər müəssisələrdə 30 kitabın çapdan çıxdığını, bir neçə əsərin çap ərəfəsində olduğunu, ilin sonunadək daha bir sıra kitabların nəşr olunacağını deyib. “Heydər Əliyev İli”ndə çap olunan kitabların fundamental elmi tədqiqatlardan ibarət olduğu diqqətə çatdırılıb.

Sonra AMEA Rəyasət Heyəti aparatının elmi katibi, filologiya elmləri doktoru Sərxan Xavəri “Heydər Əliyev İli” çərçivəsində çap olunan kitabların siyahısını təqdim edib.

İclasda AMEA rəhbəri tərəfindən Rəyasət Heyətinin üzvlərinə, elmi bölmələrə, elmi müəssisə və təşkilatlara nəşri nəzərdə tutulan materialların vaxtında hazırlanması və çapı istiqamətində lazımi tədbirlərin həyata keçirilməsi istiqamətində işlərin davam etdirilməsi tapşırılıb.

Daha sonra 2023-cü ilin sentyabr ayında AMEA-nın Ümumi yığıncağının keçirilməsi haqqında məsələ müzakirə edilib. AMEA-nın ali idarəetmə orqanı olan Ümumi yığıncağın iclasında Akademiyada hazırda aparılan və gələcəkdə nəzərdə tutulan islahatların müzakirə ediləcəyi nəzərdə tutulur.

Daha sonra AMEA-nın dünyada ən mötəbər elm təşkilatı olan Beynəlxalq Elmi Şuraya tam hüquqlu üzv qəbul edilməsi haqqında məsələyə baxılıb.

Akademik İsa Həbibbəyli qeyd edib ki, dünyanın inkişaf etmiş ölkələrinin elmi mərkəzləri və ali təhsil müəssisələri, o cümlədən nüfuzlu beynəlxalq elmi təşkilatları ilə qarşılıqlı əməkdaşlıq əlaqələrinin gücləndirilməsi, Azərbaycan elminin nailiyyətlərinin beynəlxalq miqyasda təbliği hazırda Azərbaycan Milli Elmlər Akademiyasındakı islahatların mühüm istiqamətlərindən birini təşkil edir. Diqqətə çatdırıb ki, ötən ilin sonlarından aparılan məqsədyönlü fəaliyyət sayəsində artıq AMEA Asiya Elmlər Akademiyaları və Cəmiyyətləri Assosiasiyasına (AASSA), Avrasiya Universitetlər Birliyinə (EURAS) üzvlüyə qəbul edilib.

AMEA rəhbəri bu tədbirlərin davamı olaraq, bu günlərdə Akademiyanın nüfuzlu Beynəlxalq Elmi Şuraya (İSC) tam hüquqlu üzv qəbul olunduğunu vurğulayıb.

Akademik İsa Həbibbəyli qeyd edib ki, Beynəlxalq Elmi Şura (İSC) təbiət və sosial elmlərə aid birlik və assosiasiyalar, akademiyalar və tədqiqat şuraları kimi milli və regional elmi şuralar da daxil olmaqla, 250-dən çox elmi təşkilatı öz tərkibində birləşdirən dünyada tanınan nüfuzlu bir qurumdur.

Şuranın prezidenti Peter Gulicmanın 4 iyul 2023-cü il tarixində AMEA-nın rəhbərliyinə məktubla müraciət edərək Akademiyanın İSC-nin tam hüquqlu üzvlüyünə qəbul edilməsi barədə məlumat verdiyini deyən akademik İsa Həbibbəyli diqqətə çatdırıb ki, qurumun Əsasnaməsinə uyğun olaraq AMEA qarşıdan gələn bütün səsvermə prosedurlarında tam hüquqla iştirak etmək statusuna malikdir. Məktubda Beynəlxalq Elmi Şuranın işində və fəaliyyətində iştiraka görə İdarə Heyəti adından Azərbaycan Milli Elmlər Akademiyasına səmimi təşəkkür edilmiş, əməkdaşlıq əlaqələrinin bundan sonra daha da genişlənəcəyinə inam  ifadə edilmişdir. 

Akademik İsa Həbibbəyli həmçinin AMEA-nın Beynəlxalq Dünya Elmlər Akademiyasına üzvlüyü ilə bağlı məsələnin də yekunlaşmaq üzrə olduğunu söyləyib. Qeyd edib ki, AMEA sözügedən təşkilatlara üzv olmaqla ölkəmizin mənafelərini beynəlxalq elmi müstəvidə qoruyur və dünya elm məkanında qərarların qəbulunda birbaşa iştirak etmiş olur. Daha sonra AMEA-nın Rəyasət Heyəti tərəfindən Akademiyanın elmi müəssisə və təşkilatlarına İSC ilə əməkdaşlıq çərçivəsində müvafiq elmi və elmi-təşkilati fəaliyyət istiqamətlərinə uyğun tədbirlərin həyata keçirilməsi tapşırılıb.

Akademik İsa Həbibbəyli, həmçinin iclasda Bolqarıstan Respublikasına səfəri barədə də məlumat verib. AMEA ilə Bolqarıstan Elmlər Akademiyası arasında elmi əməkdaşlıq müqaviləsinin imzalandığını, tərəflər arasında süni intellekt, elektron xidmətlər, seysmologiya, antropologiya, etnologiya, arxeologiya, ədəbi-mədəni əlaqələr, satira və yumor və s. kimi istiqamətləri əhatə edən müştərək layihələrin həyata keçirilməsinin qərara alındığını söyləyib.

Səfər zamanı, o cümlədən Müqəddəs Kliment Oxridski adına Sofiya Universitetinin Azərbaycan Dili və Mədəniyyəti Mərkəzində, Bolqarıstan Elmlər Akademiyasının Milli Arxeologiya İnstitutunun Arxeologiya Muzeyində, Etnologiya və Folklor İnstitutunda, Tətbiqi Morfologiya, Patologiya və Antropologiya İnstitutunun nəzdində fəaliyyət göstərən Milli Antropologiya Muzeyində, eləcə də Ədəbiyyat İnstitutunda keçirilən görüşlər zamanı müzakirə olunan məsələləri diqqətə çatdırıb. Akademiya əməkdaşlarının müvafiq sahələr üzrə Bolqarıstan Elmlər Akademiyasının aidiyyatı institutlarının təcrübəsini öyrənmək üçün bu ölkəyə ezam olunacaqlarını bildirib.

Rəyasət Heyəti tərəfindən akademik İsa Həbibbəylinin Bolqarıstan Elmlər Akademiyasına səfəri çərçivəsində imzalanan əməkdaşlıq müqaviləsi və keçirilən görüşlər yüksək dəyərləndirilib, aidiyyatı institutlara müvafiq tapşırıqlar verilib.

Bundan  əlavə, iclasda Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin yaradılmasının 100 illik yubileyi ilə əlaqədar AMEA-nın Tədbirlər planı təsdiqlənib. Bu məqsədlə AMEA-da respublika səviyyəsində ölkəmizin digər elmi qurumları və ali məktəblərindən əməkdaşların iştirakı ilə elmi konfransın keçirilməsi və elmi tədqiqat müəssisələrində müvafiq tədbirlərin icra edilməsi nəzərə çatdırılıb.

Rəyasət Heyətinin iclasında bu ilin sentyabr ayında Nobel mükafatına həsr olunmuş “Nobel mükafatına aparan yolun dərsləri: mif, ziddiyyətlər, uğurlar və perspektivlər” mövzusunda elmi konfransın keçirilməsi qərara alınıb. Diqqətə çatdırılıb ki, bu konfransı keçirməkdə əsas məqsəd ölkəmizdə elmi tədqiqatların Nobel mükafatının yüksək reytinqlərinə doğru istiqamətləndirməkdən, Azərbaycan alimlərinin beynəlxalq layihə, qrant və mükafatlara dair müsabiqələrdə daha fəal iştirakını təşviq etməkdən ibarətdir.

Həmçinin AMEA-nın elmi müəssisə və təşkilatlarının yeniləşdirilmiş strukturunun və əməkdaşlarının say həddinin təsdiq edilməsi haqqında qərar qəbul edilib.

Sonra mövcud daxili imkanlar hesabına, əlavə maliyyə vəsaiti tələb olunmadan, müasir çağırışlara uyğun olaraq AMEA-nın bir sıra elmi müəssisələrində struktur dəyişiklikləri aparıldığı barədə məlumat verilib. AMEA-nın Şəki Regional Elmi Mərkəzinin strukturunda mövcud şöbələrin bazasında Tarix, Arxeologiya və Epiqrafika, habelə Ədəbi-mədəni mühit, folklor və etnoqrafiya şöbələrinin yaradılması məqsədəuyğun hesab edilib. Eyni zamanda, AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunda Ümumi tarix şöbəsinin bazasında Dünya tarixi şöbəsinin yaradılması, AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun Çöl tədqiqatları sektorunun bazasında Çöl tədqiqatlarının monitorinqi və qiymətləndirilməsi şöbəsinin yaradılması qərara alınıb. AMEA-nın Folklor, Əlyazmalar, Tarix, Arxeologiya, Etnoqrafiya və Antropologiya, Fəlsəfə və Sosiologiya, Dilçilik, eləcə də Memarlıq və İncəsənət institutlarında daxili imkanlar hesabına Elektron xidmətlər şöbəsinin yaradılması haqqında qərarlar qəbul olunub. O cümlədən Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda Elmi biblioqrafik informasiya təminatı və oxuculara xidmət şöbəsinin ləğv edilməsi və bu qurumun bazasında Elmi xidmət şöbəsinin yaradılması, eləcə də Əlyazmalar İnstitutunda və Arxeologiya, Etnoqrafiya və Antropologiya institutlarında daxili imkanlar hesabına Kitabxananın yaradılması haqqında qərar verilib.

Eyni zamanda akademik Kamal  Talıbzadənin 100 illik, akademik Arif Məlikovun 90 illik və akademik Teymur  Kərimlinin 70 illik yubileyinin keçirilməsi, AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun şöbə müdiri Elnur Mustafayevin Türkiyəyə göndərilməsi və Tarix İnstitutunun elmlər doktoru hazırlığı üzrə 1-ci kurs dissertantı tarix üzrə fəlsəfə doktoru Bayram Quliyevin öz xahişi əsasında dissertantura təhsilinə xitam verilməsi qərara alınıb.

Həmçinin AMEA-nın elmi nəşrlərinə DOİ identifikatorunun verilməsi haqqında məsələ də müzakirə olunub. Akademik İsa Həbibbəyli bildirib ki, bundan sonra AMEA-nın tabeliyində olan müəssisələrin və elmi bölmələrinin jurnallarına AMEA Rəyasət Heyətinin “Elektron Akademiya” şöbəsi tərəfindən mərkəzləşmiş qaydada DOİ identifikatoru veriləcək. Akademik diqqətə çatdırıb ki, bu istiqamətdə sözügedən şöbə tərəfindən “doi.science.gov.az” veb səhifəsi hazırlanıb və görülən işlər AMEA-da son aylarda həyata keçirilən mühüm elektron xidmətlərdən biridir.

İclasda qeyd olunan məsələlər ətrafında akademiklər – Arif Həşimov, Rasim Əliquliyev, İradə Hüseynova, Gövhər Baxşəliyeva, İsmayıl Hacıyev, Fuad Əliyev, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Yusif Şükürlü, tarix elmləri doktoru Zemfira Hacıyeva və başqaları çıxış edərək fikir və təkliflərini səsləndiriblər.

Sonda çıxış edən akademik İsa Həbibbəyli AMEA-nın tarixi ənənələri olduğunu, Azərbaycan elminin böyük məktəblər yaratdığını deyib və bu ənənələri qoruyub gücləndirməklə ölkə başçısının tələblərini və müasir dövrün çağırışlarını əsas götürərək yeniləşən Akademiya uğrunda islahatların bundan sonra da davam etdiriləcəyini söyləyib və iclasa yekun vurub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: